Məhkəmə qərarları › İş №2(103)-2858/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2858/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2858/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2858/2025 (Açar sözlər: maddi ziyanın ödənilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzil İddiaçı mülkiyyətindədir.

2. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını iddia edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus mənzilin cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə suya verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 2.000 manat (texniki düzəlişə əsasən 3.000 manat) pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehin üzərinə mənzilinin kanalizasiya sisteminin təmir olunması öhdəliyinin qoyulmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin yataq otağına cavabdehin mənzilindən su axıdılması nəticəsində iddiaçıya dəymiş 1.000 manat (texniki düzəlişə əsasən 3.000 manat) maddi ziyanın əvəzi olan pulun cavabdeh tərəfindən ödənilməsini, cavabdehin üzərinə mənzilindəki divara saldığı sovet dövründə dəmir borudan çəkilmiş istilik xəttinin divardan çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili 1997-ci ildə almışdır. İddiaçı və ailə üzvləri 2003-cü ildən iddia ərizəsi verilən günə kimi həmin mənzildə pasport qeydiyyatındadırlar, 2006-cı ildən başqa ünvanda – ünvan 3ası – X10 2006-cı ildən 2021-ci ilə kimi həmin mənzilin sahibi olmuş, hazırda həmin mənzilin sahibi iddiaçının özüdür. İddiaçı Hüseynbala Əliyev küçəsi, 6, mənzil 51 ünvanında yerləşən mənzili aldığı gündən iddia ərizəsi verilən günə kimi Hüseynbala Əliyev küçəsi, 6, mənzil 54 ünvanında yerləşən mənzilin bir neçə sahibi olub. Həmin mənzilin bütün sahibləri tərəfindən iddiaçının mənzilinə su axıdılıb və iddiaçıya bu mənzilin sahibləri tərəfindən böyük maddi ziyanlar vurulub. Sözügedən mənzilin cavabdehdən əvvəlki sahibi X4 barəsində Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli icra olunmamış qətnaməsi var. Nəsimi rayon İcra şöbəsindən bildirmişlər ki, X4 tərəfindən mənzil satıldığından, artıq özü də dünyasını dəyişdiyindən, adına əmlak olmadığından, qətnaməni icra etmək mümkün deyil və demişlər ki, mənzilin yeni sahibi söz verib ki, kanalizasiya sistemini təmir etdirəcək, mənzilinizə su axıtmayacaq. 2023-cü ilin yanvar-fevral aylarında iddiaçının üst qonşusunun qonaq və yataq otaqlarındakı istilik batereyalarından iddiaçının mənzilinə su axıdılıb, otaqların tavanları pis günə düşüb. O, cavabdehi çağırtdırıb göstərmiş, cavabdeh isə çiyinlərini çəkib “təmir etdirərik” deyib çıxıb getmiş, lakin heç nə etməmişdir. Bu otaqların tavanlarını iddiaçı təmir etdirmişdir. Sonra dəhlizi, vanna otağını və tualeti, qonaq otağını bir neçə dəfə suya vermişlər. İddiaçı cavabdehi çağırtdırmış, o isə “bizim evimiz qurudur” deyib çıxıb getmişdir. İddiaçının mənzilini suya vermək artıq qonşuda vərdişə çevrilib. İddiaçı hər subasmadan sonra mənzili təmir etdirmişdir. Axırıncı subasmadan sonra isə 33 saylı MKİS-in rəisinə yazılı müraciət etmiş və bu məsələ aktlaşdırılmışdır. Üst qonşu tərəfindən mənzilə su axıdılmasından təngə gəldiyinə görə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüseynbala Əliyev küçəsi, 6, mənzil 54 ünvanında yerləşən mənzilin sahibi olan cavabdeh iddiaçıya vurduğu maddi ziyanı ödəməli və mənzilin kanalizasiya sistemini təmir etdirməlidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2025 saylı, 30 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi kimi 1.554 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumunun 52 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməsi və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 manat məbləğində pulun 78 manat hissəsi Cavabdeh, qalan 72 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.6, 157.4, 386.1, 459.1, 1096, 1097.1, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.7, 103.1, 106.1, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. Apellyasiya şikayətində göstərilmişdir ki, baş vermiş su sızma hadisəsinin bilavasitə cavabdehin təqsiri üzündən baş verməsi hazırki iş materiallarında olan sənədlərlə sübut olunmur. Belə ki, ekspert rəyindən də aydın olur ki, cavabdehin məhz kanalizasiya xəttində yaranan problemlə əlaqəli deyildir. Həmçinin xərc hesablanması zamanı hansl meyarlara istinadən 1554 manatın təyin olunması da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

12. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

23. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndirir. Ona görə də hazırki iş üzrə qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 maddi zərərin əvəzi kimi 688 manat və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 718,40 manat məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi, Bakı şəhəri, H.B.Əliyev küçəsi, 6 saylı binanın 54 saylı mənzilinin sahibi X2 üzərinə kanalizasiya sisteminin təmir olunması öhdəliyinin qoyulması və s. qət edilmişdir.

34. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzil İddiaçı mülkiyyətindədir (qeydiyyat No: **********; xx.xx.2022).

35. Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hüseynbala Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 51 nömrəli mənzilə baxış keçirən zaman məlum oldu ki, Cavabdeh məxsus 54 saylı mənzildən 51 saylı mənzilə su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 51 saylı mənzilin dəhlizinə, hamamına, ayaqyoluna və yaşayış otağına ziyan dəymişdir.

36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil Bakı şəhəri 32 saylı NK-nın 4Ə-238 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X3 adına rəsmiləşdirilmiş, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1566 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir (məktuba mənzilin əvvəllər X3, hazırda isə cavabdehin mülkiyyətində olduğunu təsdiq edən çıxarışlar və digər sənədlər əlavə edilmişdir).

37. Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Hüseynbala Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 51 nömrəli mənzilə baxış keçirən zaman məlum oldu ki, Cavabdeh məxsus 54 saylı mənzilə aid istilik xəttindən 51 saylı mənzilin yataq otağına su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 51 saylı mənzilin divarında su izlərinin yeri qalmışdır. Hal-hazırda heç bir su axıntısı yoxdur.

38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 51 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 54 saylı mənzildən su axıdıldığı və nəticədə 51 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 54 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 51 saylı mənzilə su sızması 54 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1554,0 manat məbləğində müəyyən olunmuşdur.

39. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/7887 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 54 saylı mənzilində yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, divarın içində olan borulara və istilik xəttinə isə baxış keçirmək mümkün olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 54 saylı mənzilində mövcud olan istilik xəttinin divarın içərisində yerləşdiyi müəyyən edilmişdir. İstilik xəttinin yerləşmə yerinin açıq və ya qapalı olması (divardan kənarda və ya divarın içində) Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 nömrəli mənzilinin sahibi olan iddiaçıya hər hansı maneə yaradıb-yaratmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan və ekspertin səlahiyyətlərinə aid olmadığından qərardadın 2-ci sualında göstərilən məsələ üzrə tədqiqat aparılmadı.

40. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və 22 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 54 saylı mənzildən su axıdıldığı və nəticədə 51 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 51 saylı mənzilə su sızması 54 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

43. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

44. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

45. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

46. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

47. Bununla da kollegiya belə qənaətə gəlir ki, məhkəmə araşdırmaları nəticəsində ekspert rəyi əsasında iddiaçının mənzilinə, həqiqətən də, cavabdehin mənzilindən su sızması və su sızma nəticəsində iddiaçıya 1.554 manat məbləğində zərər dəyməsi müəyyən edilmiş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir.

48. Kollegiya hesab edir ki, ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının mənzilinə dəyən zərərin məhz cavabdehin mənzilindən suyun axıdılması nəticəsində baş verdiyindən sonuncunun məsuliyyət daşıması qənaətinə gəlinməsi əsaslı hesab edilməli, bu səbəbdən də delikt törədən şəxs kimi Cavabdeh vurulmuş zərəri iddiaçıya ödəməlidir.

49. Nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü arqumentlərin heç bir mötəbərliliyi yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün əməl olunmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar