Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2860/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır.
3. Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.
9. Belə ki, cavabdehin apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytaran rayon məhkəməsi qeyd etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir.
10. Göründüyü kimi rayon məhkəməsi cavabdehin elektron kabinetinə qətnamənin xx.xx.2025-ci il tarixdə yerləşməsinə əsaslanmaqla onun tərəfindən 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürüldüyünü qeyd etmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə dair elektron çıxarış mülki iş materiallarında olsa da (i/v 75), qətnamənin cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə dair elektron çıxarış mülki iş materiallarında müəyyən edilməmişdir.
12. Mülki iş materiallarından məlum olur ki, rayon məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehə poçt vasitəsi ilə göndərilmiş, bununla bağlı reyestr də işə əlavə edilmiş (i/v 76), xəbərnamədən məlum olur ki, cavabdeh qətnaməni xx.xx.2025-ci il tarixdə qəbul etmiş (i/v 77), bundan sonra xx.xx.2025-ci il tarixdə isə apellyasiya şikayəti vermişdir.
13. Beləliklə, mülki iş materiallarına əsasən cavabdehin qətnaməni xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə alması, daha sonra prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət daxilində apellyasiya şikayəti verməsi müəyyən edildiyindən, rayon məhkəməsinin cavabdehin apellyasiya şikayətini müddətin ötürülməsinə görə geri qaytarması əsaslı olmamışdır.
14. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmamış, şikayət vaxtında verilmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vaxtında, prosessual müddət ötürülmədən verildiyindən, prosessual müddətin bərpasına dair ərizə verilməsinə də lüzum olmamışdır.
17. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1.məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.