Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2850/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-653/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən şəxsi təsərrüfatında olan bir baş yanı balalı camışı elektrik cərəyanı vurması nəticəsində iddiaçıya vurduğu maddi ziyana görə 2000 manat və ödədiyi dövlət rüsumuna görə 40 manat, bütövlükdə 2040 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Kürdəmir rayonunun Qarasu kəndində yaşayır və aləsini şəxsi təsərrüfatında saxladığı iri və xırda buynuzlu heyvanlardan əldə etdiyi gəlir hesabına saxlayır. 30 avqust 2023-cü il tarixdə şəxsi təsərrüfatında olan bir baş yanı balalı, 200 kq çəkidə camış heyvanı küçədə qırılıb yerə düşmüş və nəzarətsiz qalan elektrik xəttinə toxunub və elektrik cərəyanı vurmasından ölüb. İddiaçı camışının elektrik cərəyanı vurması nəticəsində öləndən sonra Qarasu kəndində fərdi qaydada fəaliyyət göstərən baytar həkimi Süleyman Ələsgərova və kənd bələdiyyəsinin sədri Ömər Abışova müraciət etdi və bələdiyyə sədri ilə baytar həkimi camışın öldüyü yerə gəlib həqiqətən də ona məxsus yanı balalı bir baş camışın elektrik cərəyanı vurması nəticəsində öldüyünü görmüşlər. İddiaçı bələdiyyə sədri Ömər Abışov və baytar həkimi Süleyman Ələsgərovun iştirakı ilə elektrik cərəyanı vurması nəticəsində ölmüş camış heyvanının kəsilmiş-yanmış yaradan camışın şəklini çəkdi. Baytar həkimi Süleyman Ələsgərov həmin gün camışın cəsədini yarıb müayinə etdi və camışın heç bir xəstəliyi olmadığı halda elektrik cərəyanı vurma nəticəsində öldüyünü müəyyən etdi və bu barədə camışın cəsədinin yarılmasında iştirak edən şəxslərin iştirakı ilə yarma protokolu tərtib etdi və protokolu iştirakçıların hamısı imzalayandan sonra S.Ələsgərov protokolu möhürlə təsdiq etdi. Bir baş yanı balalı camış heyvanını elektrik cərəyanı vurub öldürməsi nəticəsində əmlakından məhum olmaqla ona 2000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin camış yanı balalı olmaqla orta köklükdə olmaqla təxminən 200 kq diri çəkisi olmaqla 125 kq təmiz əti olmaqla körpə balası olmuş və bala da bir neçə gündən sonra aclıqdan ölmüşdür. İddiaçı dəyən ziyanın ödənilməsi ilə bağlı cavabdeh təşkilatın Kürdəmir rayon şöbəsinə müraciət etdi. Orada ona ziyanı ödəyəcəklərini bildirsələr də, sonradan verdikləri sözə əməl etmədilər. Bundan sonra iddiaçı hadisə ilə bağlı Kürdəmir rayon Polis şöbəsinə müraciət etdi və polis şöbəsində müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməyini izah etdilər. Cavabdeh "xxxx" ASC-nin nəzarətçilərinin səhlənkarlığı nəticəsində bir baş yanı balalı camışının ölməsinə görə ailəsinin yeganə dolaşıq mənbəyi olan real gəlirin məhrum olmuşdur.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-653/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi öz qətnaməsində iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Göstərilənlərə əsasən qətamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. xx.xx.2023-cü il tarixli Yarma Protokolundan görünür ki, həmin tarixdə İddiaçı məxsus camış növlü heyvan elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
9. 31.08.2023-cü il tarixli Aktdan görünür ki, Kürdəmir rayon Qarasu kənd sakini Abuşov Vəkilxan Misir oğluna məxsus olan 1 baş camış doğurdan da tələf olmuşdur.
10. Kürdəmir Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin (mal bazarı) rəhbərliyi cavab olaraq bildirmişdir ki, hazırda bazarda 1 baş ana camışın orta satış qiyməti 2000 manat təşkil edir.
11. Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayrou X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
12. Aran RETSİ nin rəisi tərəfindən verilən xidməti məlumatdan görünür ki, sorğuda qeyd edilən ərazi 110/35/10 kv-luq “Kürdəmir” yarımstansiyasından çıxan 10 kv-luq “Cəfər Cabbarlı” hava xəttindən qidalanan, kod nömrəsi ******* olan 100 kva transformatordan elektrik enerjisi ilə təmin olunur. 10 kv-luq “Cəfər Cabbarlı” hava xətti, kod nömrəsi ******* olan 100 kva transformator və transformatordan çıxan 0,4 kvluq hava xətti X2 balansındadır. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Ddelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərərvurandan tələb etməkdə haqlı omuşdur.
18. Cavabdeh isə şikayətində bildirmişdir ki, rayon məhkəməsi öz qətnaməsində iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir.
19. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
20. Mülki işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı məxsus bir baş camış Kürdəmir rayonunun Qarasu kəndi ərazisində xx.xx.2023-cü il tarixdə elektrik cərəyanın vurması nəticəsində tələf olmuş, buna səbəb olmuş elektrik naqilləri isə "xxxx" ASC-yə məxsus olmuşdur. Həmin naqillərin qırılıb yerə düşməsi və nəzarətsiz qalması nəticəsində iddiaçıya məxsus bir baş camış tələf olmuşdur.
21. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iddiaçıya məxsus bir baş camışın elektrik cərəyanının vurması nəticəsində tələf olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmişdir.
22. Beləliklə zərərin mövcud olması, cavabdehin yüksək təhlükə mənbəyi ilə bağlı risklərin qarşısının alınması üçün zəruri olan tədbirləri görməməklə hərəkətsizlik etməsinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, yüksək gərginlikli elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının təhlükəsizliyini və həmin zonaya kənar müdaxilələrin məhdudlaşdırılmasını təmin etmədiyindən birinci instansiya məhkəməsi iddiaçıya dəymiş zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli olması nəticəsinə haqlı olaraq gəlmişdir.
24. Beləliklə də aparılmış araşdırmalarla müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayəti təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Nəticə:
25. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi hissədə iddianın qiyməti 2000 manat təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-653/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.