Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2865/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-1855/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş qaydada kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.992,51 manat pul və ödənilmiş 39,92 manat dövlət rüsumu üzrə xərclərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin vəfat etməsi əsası ilə iş üzrə icraatın dayandırılmasını və ya baxılmamış saxlanılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1855/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında “kredit müqaviləsi” imzalanmışdır, qanunvericiliyin tələbinə əsasən “kredit müqaviləsi ”davam edən hərəkətdir. Bu səbəbdən vətəndaşın ölməsi əsası ilə hakim iddia ərizəsi üzrə işin baxılmasına xitam verməməli, varislər məyyən edənə qədar iş üzrə icraatın dayandırması barədə qərardad qəbul etməli idi.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən müəyyən olunur ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüş, iddiaçı isə ona qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
13. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən bir neçə il öncə cavabdeh ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi irəli sürülə bilməz.
14. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin mülki iş üzrə icraatı dayandırmaq vəzifəsi o zaman yaranır ki, işdə tərəf olan şəxs iş məhkəmənin icraatında qəbul edildikdən sonra ölür və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1855/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov