Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2850/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın səlahiyyətli nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 27.257,33 manat, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.407,17 manat, kredit borcunun vaxtında qaytarılması öhdəliyin pozulmasına görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 541,32 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,62 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin”, habelə “Tariflər və valyuta məzənnəsi” ilə tanış olmuş, xx.xx.2023-cü il tarixdə həmin saytda yerləşdirlmiş ərizə nümunəsini (№ 009A**********) dolduraraq kredit almaq üçün Banka müraciət etmiş və ona aylıq 1,625 faiz dərəcəsi ilə 48 ay müddətində aybaay və hissəhissə qaytarmaq şərti ilə 29.800 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank tərəfindən onun müraciətinə baxılmış, müraciəti müsbət həll edilmiş və ona həmin şərtlər ilə kredit verilmişdir. Cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, kredit borcunun az bir hissəsini Banka qaytarmış, qalan borcu qaytarmamışdır. Öhdəliyin gecikdirilməsi 142 gün təşkil edir. xx.xx.2024-cü il tarixə cavabdehin Banka olan borcu aşağıdakı məbləğdə olmuşdur: əsas kredit borcu 27.257,33 manat, kredit borcuna hesablanmış faiz borcu 2.407,17 manat. Cavabdeh, “Kredit razılaşması” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyi üçün, Bank, onunla cavabdeh arasında bağlanmış razılaşmanın 7.20-ci maddəsinin şərtinə uyğun olaraq cavabdehə hər gecikdirilən gün üçün kredit qalığının 0,1% olmaqla cəmi 541,32 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank, qeyd edilən borc məbləğlərinin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, Banka olan borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 180,62 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh bildirmişdir ki, o, Bankın iddiasının əsas kredit borcuna aid hissəsi ilə razıdır, lakin iddianın faizlərin və dəbbənin ödənilməsi hissəsi ilə razı deyil, çünki onun maddi vəziyyəti onsuzda ağırdır. Buna görə də, o, iddianın faiz və dəbbə borcunun ödənilməsi hissəsinin rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06 mart 2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, kredit müqaviləsi şərtlərini pozmuş, kredit borcunun az bir hissəsini Banka qaytarmış, qalan borcu qaytarmamışdır. Öhdəliyin gecikdirilməsi 142 gün təşkil edir. Bankın təqdim etdiyi hesablamadan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı Banka 27.257,33 manat məbləğində əsas kredit borcu və 2.407,17 manat məbləğində kredit borcuna hesablanmış faiz borcu var. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Bank, cavabdehin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyi üçün həmin müqavilənin şərtinə uyğun olaraq cavabdehə hər gecikdirilən gün üçün kredit qalığının 0,1% olmaqla cəmi 541,32 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Cavabdeh, iddianın “əsas kredit borcunun ödənilməsi barədə hissəsi” ilə razıdır və bu tələbi etiraf etdir. İddianın “əsas kredit borcunun ödənilməsi barədə hissəsinin” əsaslı olması Bankın təqdim etdiyi sübutlar ilə təsdiq olunduğundan və cavabdeh bu hissədə iddia tələbini etiraf etdiyi üçün bu tələb təmin edilməlidir. Cavabdeh, iddianın “faiz və dəbbə borcunun ödənilməsi barədə hissəsi” ilə razı deyil. O, bu tələbin rədd edilməsini xahiş edir və bunu maddi vəziyyətinin ağır alması ilə əsaslandırır. Lakin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi cavabdehin göstərdiyi dəlilin iddianın “faiz və dəbbə borcunun ödənilməsi barədə hissəsinin” rədd edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Odur ki, bu hal və iddianın “faiz və dəbbə borcunun ödənilməsi barədə hissəsinin” əsaslı olması Bankın təqdim etdiyi sübutlar ilə təsdiq olunduğundan bu tələb də təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın “faiz və dəbbə borcunun ödənilməsi barədə hissəsinin” təmin edilməsi hissəsində ləğv edilməsini, faiz borcunun yenidən hesablanmasını, dəbbə borcunun tutulması hissəsində isə iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, 2024-cü ilin may ayında Qazaxıstan Respublikasının Almatı şəhərinə getmiş, 2024-cü ilin noyabr ayında qayıtmaq istədikdə isə qeydiyyat sənədi ilə bağlı problem yaranmış və o, qayıda bilməmişdir. Bakıya qayıtdıqdan sonra isə iş tapa bilməmiş və bu səbəbdən Banka borcu yaranmışdır. Göründüyü kimi ölkəyə qayıda bilmədiyindən ödənişləri edə bilməmiş və bu səbəbdən ona əsassız olaraq faiz borcu və dəbbə pulu hesablanmışdır. Halbuki Rayon Məhkəməsi bu halı fors-major hal kimi qəbul edə bilərdi. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin məzmununa uyğun izahat vermişdir. O eyni zamanda Məhkəmədən xahiş etmişdir ki, iddiaçı Bankın ondan tutulmasını tələb etdiyi faiz borcunun məbləğinin yenidən hesablanması üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilsin.
9. İddiaçı Bank apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi tam təmin olunsa da, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni qismən, yəni faiz borcunun və cərimənin tutulması hissəsində mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini mübahisələndirməmişdir.
12. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə cavabdeh iddiaçı Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin”, habelə “Tariflər və valyuta məzənnəsi” ilə tanış olmuş, xx.xx.2023-cü il tarixdə həmin saytda yerləşdirlmiş ərizə nümunəsini (№ 009A**********) dolduraraq kredit almaq üçün Banka müraciət etmiş və ona aylıq 1,625 faiz dərəcəsi ilə 48 ay müddətində aybaay və hissə-hissə qaytarmaq şərti ilə 29.800 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank tərəfindən onun müraciətinə baxılmış, müraciəti müsbət həll edilmiş və ona həmin şərtlər ilə kredit verilmişdir. Cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, kredit borcunun az bir hissəsini Banka qaytarmış, qalan borcu qaytarmamışdır. Öhdəliyin gecikdirilməsi 142 gün təşkil edir.
15. Bankın təqdim etdiyi hesablamadan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı Banka 27.257,33 manat məbləğində əsas kredit borcu və 2.407,17 manat məbləğində kredit borcuna hesablanmış faiz borcu var. Bank, cavabdehin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyi üçün həmin müqavilənin şərtinə uyğun olaraq cavabdehə hər gecikdirilən gün üçün kredit qalığının 0,1% olmaqla cəmi 541,32 manat məbləğində cərimə (dəbbə) hesablamışdır.
16. İş üzrə tərəflər arasında mübahisə doğuran və apellyasiya baxışının predmetini təşkil edən məsələ də, Bank tərəfindən cavabdehə hesablanmış 2.407,17 manat məbləğində faiz borcu və 541,32 manat məbləğində cərimə (dəbbə) borcu ilə bağlıdır.
17. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, 2024-cü ilin may ayında Qazaxıstan Respublikasının Almatı şəhərinə getmiş, 2024-cü ilin noyabr ayında qayıtmaq istədikdə isə qeydiyyat sənədi ilə bağlı problem yaranmış və o, qayıda bilməmişdir. Bu hal onun iradəsindən asılı olmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu fors-mojor halı kimi nəzərə almamış, Bankın iddiasını “faiz və cərimə borcunun tutulması barədə hissəsini” əsassız olaraq təmin etmişdir.
18. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı bildirir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2.). Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir (maddə 740.1.). Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir (maddə 740.2.).
19. Qeyd edilən maddi hüquq normaların tələblərindən cavabdehin bildirdiyi dəlilin əsaslılığına yanaşdıqda müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilən halın qarşıalınmaz (fors-major) hal kimi qəbul edilməsi üçün həmin hal onlar arasında bağlanmış müqavilədə xüsusi göstərilməli idi, çünki cavabdehin qeyd etdiyi hal təbii fəlakətə, müharibə vəziyyətinə və sair bu kimi hallara görə baş verməmişdir. Lakin tərəflər arasında bağlanmış “Kredit (borc) müqaviləsindən” görünür ki, bu hal müqavilədə qarşıalınmaz hal kimi nəzərdə tutulmamışdır.
20. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin müzakirə edilən bu dəlili əsassızdır.
21. Artıq qeyd edildiyi kimi cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, kredit borcunun az bir hissəsini Banka qaytarmış, qalan borcu qaytarmamışdır.
22. İşin bu halını nəzərə alan Məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd edilən 740.1 və 740.2-ci maddəsinin tələblərini nəzərə alaraq bildirir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.)
23. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin faiz borcunun tutulması ilə bağlı gəlmiş olduğu nəticəsinə aid dəlili əsassızdır.
24. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya baxışı iclasında cavabdeh iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
25. Məhkəmə onun vəsatətini əsassız hesab edərək, təmin etməmişdir.
26. Belə ki, cavabdeh, iddiaçı Bankın faiz borcunun hesablanması ilə bağlı təqdim etdiyi hesablamanı şübhə altına ala biləcək sübutu (məsələn: hər hansı bir mütəxəssisin hesabatını) Məhkəməyə təqdim etməmişdir.
27. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Bank, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 541,32 məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi də təmin etmişdir.
29. Cavabdeh apellyasiya şikayətində xahiş edir ki, cərimə borcunun tutulması ilə bağlı Bankın iddia tələbi rədd edilsin.
30. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).
31. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdehin, iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetirildiyinə görə cərimə barədə tələbin rədd edilməsi barədə cavabdehin istəyi təmin edilə bilməz.
32. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin cərimə borcunun tutulması ilə bağlı gəlmiş olduğu nəticəsinə aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
37. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyin andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.