Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2866/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X1rşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" X4 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan "xxxx" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Müəssisənin təqsiri üzündən zədələnməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.151,38 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pulun cavabdeh Müəssisədən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Müəssisənin balansında olan işıq dirəyindən asılmış işiqlanma plafonun qapağı iddiaçıya məxsus olan avtomobilin üzərinə düşmüş, bu səbəbdən avtomobilin arxa şüşəsi sınmış və şüşənin ətrafında olan kantın bir hissəsi sınmış, bir hissəsi isə cırılmışdır. İddiaçı, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün "xxxx" Şirkətinə müraciət etmiş və həmin şirkətin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün xərcin məbləği 2.151,38 manat təşkil edir. Cavabdeh Müəssisə iddiaçıya dəymiş ziyanı ödəmədiyindən, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 42 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.
3. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb olunmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh Müəssisəsi müstəqil təşkilatdır və hadisənin baş verdiyi ərazidə yerləşən işıq dirəkləri də 2011-ci ildən etibarən həmin Müəssisənin balansındadır. Cavabdeh Müəssisə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən isə görünür ki, iddia ərizəsində qeyd edilən hadisə baş vermiş, iddiaçıya məxsus avtomobil həmin hadisə nəticəsində zədələnmişdir. İddiaçının avtomobilinə "xxxx" Şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün xərcin məbləği 2.151,38 manat təşkil edir. Həmin Şirkətin verdiyi xx.xx.2023-cü il tarixli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus "xxxx" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış arxa şüşəsinin yeni şüşə ilə əvəz edilməsi üçün çəkilməli olan xərc 903,12 manat, şüşənin kantının (təmir dəsti ilə birlikdə) yenisi ilə əvəz edilməsi üçün çəkilməli olan xərc 155,16 manat, bu işlərin görülməsi üçün istifadə olunmalı şüşə yapışdırıcısının dəyəri 160,70 manat, xidmət haqqının və boyanın xərcləri isə 933 manat təşkil edir. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddia əsaslıdır. c) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə cavabdeh Müəssisəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ondan iddiaçının xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməsini və 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə yerində çəkilmiş fotoşəkildən aydın olur ki, iddiaçıya məxsus avtomobilin yalnız arxa şüşəsi zədələnmişdir. xx.xx.2023-cü il tarixli “Qüsur aktında” göstərilən faktlar həqiqətə uyğun deyildir. Rayon Məhkəmənin istinad etdiyi həmin “Qüsur aktında” köhnəlmə dərəcəsi nəzərə alınmadan süni şəkildə qiymət artımı və plafonun düşməsi nəticəsində zədələnməyən detallar öz əksini tapmışdır. İnternet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, istehsal ili 2012-ci il olan “BMW 528 İ” markalı avtomobilin arxa şüşəsinin (quraşdırılması ilə birlikdə) hal-hazırkı bazar qiyməti 160-200 manat civarındadır. d) apellyasiya baxışının həddi barədə məlumat
8. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə cavabdeh Müəssisə apellyasiya şikayətində qətnamənin yalnız ondan iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Odur ki, qeyd edilənlərə əsaslanmış Məhkəmə qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
11. Cavabdeh Müəssisənin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, internet resurslarından əldə edilmiş və apellyasiya şikayətində qeyd edilən məlumatları Məhkəməyə təqdim etdi.
12. Apellyasiya baxışında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
13. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iddia ərizəsində qeyd edilən avtomobilə dair xx.xx.2021-ci il tarixdə verilmiş AE seriyalı, 110014 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, həmin avtomobil iddiaçının mülkiyyətindədir.
17. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən binanın həyətyanı sahəsinin işıqlandırılması üçün quraşdırılmış işıq dirəkləri dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədilə 2011-ci ildən etibarən cavabdeh Müəssisəsinin balansına verilmişdir. Cavabdeh Müəssisənin balansında olan işıq dirəyindən asılmış işiqlanma plafonun qapağı iddiaçıya məxsus olan avtomobilin üzərinə düşmüş, bu səbəbdən avtomobil zədələnmişdir.
18. İddiaçı bildirir ki, işiqlanma plafonun qapağı ona məxsus olan avtomobilin üzərinə düşməsi nəticəsində avtomobilin arxa şüşəsi sınmış və şüşənin ətrafında olan kantın bir hissəsi sınmış, bir hissəsi isə cırılmışdır.
19. İddiaçı, "xxxx" Şirkətin verdiyi xx.xx.2023-cü il tarixli “Qüsur aktına” istinadən bildirir ki, ona dəymiş zərər 2.151,98 manat məbləğindədir (yeni arxa şüşə - 903,12 manat, şüşənin kantı (təmir dəsti ilə birlikdə) - 155,16 manat, bu işlərin görülməsi üçün istifadə olunmalı şüşə yapışdırıcısı - 160,70 manat, xidmət haqqı və boya - 933 manat).
20. Cavabdeh Müəssisənin iddia tələbinə dair apellyasiya şikayətində ifadə olunmuş mövqeyi isə ondan ibarətdir ki, "xxxx" Şirkətin verdiyi “Qüsur aktında” köhnəlmə dərəcəsi nəzərə alınmadan süni şəkildə qiymət artımı və plafonun düşməsi nəticəsində zədələnməyən detallar öz əksini tapmışdır. İnternet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, istehsal ili 2012-ci il olan “BMW 528 İ” markalı avtomobilin arxa şüşəsinin (quraşdırılması ilə birlikdə) hal-hazırkı bazar qiyməti 160-200 manat civarındadır.
21. İşin mübahisə doğuran bu halını nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in tələblərinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).
22. İş materiallarından görünür ki, cavabdeh Müəssisə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazimi qaydada (cavabdeh Müəssisənin elektron kabinetinə dəfələrlə elektron bildirişlər göndərməklə) xəbərdar edilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya qarşı etiraz və mülahizələrini, habelə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi MPM-nin 185.5-ci maddəsinin tələbinə əsaslanaraq işə cavabdeh Müəssisənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. MPM-in 185.5-ci maddəsinə görə, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
24. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi prosessual normalara riayət etmiş, işə cavabdeh Müəssisənin nümayəndəsinin iştirakı olmadan baxmaqda haqlı olmuş, cavabdeh Müəssisənin internet resurslarından əldə etdiyi və apellyasiya icraatı zamanı istinad etdiyi məlumatlar gecikdirilmiş sübut kimi qiymətləndirilməli, həmin sübutlar gecikdirilməklə verildiyindən və cavabdeh Müəssisə həmin sübutların hansı səbəbdən gec təqdim edilməsini əsaslandırmadığından onlara istinad edilməsi yolverilməzdir.
25. Göstərilənləri və işin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
27. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.).
28. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Müəssisə tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin olaraq 2.151,38 manat məbləğində pul vəsaitini cavabdeh Müəssisədən iddiaçının xeyrinə tutmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdehin Müəssisənin özünə aid edilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, hazırki iş üzrə iddia qiyməti beş min manatdan az olduğu üçün hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" X4 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov “Əsli ilə düzdür”
Hakim Məmməd Məmmədov