Məhkəmə qərarları › İş №2(103)-2851/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2851/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2851/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobili üzrə və **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük maşınına dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2 **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilinin və ya onun dəyəri kimi 22.000 manat pulun və 30.000 manat dəyərində qızıl zinət əşyalarının, Cavabdeh1 isə ondan birgə biznes qurmaq adı ilə aldığı 105.000 manat pulunun və **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobilinin və ya dəyərinin alınıb ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsinin etibarsızlığı və pul” tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki cavabdehə qarşı ayrıca verdiyi iddia tələblərini bir-biri ilə qarışmışdır. Belə ki, iddia tələbinə diqqət yetirilsə görünər ki, Cavabdeh2 qarşı “**-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobili üzrə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2 **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilini və ya onun dəyəri kimi 22.000 manat pulun və 30.000 manat dəyərində qızıl zinət əşyalarının alınıb ona verilməsi xahiş olunmuşdur. Qətnamədə isə **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobili üzrə və **-BJ-*** dövlət qeydiyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük maşını üzrə alqı-satqı müqaviləsinin əsassız olaraq bağlandığını və bu səbəbdən Cavabdeh2 həmin avtomobillərin geri qaytarılması və ya onların dəyərinin ödənilməsi, habelə 30.000 manat dəyərində qızıl zinət qızıl əşyalarının ona verilməsi ilə bağlı iddia tələbini sübuta yetirə bilməməyi iddianın rədd edilməsinin əsası kimi qeyd olunmuşdur. Hansı ki, o, hər iki avtomobilin Cavabdeh2 həmin avtomobillərin deyil yalnız **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilinin və ya onun dəyəri kimi 22.000 manat pulun alınıb verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 qarşı yönəlmiş 105.000 manat pulun ona ödənilməsi və **-BJ-*** dövlət qeydiyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobilinin geri qaytarılması barədə iddia tələbini təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi barədə məhkəmənin gəldiyi nəticənin də işin halları ilə təsdiq olunmamasını prosessual pozuntu kimi qəbul edir. Tərəfindən 10 fevral 2015-ci il tarixdə 1 saylı notariat kontorunda **-BJ-*** dövlət qeydiyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobilinin “sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək” hüququna dair Cavabdeh1 verilmiş etibarnamə. **-BJ-*** dövlət qeydiyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, SHACMAN markalı yük avtomobilimin adından Cavabdeh1 tərəfindən 05.12.2017-ci il tarixdə alqısatqı müqviləsi əsasında qeydiyyatdan çıxarılmasına dair AR DİN-in 22.05.2019-cu il tarixli məktubu və avtomobillərin reyesterinə dair kompüterdən çıxarış. 07.11.2017-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda Cavabdeh2 verilmiş ümumi etibarnamə və Azərbaycan Respublikası DİN-in 22.05.2019-cu il tarixli məktubu və avtomobillərin reyesterinə dair kompüterdən çıxarış (hansı ki, həmin çıxarışda **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilinin etibarnamə ilə X4 təsdiq edilib 30.10.2017-ci il tarixdə, etibarnamə ilə X5, təsdiq edilib 08.01.2018-ci il tarixdə, etibarnamə ilə X2, təsdiq edilib 08.01.2018-ci il tarixdə, qeydiyatdan çıxarılıb 28.11.2017-ci il tarixdə) məhkəməyə təqdim edilmişdir, hansı ki, mülkiyyətində olan **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobili Cavabdeh2 tərəfindən ona verdiyi etibarnamə əsasında özgəninkiləşdirilsə də avtomobilin dəyəri ona ödənilməmişdir. Həm Cavabdeh2 və həm də Seyid adlı şəxsin onunla olan “Whats app” yazışmalarının mətnini məhkəməyə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-757/2020 nömrəli iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4964/2020 04 noyabr 2020-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “etibarnamə əsasında hərəkət edən şəxs bütün hərəkətləri etibarnamə verən şəxsin mənafeyi naminə həyata keçirməlidir. Qanunvericinin bu göstərişi etibarnamə verilmiş şəxsin etibar edilmiş və əvəzli şəkildə özgəninkiləşdirilmiş əmlaka görə həmin əqd əsasında aldıqlarını etibarnamə vermiş şəxsə təhvil verməsi öhdəliyini də ehtiva edir. Bu halda, iddiaçının mülkiyyətində olmuş və cavabdehlər tərəfindən əvəzli şəkildə özgəninkiləşdirilmiş avtomobillərin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi məhz cavabdehlərin üzərinə düşür. Apelyasiya məhkəməsi qeyd edilənlərə ümumiyyətlə hüquqi qiymət vermədən iddianın sübut edilmədiyindən rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materillarında olan İddiaçı tərəfindən verilmiş 07 noyabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, o, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq daşınar əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi 2 ay müddətinə, yəni 07 yanvar 2018-ci il tarixinədək Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan 24 sentyabr 2018-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığına görə onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli 46505/219 nömrəli məktubdan görünür ki, İddiaçı adında 28.10.1998-ci il tarixdən “RAF 2203 MİKROAVTOBUS” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İddiaçı etibarnamə əsasında istifadəsində hər-hansı nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cavabdeh1 hal-hazırda adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilinə dair cavabdehlərə hər hansı hüquq verilməmişdir. **-BJ-*** dövlət qeydiyat nişanlı “SHACMAN” markalı yük maşını İddiaçı tərəfindən 10.02.2015-ci il tarixindən 10.02.2016-cı il tarixinədək Cavabdeh1 idarə etməsinə verilmiş, 05.12.2017-ci il tarixdən alqı-satqı müqaviləsi əsasında iddiaçının adından qeydiyyatdan çıxmışdır. Kollegiya ilk növbədə iddia ərizəsinin Cavabdeh1 aid hissəsinə dair qeyd edir ki, iddiaçı, alqı-satqı müqaviləsinin etibarsızlığını, Cavabdeh1 birgə biznes qurmaq adı ilə aldığı 105.000 manat pulun və **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobilinin və ya dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 359-cu maddəsi ilə əqdlərdə təmsilçiliyin anlayışı verilmişdir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. İş materiallarında olan 05.12.2007-ci il alqı-satqı müqaviləsinə əsasən iddiaçının adından Cavabdeh2 alqı-satqı edərək, **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobilini X1. Göründüyü kimi iddiaçının Cavabdeh1 tələb etdiyi “SHACMAN” markalı yük avtomobilini digər Cavabdeh2 tərəfindən satılmışdır, iddiaçı isə həmin tələbi Cavabdeh2 qarşı deyil, Cavabdeh1 qarşı irəli sürdüyündən iddia tələbi həmin hissədə əsassızdır. Bundan başqa iddiaçı Cavabdeh1 105.000 manat pulun tutulmasını xahiş edir ki, iş materialları ilə birgə biznes qurmaq məqsədi ilə Cavabdeh1 iddiaçıdan qeyd olunan məbləğdə pul alması öz təsdiqini tapmır. Digər tərəfdən Cavabdeh1 da bu barədə etirafedici izahatı olmamışdır. Göründüyü kimi iddiaçının Cavabdeh1 qarşı irəli sürdüyü tələb əsassız olmaqla yanaşı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı digər cavabehdən də mülkiyyətində olmuş **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını irəli sürüb bildirmişdir ki, Cavabdeh2 tərəfindən ona verdiyi etibarnamə əsasında qeyd edilən avtomobil özgəninkiləşdirilsə də, avtomobilin dəyərinin ona ödənilməməsini əsas gətirərək avtomobilin və ya onun dəyəri kimi 22.000 manat pulun Cavabdeh2 onun xeyrinə tutulmasını, həmçinin 30.000 manat dəyərində qızıl zinət əşyalarının ona verilməsini xahiş etmişdir. Bildirdiklərinin əsası kimi həm Cavabdeh2 və həm də Seyid adlı şəxsin onunla olan “Whatsapp” yazışmalarının mətninə əsaslanır. Kollegiya ilk növbədə bildirir ki, iddiaçının “Whatsapp” yazışmalarının bilavasitə kiminlə aparılmasını, yazışmaların həqiqətən də Cavabdeh2la aparılmasını təsdiq edə biləcək hər hansı sübut növünü təqdim edə bilməmiş, buna görə qeyd edilən yazışmalar sübut kimi qəbul edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX” markalı minik avtomobilinin alqı-satqısına dair müqavilə iş materiallarına əlavə edilməmiş, bu barədə müvafiq sorğular verilsə də, həmin müqavilə məhkəməyə təqdim edilməmiş, avtomobilin kim tərəfindən V.Bünyatov adlı şəxsə satılmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçı qeyd edilən avtomobilin Cavabdeh2 tərəfindən etibarnamə əsasında satılmasını sübut edə bilməmiş və buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz. Digər tərəfdən iddiaçı, 30000 manat dəyərində qızıl zinət əşyalarının ona verilməsini xahiş etsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Həmin qızıl zinət əşyalarının qanunsuz olaraq Cavabdeh2 olmasını təsdiq edə bilməmiş, bu barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı - 30000 manat dəyərində qızıl zinət əşyalarının mülkiyyətçisi olması, həmin qızılların cavabdeh tərəfindən lombarda qoyulmasını, ümumiyyətlə belə bir qızıl zinət əşyalarının mövcud olub-olmamasını sübuta yetirə bilməmişdir. İşin faktiki halları ilə də iddia tələbinin qeyd olunan hissəsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin qərarında göstərdikləri ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş **-BJ-*** dövlət qeydiyat nişanlı, mühərrik nömrəsi 1111H009387 olan, buraxılış ili 2011-ci il olan, “SHACMAN” markalı yük avtomobili Cavabdeh1 tərəfindən deyil, digər Cavabdeh2 tərəfindən satıldığı və iddiaçının bu hissədə tələbinin Cavabdeh1 qarşı olmasını nəzərə alınaraq iddia tələbi həmin hissədə təmin edilməmiş, digər avtomobilə münasibətdə isə iddiaçı tərəf alqı-satqı müqaviləsini təqdim edə bilməmiş, verilmiş sorğulara cavab olaraq isə həmin müqavilə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar