Məhkəmə qərarları › İş №2(103)-2851/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2851/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2851/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: « kredit müqaviləsi üzrə borcun ödənilməsi ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-384/2023 saylı, 02 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün illik 31 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi əsası ilə bank tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 716,19 manat əsas, 665,64 manat faiz borcu, 1838,06 manat cərimə borcu, 210,30 manat gecikmə faizi, ümumilikdə isə 3430,19 manat məbləğində borc yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə 716,19 manat əsas, 665,64 manat faiz borcu, 1838,06 manat cərimə, 210,30 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3430,19 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,31 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. İddiada göstərilir ki, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka cəmi 3430,19 manat borcu qalmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-384/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə 716,19 manat əsas borc, 665,64 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1431,83 (bir min dörd yüz otuz bir manat səksən üç) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,31 (otuz dörd manat otuz bir qəpik) manatın iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibət yaranmış, iddiaçı öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Bu halda iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissədə təmin edilməməlidir. Belə ki, maliyyə arayışından görünür ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış 1838,06 manat cərimə tələb etmişdir. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu tələb edə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi və iddia tələbinə uyğun yeni qətnamə qəbul edilməsi xahiş edərək şikayətində göstərir ki, bank tərəfindən əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanması hüququ olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qanunun tələbində borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyi pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Hazırkı işdə kreditor bank olduğuna görə nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbədə ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi azaldıla və ya silinə bilməz. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cərimə məbləği üzrə Bank tərəfindən tələb olunan məbləğ 1838.06 manat olduğu halda Məhkəmə tərəfindən cəmi 50 manat məbləğində təmin edilmidir. Yəni, Yasamal Rayon Məhkəməsi cərimə məbləğini heç bir əsas gətirmədən 36 dəfədən çox azaltmışdır. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə üzrə hüququn tətbiq edilməsində səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddianın təmin olunmayan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissəsində tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə azaldılsa da, bu azaldılmanın az olduğunu cavabdeh tərəf mübahisələndirməmişdir. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmaya bilər. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği yüksək olmasa da eyni müqavilə üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləği məhkəmə tərəfindən əsas borcun təxminən 7 faizi həddində azaldılmış və bu azalma da həm də mövcud məhkəmə təcrübəsinə uyğundur. Ancaq iddiaçı cərimənin qeyri-mütənasib surətdə azaldıldığını bildirsə də, buda həqiqətə uyğun deyildir. Çünki, cərimə tələb edilən məbləğin qeyd olunduğu kimi təxminən 7 faiz hissəsinədək azaldılmışdır.

19. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanması hüququ olduğu qeyd olunmuşdur. Qanunun tələbində borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyi pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Birinci instansiya məhkəməsi iddianın bu hissəsini rədd edərkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmışdır. Ancaq iddiaçı bu mövqe ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə yanlışdır. Düzdü, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmununa əsasən borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Lakin hazırki iş üzrə cavabdehin pul öhdəliyini vaxtında icra etməməsində həm də iddiaçı məsuliyyət daşıyır. Çünki, iddiaçı müqavilənin müddəti başa çatdıqdan təxminən 6 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Demək ki, cavabdehin pul öhdəliyini vaxtında icra etməməsində həm də iddiaçı tərəfin təqsiri olmuş, yəni məhkəməyə müraciət etmək hüququndan vaxtında icra etməməsinə görə borclunun öhdəliyinin icra olunmasının uzanmasına şərait yaratmışdır. Bu cür vəziyyətdə cavabdeh iddia müddətinin tətbiqi institutundan da istifadə edə bilərdi və iddianın qismən təmin edilməsinin mümkünlüyü də aradan qalxa bilərdi. Ona görə də iddiaçı bank ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edildiyini, bunun isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə biləcəyini düşünürsə məhkəmə müdafiəsi hüququndan vaxtında istifadə etməli idi.

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 384/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-384/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar