Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2854/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir.
2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-00402xx/xx-2018 saylı müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı İB Cavabdeh təbii qazla təmin etmək, Cavabdeh isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* saylı; xx.xx.2016-cı il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlara görə, Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, onun təbii qazdan sayğacdankənar istifadə etdiyi aşkar olunmuşdur.
4. Həmin aktlar əsasında Cavabdeh cəmi 2239,40 manat borc hesablanmışdır.
5. Cavabdeh aid abonent saldosunda göstərilmişdir ki, onun sayğac göstəricilərinə görə yaranmış borcu 4763,76 manatdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (İB) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 2239,40 manat məbləğində zərərin əvəzinin, 4763,76 manat məbləğində debitor borcun, 90,04 manat dövlət rüsumunun əvəzinin, yəni cəmi 7093,20 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX-00402xx/xx-2018 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz olunması davam etdirilmiş, həmin fərdi yaşayış evinə birlik tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 248 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 652,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 127,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 205 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 99,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, yəni cəmi 2239,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və ödəmədiyi 4763,76 manat debitor borcu vardır və həmin məbləğ də ondan tutulmalıdır.
8. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2011-ci ildən etibarən 6 il müddətində təbii qazdan sayğacdan kənar istifadə etmiş, qazdan istifadəyə görə yaranmış borcundan hissə-hissə ödənişlər etmişdir. Səhhətində ciddi problemlər var, heç bir yerdə işləmir, ona görə də ondan tələb olunan məbləği ödəməyə gücü çatmır.
9. Birinci instansiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 652,80 manat dəymiş zərər, 4763,76 manat debitor borc olmaqla, cəmi 5416,56 manat məbləğində borcun və 74,17 manat dövlət rüsumunun, ümumilikdə 5490,73 manatın tutulub İddiaçı İB-nə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
10.1. Aktlardan görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus evə (abonet kodu **********00000) baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. 10.2. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. 10.3. Belə olan halda, tələb etmə müddəti ötürülmüş xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2017-ci il tarixli ******* saylı aktlar, həmçinin xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış məbləğin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. 10.4. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni tələb etmə müddəti ötürülməmiş ilk akt - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 652,80 manat məbləğində dəymiş zərər və ödənilməyən 4763,76 manat məbləğində debitor borcun tutulması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
11. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 56.1ci, 560.2-ci, 560.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1-ci, 1.3cü, 1.4-cü, 3.4.1-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir.
12. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır.
Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
14. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
22. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü hallar qətnamənin ləğvinə (mübahisələndirilən hissədə) əsas vermir.
31. Qeyd olunmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
32. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu qismən sübut edə bilmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5767/2022 saylı iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə