Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2850/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2023-cü tarixli, e-2(004)-650/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli, 1xx/xx/135011/15 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB QSC Cavabdeh 12 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 10000 manat məbləğdə kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birliktə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. 19 oktyabr 2022-ci il tarixli, **********092 nömrəli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,6 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları məbləğində borcu yaranmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(001)- 8856/2019 nömrəli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(001)- 6961/2022 nömrəli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. Ləğv prosesində olan "xxxx" KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli, 1xx/xx/135011/15 nömrəli kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları borc və 225,68 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında 19 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları borcu qalmışdır. Bank tərəfindən 2019-cu ildə həmin iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, e-2(001)-8856/2019 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmasına əsas 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı müəyyən edilmiş güzəştli və məhkəmədən kənar həlli qaydaların müəyyən edilməsi olmuşdur. Həmin qərardadda həmçinin qeyd olunmuşdur ki, zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalı və sərf edilmiş müddət bank olaraq onların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Lakin, cavabdeh bu müddət ərzində Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət etməmiş və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Faiz borcu müqavilə müddətinə hesablanmışdır. Gecikmə faizi müqavilə şərtləri çərçivəsindədir. Eyni tələblə 03 noyabr 2022-ci il tarixdə yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin qeydiyyat ünvanı dəyişdiyindən və aidiyyət qaydası pozulduğundan 05 noyabr 2022-ci il tarixli, e-2(001)-6961/2022 nömrəli qərardada əsasən iddia ərizəsi geri qaytarılmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(004)- 650/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə 19 noyabr 2015-ci ildə bağlanmış, müqavilə müddəti 12 ay 19 noyabr 2016-cı ildə bitmişdir. İddiaçı 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 384-cü maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019- cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baş tutan məhkəmə iclasında Cavabdeh iştirak etmiş, bankın nümayəndəsi tərəfindən restruktrizasiya müqaviləsi üçün Banka yaxınlaşması təklif olunmuş, lakin cavabdeh tərəfindən restruktrizasiya müqaviləsinin bağlanması üçün heç bir hərəkət həyata keçirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələrimiz həmin dövr ərzindətəqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq 03 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyəti üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 08 dekabr 2022-ci il tarixdə müraciət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərardadında fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tədbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəfimizdən məhkəməyə ancaq 03 noyabr 2022-ci il tarixdə yenidən müraciət edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 19 noyabr 2015-ci il tarixli 1xx/xx/135011/15 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də müqavilə üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Cavabdeh ilə bağlanılan 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. İddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Cavabdeh apelyasiya şikayəti ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşdə olan mötəbər sübutların məcmusu ilə (kredit müqaviləsi, maliyyə arayışı) təsdiq olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh 10000 ABŞ dolları məbləğdə kredit verilmiş, həmin müqavilə üzrə ödənilməmiş 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,6 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları məbləğdə borcu qalmışdır.
20. Göstərilən xüsusatlarla təsdiq olunur ki, QSC "xxxx" KB hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir.
21. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən məhkəmə kollegiyası bu istiqamətdə işin hallarını qiymətləndirir.
22. İşin hallarından müəyyən edilir ki, 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 12 ay müəyyən edilmişdir, yəni, bu müddət 19 noyabr 2016-cı il tarixdə başa çatmışdır. Müqavilə münasibətləri üzrə 3 illik iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.
23. İddiaçı 20 noyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.
24. İddiaçı iddia müddətinin tərəflərindən ötürülmədiyinin dəlili kimi, fərmanın tətbiqi prosedurlarının gec yekunlaşmasını, onların da bu prosedurların tam yekunlaşmasını gözləmələrini göstərir. Lakin, bu dəlillə bağlı qeyd edilməlidir ki, sözügedən fərmanla bağlı prosedurların yekunlaşması üçün son müddət 31 dekabr 2019-cu il tarix müəyyən edilmişdir. Qanunun mənasına görə artıq bu tarixdən sonra iddia müddətinin axımı davam etməli idi. Cavabdehin banka resturkturizasiya ilə bağlı müraciət etməməsi də iddia müddətinin ötürülməməsinin dəlili kimi qəbul edilə bilməz.
25. İddiaçı ilk dəfə 2019-cu ilin noyabr ayında məhkəməyə öhdəliklərin icra müddəti başa çatdıqdan 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, e-2(001)-8856/2019 saylı qərardadına əsasən baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinin məzmununa əsasən iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etməli idi. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti 31 dekabr 2019-cu il tarixdə başa çatsa da, iddiaçı tərəfindən məhkəməyə 09 dekabr 2022-ci il tarixdə müraciət olunmuşdur. Belə olduğu təqdirdə isə müddətin ötürülməsi aşkardır.
26. Şikayətin digər dəlili Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadında fərmanın tətbiqi ilə bağlı ağlabatan müddətin müəyyən edilmədiyi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmənin ümumiyyətlə belə bir müddət təyin etmək səlahiyyəti olmamışdır.
27. Şikayətin müqavilə üzrə iddia müddətinin axımının tərəflərin öhdəliklərinin tam həcmdə yerinə yetirdikdən sonra başlanmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ümumiyyətlə əgər öhdəlik tam icra edilirsə, deməli məhkəmə mübahisəsi də mövcud olmur, dolayısı ilə hər hansı iddia müddətinin axımının başlanması istisna olunur.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(004)- 650/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(004)- 650/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev