Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2857/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-787/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrdən maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilələr "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqavilələrə əsasən Cavabdeh İddiaçınə 6363 manat əsas borc və 1903 manat cərimə borcu olmaqla, cəmi 8266 manat borcu mövcuddur.
2. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Asus kompüter, İmei kodu **********44820 olan Samsung Galaxy S20 Ultra DUAL markalı telefon, Apple AirPods Pro, Trimmer Philips, İmei kodu **********51265 olan Nokia 2720 Flip markalı telefon, Samsung watch 3, LG LED TV almış və nəticədə 8266 manat borc yaranmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-787/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh altı müqavilə üzrə 6363 manat əsas borcun və 189 manat cərimə borclu olmaqla, cəmi 6552 (altı min beş yüz əlli iki) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 81,37 (səksən bir manat otuz yeddi qəpik) manat hissəsinin İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 21,29 (iyirmi bir manat iyirmi doqquz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi və vəkil Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qətnamənin cərimə borcu hissəsində tam, əsas borca münasibətdə isə qismən ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri barədə ona heç bir məlumat verilməmiş, məhkəmə prosesləri barədə ona SMS bildirişlər yollanılmamışdır. Halbu ki, iddiaçı təşkilatda onun telefon nömrələri vardır. Məhkəmə proseslərində iştirak edə bilmədiyi üçün ödənişlərinin hansı hissəsinin faiz borcuna silinməsi barədə məlumatlar ona bildirlməmişdir. Bu günə kimi iddiaçıya olan borcunu daimi olaraq ödəmişdir. Bir və ya iki dəfə gecikmələrə görə ondan əlavə cərimə pulu tələb etdikləri üçün münasibətlər korlanmışdır. Sonradan ona məlum olmuşdur ki, ödədiyi puldan iddiaçı təşkilat cərimə borclarına sildiyi üçün əsas borcu azalmamışdır. Məhkəmə qətnamənin ikinci səhifəsinin birinci abzasında ona məhkəmənin bildiriş və xəbərnamələrinin çatmasını bildirsə də məhkəmə bildirişləri ona çatmamışdır. Məhkəmənin tarixi və yeri barədə məlumatı olmamışdır. Odur ki, məhkəmə proseslərində iştirak edə bilməmişdir. Göstərilənlərə əsasən bildirir ki, istər cərimə istərsədə əsas borca münasibətdə məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Qətnamədə Müqavilə münasibətlərinə əsasən iddiaçının cərimə tətbiq etməsi barədə müqavilədə hər-hansı bir şərtin olub-olmaması göstərilməmişdir. İddiaçı ilə arasınzda olan münasibətlər müqavilə ilə tənzimlənirsə cərimə tətbiq etmənin də şərtləri göstərilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi 1903 manat cəriməni 189 manata qədər azaltmasını təqdir edir. Lakin hesab edir ki, cərimə tətbiq edilməməli idi. Çünki gecikdirmə günlərinin sayı cərimə tətbiq etməyə əsas vermir. Həmçinin əsas borca münasibətdə də məhkəmə yalnız iddiaçının təqdim etdiyi rəqəmə istinad etmişdir. Halbu ki, məhkəmə qətnamədə onun qətnamə çıxarılana kimi ödədiyi məbləğlərə istinad etməli, ödədiyi məbləğlərin nə qədərinin əsas borca nə qədərinin cərimə borcuna ödənilməsini müəyyən etməli idi. Məhkəmə proseslərində iştirakının təmin edilməməsi yuxarıda göstərilən halların araşdırılmamasına səbəb olmuşdur. Odur ki, qətnamə ləğv edilməli, əsas və cərimə borcuna həmçinin dövlət rüsumuna münasibətdə yeni qətnamə çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
15. Maddə 462.1 dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
16. Maddə 463.1 dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;
17. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;
18. Maddə 567 alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
20. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
21. Maddə 601.1 əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin cərimə borcu hissəsində tam ləğv edilməsini, əsas borc hissəsində isə qismən ləğv edilməsini xahiş etdiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-787/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
31. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrdən maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilələr "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqavilələrə əsasən Cavabdeh İddiaçınə 6363 manat əsas borc və 1903 manat cərimə borcu olmaqla, cəmi 8266 manat borcu mövcuddur.
32. Belə olan halda birinci instansiya məhkəməsi Cavabdeh altı müqavilə üzrə 6363 manat əsas borc tutularaq İddiaçınə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 189 manat cərimə borcunun İddiaçı xeyrinə tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Həmçinin iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkün olmalıdır.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilələrdə cərimə borcunun nəzərdə tutulmadığını qeyd etsə də, tərəflər arasında bağlanmış altı müqavilənin hər birinə əlavə edilmiş ödəniş cədvəlinin 2-ci bəndində ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində münahisəsiz olaraq penya ödənilməsi nəzərədə tutulmuşdur. Həmin Əlavələr müqavilənin tərkib hissəsi olduğundan iddiaçı dəbbə (cərimə) pulu tələb etməkdə haqlı olmuşdur.
37. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarətdir. İş materialları ilə cavabdehin iddiaçıya olan borcu tam təsdiq edilir və cavabdeh bu halın əksini təsdiq edəcək hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMin 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Cavabdehin apellyasiya şikayətində həmçinin qeyd edir ki, məhkəmə prosesləri barədə ona məlumat verilməmiş və SMS bildirişlər göndərilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə bildiriş göndərilməklə yanaşı, onun istifadəsində olan mobil nömrələrə SMS bildirişlər göndərilmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkil Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-787/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.