Məhkəmə qərarları › İş №2(103)-2860/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2860/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2860/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(006)-132/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh mülkiyyətində olan 21 saylı mənzildən su axıdılması nəticəsində maddi ziyan dəymişdir. Həmin vaxt 21 saylı mənzil xx.xx.2022-ci il tarixdən cavabdehlə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi əsasında MMC-nin istifadəsində olmuşdur. Hazırda iddiaçı su axıdılması nəticəsində mənzilinə vurulmuş maddi və bununla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərə görə 6800 (altı min səkkiz yüz) manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. 03 fevral 2023-cü il tarixində saat 17:00 radələrində həmin binanın yuxarı mərtəbəsində Cavabdeh yaşadığı 21 nömrəli mənzildən iddiaçının yaşadığı mənzilə qəflətən çoxlu su axmağa başlamışdır. Onlar suyun qarşısını almağa çalışsalar da, bu, mümkün olmamışdır. Bundan sonra iddiaçı komendanta zəng edərək məlumat verdikdə, o, mənzilin sahibi ilə əlaqə saxlayıb məlumat verəcəyini bildirmişdir. İddiaçı tərəf 2 (iki) saat gözlədikdən sonra Rəşad adlı şəxs cavabdehə məxsus mənzilin qapısını açdıqda mənzilin hər yerini su basması halı müəyyən edilmişdir. İddiaçı Rəşad adlı şəxsdən mənzilin sahibinin harada olmasını soruşduqda o, mənzili ofis kimi aylıq 3000 (üç min) manata icarəyə götürdüyünü, cavabdehlə əlaqə saxlanıldıqda isə, o da mənzili icarəyə verdiyini söyləmiş və Rəşada zəng edib evi təmir etdirəcəyini vəd vermişdir. Bundan sonra Rəşad bir neçə dəfə iddiaçının yaşadığı ünvana gəlib mənzilin təmiri ilə bağlı vədlər vermişdir. Lakin sonradan nə Rəşad, nə də Cavabdeh telefonlara cavab verməmişdir. İddiaçı yaşlı və xəstə qadındır, onu əsəbiləşdirib əziyyət veriblər. Mənzilinin 2 yataq otağı, böyük dəhlizi, təzə aldığı dəhliz mebeli hamısı korlanmışdır. Dəymiş ziyanın məbləği isə 6800 (altı min səkkiz yüz) manat dəyərindədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 1800 (min səkkiz yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı (vəkili-nümayəndəsi Vəkil2) iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə və mənzildə yerləşən mebellərə dəymiş maddi ziyana görə 4800 (dörd min səkkiz yüz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, cəmi 6800 (altı min səkkiz yüz) manat pulun və iddia qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(006)- 132/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmiş və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçının mənzilinə su sızması baş verən xx.xx.2023cü il tarixdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olması müəyyən edilmiş, bununla əlaqədar məhkəmə tərəfindən iddiaçı tərəfə dəfələrlə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı təklif edilmiş, lakin iddiaçı tərəf razılıq vermədiyindən və tələbə Cavabdeh münasibətdə baxılmasını tələb etdiyindən, məhkəmə tərəfindən "xxxx" MMC hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, xx.xx.2024cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında MMC-nin direktoru Nümayəndə izahatında cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su sızması baş verən vaxt mənzilin onun istifadəsində olması faktını təsdiqləmiş, vacib görüşdə olduğu zaman ona zəng edilərək su sızması barədə məlumat verildiyini, evə dərhal gələ bilmədiyini, bunun nəticəsində iddiaçının mənzilinə zərər dəydiyini, lakin zərərin məbləğinin iddia edilən məbləğdən az olduğunu əlavə etmişdir. Məhkəmə qeyd etmişdir ki, tələbin mahiyyəti evdən axıdılmış su nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəmək olduğundan və mülkiyyətçi Cavabdeh hadisə vaxtı mənzilin icarə müqaviləsi əsasında başqa şəxsin istifadəsində olduğunu sübuta yetirdiyindən, həmin şəxs də bu faktı təsdiq etdiyindən, mülki qanunvericiliyin tələbinə görə və icarədarı ilə aralarında olan müqaviləyə müvafiq olaraq Cavabdeh zərərin əvəzini ödəmək öhdəliyi müəyyən edilmədiyindən (hüquqazidd əməli o törətməmiş və onun təqsiri olmamışdır), hazırki iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmışdır ki, onun mənzilinə maddi zərər vurulması işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halını təşkil etdiyindən, onun zərərin əvəzinin ödənilməsinə dair tələblə məsuliyyəti daşıması məhz qanunda birbaşa müəyyən edilmiş şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1111.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 54.1, 54.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf etiraz yazaraq ya cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya iddianın ***-**** manat ziyan olduğunu və onu ödəməyə hazır olduğunu bildirmişdir. Cavabdeh bir sözlə iddianı qəbul etmişdir və məhkəmə çıxışı zamanı hakim cavabdeh tərəfin vəkilinin çıxışına müdaxilə edərək iddianı qəbul etməməyə təkid etmişdir və bu audio-video yazıda da öz əksini tapmışdır. Cavabdeh ekspertin rəyi ilə qismən razılaşmayaraq ekspertin məhkəmədə dindirilməsi haqqında vəsatət vermiş və ekspertlər dindirilmişdir. İddianı ziyan hissəsində qismən qəbul etmişdir və axıra kimi də vurulmuş ziyanın ***-**** manat məbləğində olduğunu və həmin pul ödəməyə razı olduğunu bildirmişdir. Eyni zamanda iddiaçının mənzilinə ziyan vurulduğunu mübahisələndirməmişdir. Hətta Azərbyacandan kənarda olduğu zaman da iddiaçıya zəng vuraraq qayıdan kimi ziyanı aradan qaldıracağını mənzilini təmir edəcəyini bildirməklə iddiaçını gözlətmişdir. Bir sözlə Mülki Prosessual Məcəllənin 106.3-cu maddəsinin tələblərinə əsasən idddiaçının tələb və etirazlarının əsaslandırdığı faktları etiraf etməklə əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etmişdir. Qətnamədə qeyd edildiyi kimi guya məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, iddiaçının mənzilinə ziyan vurulduğunu mübahisələndirməsə də, özünü əsl cavabdeh hesab etmir. Sual olunur ki, onda niyə ***-**** manat ödəməyi qəbul edir. Niyə ekspert rəylərini mübahisələndirir. Niyə ekspertləri məhkəmə iclasına vəsatət verib dəvət etdirir. Niyə məhkəmə iclasını təxirə salmaqla müraciət edir. Ümumiyyətlə məhkəmə tərəfindən qətnamə düzgün qəbul edilməmişdir. Belə ki, məhkəmə prosesində cavabdeh iddianı qəbul edərək ***- **** manat məbləğində pul ödəməyə razı olduğunu bildirmişdir. Eyni zamanda iddiaçının mənzilinə ziyan vurulduğunu mübahisələndirməmişdir. Lakin məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. Belə ki, məhkəmə cavabdehin vəkili qismində çıxış edərək cavabdehin vəkilinin yekun çıxışı zamanı cavabdeh məhkəməyə iddianın qismən qəbul edilməsi qərarı qəbul edilməsi üçün iddianı qismən qəbul edən zaman çıxışa müdaxilə edərək iddianı qəbul etməməsini istəməsinə yönəltməsi ilə birtərəflilik nümayiş etdirməklə işdə cavabdeh tərəfin maraqlarına qorunmasına xidmət etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləjv edilməsi üçün əsasdır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2.7. İşdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, 17 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolu sədrlik edən hakim tərəfindən imzalanmamışdır. Bu isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.2-ci maddəsini düzgün tətbiq etməmiş və onun tətbinin normanın dispozitiv şərtləri baxımından hazırki mübahisəyə tətbiqi əsaslandırmamışdır. Belə ki, «Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi» adlanan 1111 maddəsinin dispozitiv şərtləri binaya vurulan zərərdən ibarət olmaqla onun sahibinin binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində, eləcə də zərərin binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulması halında əmələ gələn zərərin əvəzini tənzimləyir. Bu norma mənzilə su axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi mübahisələrində tətbiq edilə bilməz. Qanunvericiliyə əsasən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Belə olan halda məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh mülkiyyətində olan 21 saylı mənzildən su axıdılması nəticəsində maddi ziyan dəymişdir. Həmin vaxt 21 saylı mənzil xx.xx.2022-ci il tarixdə cavabdehlə hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi əsasında MMCnin istifadəsində olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfə dəfələrlə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı təklif edilmiş, lakin iddiaçı tərəf razılıq vermədiyindən və tələbə Cavabdeh münasibətdə baxılmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan məhkəmə iclas protokollarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cəmi bir dəfə əsl cavabdehin əvəz edilməsini təklif etmiş, həmin iclasın protokolu isə (xx.xx.2024) yuxarıda qeyd edildiyi kimi imzalanmamışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əsl cavabdehin əvəz edilmədiyi qənaətinə gəlir. Bununla bağlı olaraq məhkəmə kollegiyasının iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, iddiaçı əvəz etmə ilə razılaşmayaraq, 3-cü şəxsin də həm cavabdeh kimi cəlb edilməsini xahiş etmiş və tələbinldə göstərilən məbləğlərin Cavabdeh ilə yanaşı "xxxx" MMC-dən də tutulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda tələb Cavabdeh ilə yanaşı "xxxx" MMC-yə yönəldiyindən "xxxx" MMC də cavabdeh kimi işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçının mənzilinə üst mərtəbədən suyun axıdılması zamanı maddi ziyan dəyməsi işin faktiki halları ilə öz təsdiqini tapmış və ziyan vurma faktı tərəflər arasında mübahisə predmeti olmamışdır. Mübahisəli məqam dəymiş ziyanın məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır İş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı özünü əsl cavabdeh hesab etmədiyini, lakin məhkəmə onu əsl cavabdeh kimi tanıdığı təqdirdə isə iddiaçının tələb etdiyi və ekspert rəyində göstərilən məbləğlərdə deyil, yalnız ***-**** manat məbləğində zərərin əvəzini ödəməyə razı olduğunu bildirib, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru isə hadisə baş verən vaxt mənzilin onun istifadəsində olmasını təsdiq edərək, zərərin iddia edilən məbləğdə deyil, daha az məbləğdə vurulduğunu mübahisələndirmişdir. Göründüyü kimi, hər iki cavabdehin izahatlarının mənasına görə iddia edilən zərərin az məbləğdə olduğu təqdirdə onu qarşılamaq niyyətləri vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 18 nömrəli mənzilin dəhliz və iki ədəd yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı binanın 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin mətbəx, dəhliz və yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 21 saylı mənzilin təmirli olduğu, su-kanalizasiya xətlərinin təmirli olduğu və üzərində hər hansı bir qüsurun olmadığı müşahidə edilmişdir. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 18 saylı mənzilə su sızması 21 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı binanın 18 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4008,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspert baxışına təqdim olunmuş mətbəx mebelinin təmir və bərpasının mümkün olduğu, həmin mebellərin təmirinin 1 (bir) p/m-nin orta bazar qiyməti təxminən 250,0 manat, 6 (altı) p/m isə ümumilikdə 1500,0 manat müəyyən olunur. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyində yol verilmiş texniki səhvlərlə əlaqədar rəyi vermiş ekspert dindirilmiş və rəydə mətbəx mebelləri yox, dəhliz və yaşayış otaqlarında mebellərin göstərilməsini bildirmişdir. Bununla da, rəydə olan texniki səhvlər aradan qaldırılmışdır. Məhkəmə kollegiyası iddiaçının mənzilinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş ekspert rəyini sübut növü kimi qəbul edir. Belə ki, rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddiaçının mənzilinə Cavabdeh mülkiyyətində olan mənzildən suyun axıdılması zamanı ziyan dəyməsi təsdiq edildiyindən, eləcə də onun tərəfindən bu hal təkzib edilməməklə dəymiş ziyanla bağlı ***-**** manat məbləğində zərərin əvəzini ödəməyə razı olduğundan, iddia tələbi ona münasibətdə etiraf edilən məbləğ olan 1000 manat həcmində təmin edilməlidir. Məhkəmə kollegiyası digər cavabdeh "xxxx" MMC-yə münasibətdə isə qeyd edir ki, iddia tələbi ona münasibətdə də qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edildiyi kimi "xxxx" MMC Cavabdeh mülkiyyətində olan mənzili icarə hüququ əsasında istifadə etmiş və bu zaman iddiaçının mənzilinə suyun axıdılması nəticəsində ziyan dəymişdir. Məhkəmə kollegiyası cavabdehlər arasında xx.xx.2022-ci il tarixli mənzilin kirayəsi müqaviləsinin 5.5-ci bəndini rəhbər tutaraq dəymiş ziyanı ekspert rəyinə əsasən ümumilikdə 5508 manat (təmir-tikinti işlərinin dəyəri - 4008 manat, mebellərin təmiri isə 1500 manat) müəyyən edilməsinə baxmayaraq hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə 1000 manat, digər cavabdehə münasibətdə isə 3800 manat həddində müəyyən edilməklə ümumilikdə hər iki cavabdehdən 4800 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən iddia tələbi üzrə maddi ziyanın (mənzilə və mənzildə olan mebellərə) 4800 manat həddində olması göstərilməsini və buna görə də Azərbayjan Respublikasının MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından irəli sürülmüş tələb həddində qətnamə çıxarılmalı olmasını nəzərə almışdır. Həmçinin, məhkəmə kollegiyası "xxxx" MMC-i tərəfindən də dəymiş zərərin məbləği ilə razılaşmamasına dair sübutlar təqdim edilməməsini də nəzərə almışdır. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə mənzilə su sızması nəticəsində dəymiş ziyan olaraq cavabdehlərdən 4800 manat (Cavabdeh 1000 manat, "xxxx" MMC-dən 3800 manat) məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməli, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(006)- 132/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Mənzilə su sızması nəticəsində dəymiş ziyan olaraq Cavabdeh 1000 (min) manat, cavabdeh "xxxx" MMC-dən 3800 (üç min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar