Məhkəmə qərarları › İş №2(103)-2868/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2868/2025

03.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2868/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Bakı şəhəri Xəzər Rayon Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) ərazinin (dalanın) əvvəlki vəziyyətinə qaytarılması, dirəyin cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Bakı şəhəri Xəzər Rayon Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) ərazinin (dalanın) əvvəlki vəziyyətinə qaytarılması, dirəyin cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(003)-93/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov, 26 saylı ev (daşınmaz əmlakın ümumi sahəsi 99,10 m2, torpaq sahəsinin ölçüsü 0,0440 ha) İddiaçı mülkiyyətidir.

2. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 21 dekabr 2005-ci il tarixli, 144 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, R.İmanov küçəsində zəbt etdiyi 198,5 kv.metr torpaq sahəsi Cavabdeh 1 m2 torpaq sahəsinin qiyməti 13600 manat hesabı ilə satılması, torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır.

3. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Buzovna Bələdiyyəsinin ərazisində olan 198,5 m2 torpaq sahəsi Cavabdeh satılmışdır.

4. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Eldar Pəncəliyevə ünvanlanmış 23 noyabr 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh iştirakı ilə birlikdə tərəflərindən sözügedən əraziyə baxış keçirilmişdir. Cavabdeh izah olunmuşdur ki, qapılarının qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. Həmin ərazidə abadlıq işləri aparılarkən gül bitkilərini əkilməsini elə təşkil etməli idi ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Tərəflərindən vətəndaş Cavabdeh bildirilmişdir ki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazıçılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı darvazanın qarşısında yerləşən ərazinin (dalanın) əvvəlki vəziyyətə qaytarılması, həmin darvazanın qarşısındakı yol kənarı dirəyin (bordürün) cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən adına ünvan 3-da yerləşən fərdi yaşayış evi və 0,0440 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Qonşusu - Cavabdeh ona darvazasının qarşısında yerləşən dalandakı keçid yoldan istifadə etməsinə mane olur. Bundan başqa darvazasının qarşısında heç bir tikinti normalarına əməl etmədən qanunsuz yol kənarı dirəklər yerləşdirmiş, bu əməllə dalandakı keçid yolu daraltmışdır. Yol daraldığından həmin dalanda yalnız bir nəqliyyat vasitəsi saxlamaq mümkün olur. O həmin dalanda avtomobilini saxlayanda isə cavabdeh öz fərdi yaşayış evinə daxil ola bilmir, cavabdeh öz avtomobilini saxlayanda isə o, öz avtomobilini darvazasının qarşısında saxlaya bilmir. Texniki pasportdan da göründüyü kimi torpaq sahəsi üzrə darvazanın qarşısı dalan, kənarı isə yoldur. Cavabdehin hərəkətlərinə görə o, avtomobilini evdən çox kənarda saxlayır. Hasarın kənarı üzrə gedən yol kənarında saxlamaq isə başqaları üçün təhlükəli, həm də qanunsuzdur. Həmçinin qeyd edir ki, övladlarından biri serebral iflicdir və o, daimi əlil arabasında gəzir. Onun sağlamlığı yerində olmadığından tez-tez xəstəxanaya aparmalı olur. Bu zaman isə nəqliyyat vasitəsinin ona məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan keçid yolda saxlaya bilmədiyindən onun vaxtında xəstəxanaya çatdıra bilmir. Cavabdehə mübahisə ilə bağlı dəfələrlə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bundan başqa, mübahisə ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də müraciət olunmuş, cavabdehə izah olunmuşdur ki, qapıların qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. həmin ərazidə abadlıq işləri aparılarkən gül bitkilərinin əkilməsi elə təşkil edilməlidir ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Həmçinin ona bildirilmişdir ki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun.

7. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı öz avtomaşınını öz darvazasının qarşısında sərbəst surətdə saxlaya bilir, həyətinə sərbəst surətdə girib-çıxa bilir. Ona heç bir maneəçilik törətmir. Ona maneəçilik törədən iddiaçıdır, çünki iddiaçının evi, onun evinindən qabağında yerləşir və iddiaçı öz avtomaşınını darvazasının qarşısında saxlayanda o öz darvazasına maşınla yaxınlaşa bilmir. O, öz evinin qarşısında abadlıq işləri görmüş, çünki həmin ərazi vaxtı ikən zibillikdən ibarət olmuşdur, ora xərc çəkmiş, öz hesabına abadlıq işləri görmüş və abadlaşdırıb kollar əkmiş, oranı yaxşılaşdırmışdır. İndi iddiaçı ondan nə istəyir, onu başa düşə bilmir. İddiaçı 2021-ci ildə həmin evi alanda artıq bu abadlıq işləri olmuş, işlərin 80 faizi görülüb qurtarmışdır. Onda iddiaçı bunu görmüş və bilmişdir. Belə olan halda evi almayaydı. Hətta o, iddiaçının darvazasının qarşısını təmizlədib abadlaşdırmış, ora aqlay daş düzdürmüş, özündən onu ayırmamış, özünə necə təmir etmiş, ona da elə. Ona görə bunu etmişdir ki, gələcəkdə aralarında narazılıq olmasın, mehriban qonşuluq münasibətlərində olsunlar. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, onun darvazasının qarşısındakı hal-hazırda abadlaşdırdığı sahə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Buzovna Bələdiyyəsinin 21 dekabr 2005-ci il tarixli 144 saylı sərəncamı ilə ona satılmışdır. Həmin sərəncama əsasən ona 198,5 m2 torpaq sahəsi satılmışdır və o, Bələdiyyəyə torpaq sahəsinin 1 sotuna 13600 manat, cəmi ******* manat pul ödəmişdir. Həmin sahə onun mülkiyyətindədir. İddiaçının həmin torpaq sahəsinə qarşı heç bir hüququ ola bilməz, həmin torpaq sahəsinə görə o, bələdiyyəyə əmlak vergisi ödəyir.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 10/2601 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi 26 saylı evin giriş-çıxış qapısı fərdi yaşayış evinin texniki pasportuna və layihə sənədlərinə uyğundur. Qeyd olunan giriş - çıxış darvazası qonşu ilə ümumi istifadədə olan dalana açılır. Faktiki olaraq iddiaçının qonşusu (Cavabdeh) həmin dalanda abadlıq işləri apararaq iddiaçının mülkiyyətində olan ərazisinə giriş-çıxışına narahatçılıq yaradır. İddiaçı məxsus evin giriş-çıxış qapısındakı həmin yolun eni 4 metr təşkil edir. Mülki iş materiallarında olan, Buzovna Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş, “Cavabdeh ayrılan torpaq sahəsinin sxemi və xəritədən çıxarış"da torpaq sahəsinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər məsafələr qeyd olunmadığından ünvan 2 ünvanda iddiaçıya məxsus evin giriş-çıxış yolunun qarşısında yerləşən mübahisəli torpaq sahəsinin Buzovna Bələdiyyəsinin verdiyi sxemə (Cavabdeh adına) uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 3 ünvanının qarşısında yerləşən dalan tərəflərin iştirakı ilə məhkəmə tərəfindən yerində müayinə edilmiş və yerinə müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyd olunan ünvan avtomobil yolunun kənarında yerləşir. Mübahisə predmetinə daxil olan dalan həmin avtomobil yolun kənarında olmaqla iddiaçıya və cavabdehə məxsus yaşayış evlərinin darvazaları orada yerləşir. Dalana daxil olduqda təxminən 2 metr sonra solda iddiaçıya məxsus darvaza yerləşir, dalanın sol hissəsində uzununa iddiaçının yaşadığı ev, evin qurtaracağı hissədə, yəni dalanın giriş hissəsinin qarşısında cavabdehə məxsus yaşayış evinin dəmir darvazası yerləşir. Dalanın sol hissəsi təxminən eni 4 metrdən, örtüyü aqlay daşlardan ibarət olan yoldan, sağ hissəsi isə hündürlüyü təxminən 10 sm olan beton dirəklərlə (bordürlara) əhatə olunmuş sahədən ibarətdir. Həmin sahənin örtüyü kiçik ölçülü daşlardan ibarətdir, sahənin sərhədlərində olan dirəklərin yanında isə bitki kolları əkilmişdir (abadlaşdırılmışdır). Həmin sahə cavabdehə məxsus divardan başlamaqla sonu təxminən iddiaçıya məxsus darvazanın sol dirəyində bitir. Həmçinin müəyyən olunur ki, həmin dalanın qarşısında olan avtomobil yolunun kənarı eni təxminən 2 metr olan səkidən ibarətdir. Hətta dalanın abadlaşdırılmış hissəsinə düşən həmin səkinin hissəsi təxminən 3- 4 metr olar. Sökülməsi tələb olunan dirək (bordür) isə iddiaçıya məxsus darvazanın qarşı hissəsinə düşən abadlaşdırılmış sahənin dirəklərindən ibarətdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(003)- 93/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, iddia tələbinin əsaslarını, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanına aid darvazanın yerləşdiyi dalanda, qanunsuz olaraq abadlaşdırma işlərinin aparılması və bunun nəticəsində dalanda olan yolun daralması səbəbindən iddiaçı tərəfindən darvazasının qarşısında nəqliyyat vasitəsinin saxlaya bilməməsi, bununla da həmin dalandan istifadə edilməsinə cavabdeh tərəfindən maneənin yaradılması hallarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı hesab edilməsi üçün həqiqətən də mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud olmalıdır ki, hazırki iş üzrə bu hal müəyyən edilmir. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdehin darvazası iddiaçıya məxsus darvazadan sonra yerləşir və cavabdeh özünə aid nəqliyyat vasitəsini öz darvazasının qarşısında saxlayır və bu zaman iddiaçıya hər hansı bir maneə törədilmir. Əksinə iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı özünə məxsus nəqliyyat vasitəsini dalanda, darvazasının qarşısında saxladığı vaxtı cavabdeh avtomobili ilə öz həyətinə daxil ola bilmir. Həmçinin, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının nəqliyyat vasitəsinin saxlanılması üçün bir neçə seçimi olduğu halda, o, bu seçimlərdən istifadə etmək niyyətində deyil və onun istəyi məhz dalanda olan və cavabdeh tərəfindən abadlaşdırımış sahənin kənarında olan dirəklərin sökülməsidir. Halbuki, iddiaçı nəqliyyat vasitəsini darvazasının tam qarşısında və ya abadlaşdırılmış sahənin qarşısında (iş materiallarında olan fotoşəkillərdə əks olunmuş “Toyota Prius” markalı avtomobilin saxlanıldığı yer), və ya həyətində saxlamaq imkanı vardır. Lakin onun bu imkanların olmasına baxmayaraq, o bu imkanlardan istifadə etmək istəmir. Ona görə də məhkəmə, “iddiaçının avtomobili dalanda olduğu zaman cavabdeh avtomobili ilə evinə daxil ola bilməməsi, cavabdehin avtomobili dalanda olması səbəbindən iddiaçı öz avtomobilini darvazasının qarşısında saxlaya bilməməsi və bu səbəblərə görə iddiaçının nəqliyyat vasitəsinin yaşadığı evdən çox kənarda saxlaması” əsasını cavabdeh tərəfindən əmlakdan istifadəyə törədilən maneə kimi qəbul edilməsini mümkün və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsini düzgün hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan dalanda cavabdeh tərəfindən iddiaçıya əmlakından istifadə etməsi barədə mötəbər və əsaslı dəlillər təqdim edilməmiş, həmçinin bu hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində cavabdeh tərəfindən dalanda abadlıq işləri aparılaraq iddiaçının mülkiyyətində olan ərazisinin giriş çıxışına narahatçılıq yaradıldığı göstərilsə də, bu hal hər hansı bir ekspertiza tədqiqatı ilə əsaslandırılmamış, ümumiyyətlə bu sual üzrə hər hansı bir araşdırmanın aparılması, narahatçılığın nədən ibarət olması ekspert rəyində göstərilməmişdir. Ona görə də ekspert rəyinin həmin hissəsini məhkəmə, iş üzrə sübut kimi qiymətləndirilməsini mümkün hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixli Dövlət Şəhərsalma Norma və Qaydalarının 9-cu cədvəlinə əsasən məhəllə daxilində yerləşən küçədə hərəkət zolağının eni 2,75-3,0 metr və səkinin piyada hissəsinin eni isə 0-1,0 metr olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, faktiki vəziyyətdə yol kimi qeyd edilməklə tutulmuş sahə Dövlət Şəhərsalma Norma və Qaydaların 9-cu bəndi üzrə qiymətləndirilməlidir (yəni kəndllərdə tətbiq edilən cədvəl). Eyni zamanda məhkəmə onuda qeyd edir ki, tərəflər arasında qonşuluq münasibətləri mövcuddur və sözügedən sahə məhəllə arası yol kimi qiymətləndirilməlidir. Sözügedən normanın 9-cu cədvəlinə uyğun olaraq isə məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi əsasən hərəkət zolağının eni 2,75-3 metr, səkinin piyada hissəsi 0-1 metr, yəni maksimum 4,0 metr (səkinin piyada hissəsinin eni ilə birlikdə) müəyyən edilmişdir. Hazırki halda isə görünür ki, tərəflərin yaşadığı küçənin maksimum eni 4 metr nəzərdə tutulmuşdur ki, mübahisəli ünvanda yerləşən yolun eni 4 metrdir. Yəni, qanunvericikdə göstərilən cədvəl göstəricilərinə münasibətdə yolun eni maximum olmalı məsafəni tamamlamaqla qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli yolun kənarında sahənin abadlaşdırılması iddiaçının hüquqları pozmur. Həmçinin cavabdeh tərəfindən abadlaşdırma işlərinin aparıldığı torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmadığından məhkəmə hesab edir ki, dalanın həmin hissəsi ilə bağlı iddiaçının iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsinin hissəsinin cavabdehin qanuni sahibliyində olub-olmamasından asılı olmayaraq iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüquqi bağlılığı yoxdur. Bu torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olmayan hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış tikintinin sökülməsi və ya aparılmış abadlıq işlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia irəli sürmək müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid məsələlərdən ibarətdir. Hazırki işdən isə görünür ki, Xəzər Rayon İcra hakimiyyəti tərəfindən iş üzrə tərəflərin darvazalarının qarşısındakı ərazi dövlətə məxsus olması və həmin ərazidə hər iki tərəfin maşın saxlanılması mümkün olması üçün gül bitkilərinin yerlərinin dəyişdirilməsi yalnız şifahi qaydada bildirilmiş və bu halın qanunsuz olması müvafiq qaydada mübahisələndirilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.2, 180.1, 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı həmin dalanda avtomobilini saxlayanda isə cavabdeh öz fərdi yaşayış evinə daxil ola bilmir, o öz avtomobilini saxlayanda isə iddiaçı öz avtomobilini darvazanın qarşısında saxlaya bilmir. Texniki pasportdan da göründüyü kimi, torpaq sahəsi üzrə darvazanın qarşısı dalan, kənarı isə yoldur. Cavabdehin hərəkətlərinə görə iddiaçı avtomobilini evdən çox kənarda saxlayır. Hasarın kənarı üzrə gedən yol kənarında saxlamaq isə başqaları üçün təhlükəli, həm də qanunsuzdur. Həmçinin, iş materiallarından da göründüyü kimi, mübahisə ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də müraciət olunmuş, cavabdehə izah olunmuşdur ki, qapıların qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. Həmin ərazidə abadlı işləri aparılarkən gül bitkilərinin əkilməsi elə təşkil edilməlidir ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Həmçinin, ona bildirilmişdir ki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun. Məhkəmə isə öz qətanməsində “mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud olmalıdır ki, hazırki iş üzrə bu hal müəyyən edilməməsi nəticəsinə, həmçinin iddiaçının nəqliyyat vasitəsinin saxlanılması üçün bir neçə seçimi olduğu halı qeyd etməklə səhv nəticəyə gəlmiş, iş materiallarında, məhkəmə iclaslarında, həmçinin yerində müəyinə zamanı bunun əksinin müəyyən olduğunu nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində iddiaçının subyektiv hüququnun olmamasına toxunsa da, nəzərə almamışdır ki, mübahisəli ərəzidə tərəflərdən yalnız iddiaçının mülkiyyətə dair dövlət reyestrindən çıxarışı vardır. Həmçinin, ekspert rəyindən də göründüyü kimi Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi 26 saylı evin giriş-çıxış qapısı fərdi yaşayış evinin texniki pasportuna və layihə sənədlərinə uyğundur. Qeyd olunan giriş çıxış darvazası qonşu ilə ümumi istifadədə olan dalana açılır. Faktiki olaraq iddiaçının qonşusu (Cavabdeh) həmin dalanda abadlıq işləri apararaq, iddiaçının mülkiyyətində olan ərazisinə giriş-çıxışına narahatçılıq yaradır. Qeyd olunan maneə və narahatlıq məhz cavabdehin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili nəticəsində yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 10/2601 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi 26 saylı evin giriş-çıxış qapısı fərdi yaşayış evinin texniki pasportuna və layihə sənədlərinə uyğundur. Qeyd olunan giriş-çıxış darvazası qonşu ilə ümumi istifadədə olan dalana açılır. Faktiki olaraq iddiaçının qonşusu (Cavabdeh) həmin dalanda abadlıq işləri apararaq iddiaçının mülkiyyətində olan ərazisinə giriş-çıxışına narahatçılıq yaradır. İddiaçı məxsus evin giriş-çıxış qapısındakı həmin yolun eni 4 metr təşkil edir. Mülki iş materiallarında olan (səhifə 29), Buzovna Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş, Cavabdeh ayrılan torpaq sahəsinin sxemi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər məsafələr qeyd olunmadığından ünvan 2 ünvanda iddiaçıya məxsus evin giriş-çıxış yolunun qarşısında yerləşən mübahisəli torpaq sahəsinin Buzovna Bələdiyyəsinin verdiyi sxemə (Cavabdeh adına) uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin maneəsinin mövcudluğu ekspert rəyində müəyyən olunsa da məhkəmə əsassız olaraq rəyə düzgün qiymət verməyərək ekspertin rəyini əsassız olaraq sübut kimi qiymətləndirməkdən imtina etmişdir. Bundan başqa əvvəlki məhkəmə iclaslarında ifadə verən cavabdeh yazılı etirazından fərqli olaraq maneəni necə törətdiyini, işin faktiki hallarını etiraf etmişdir. Qeyd edilən hallar, həmçinin yerində müayinə zamanı də müəyyən olunmuşdur. Cavabdehin maneəsinin mövcudluğu ekspert rəyində müəyyən olunsa da, məhkəmə əsassız olaraq rəyə düzgün qiymət verməyərək, ekspertin rəyini əsassız olaraq sübut kimi qiymətləndirməkdən imtina etmişdir. Məhkəmə isə öz qətnaməsində “mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya maneəçiliyin törədilməsi halı mövcud olmalıdır ki, hazırki iş üzrə bu hal müəyyən edilməməsi nəticəsinə, həmçinin iddiaçının nəqliyyat vasitəsinin saxlanılması üçün bir neçə seçimi olduğu halı qeyd etməklə səhv nəticəyə gəlmiş, iş materillarında, məhkəmə iclaslarında, həmçinin yerində müəyinə zamanı bunun əksinin müəyyən olduğunu nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində cavabdeh tərəfindən abadlaşdırma işlərinin aparıldığı torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmadığını, dalanın həmin hissəsi ilə bağlı iddiaçının iddia qaldırılması üçün subyektiv hüququnun olmadığını hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının subyektiv hüququ məsələsinə də düzgün qiymət verməmiş, iddiaçının tələbinin cavabdeh tərəfindən törədilən maneə hissəssində mübahisələndirildiyini, abadlaşdırılmış ərazinin bütünlüklə sökülməsi tələbinin nə iddiada, nə məhkəmə iclaslarında, nə də yerində müəyinədə irəli sürülmədiyi, beləliklə subyektiv hüququnun iddiaçıya maneə ilə sərhədləndiyi müəyyən olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(103)- 2868/2025 nömrəli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertizanın keçirilməsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssislər cəlb olunaraq rəy alınması qərara alınmış, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-10/5589/2025 nömrəli məhkəmə tikintitexniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2025-ci il tarixli, 3-21- 3-30/2-57364/2025 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, sözügedən mübahisəli ərazi yol kənarı boş ərazi olmuş, dalan kimi istifadə edilmişdir. Hər iki qonşunun həmin əraziyə giriş-çıxışı darvazası olmuş, hazırda da darvazaları mövcuddur. Cavabdeh həmin ərazidə abadlaşdırma işləri aparmışdır (dekorativ kollar əkmişdir). Bu səbəbdən keçid yolu daralmışdır. Həmin keçid yolunda bir avtomobil dayandıqda digəri keçə bilmir. Mübahisəli ərazi yol kənarı boş sahə olduğundan aidiyyəti qurumların rəyinin alınması məqsədəuyğundur. Mübahisəli ərazinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş 0,023 ha torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sözügedən sahə bazada yol parseli kimi göstərilib. Sahədən cənub-şərqdə təqribən 40.0 metr aralı məsafədə ləğv olunmuş neft quyusu mövcuddur. Həmçinin, sahədən şərqdə yolboyu 325.0 mm-lik qaz daşıyıcı xətlərin baza məlumatı vardır (təqribən 2.9 m məsafə). Bundan əlavə qərardadda göstərilən sahələrin sənəd üzrə yerləşməsi ilə bağlı ortofoto təsviri rəyə əlavə olunur.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2025-ci il tarixli, 3-16-16/2-10/8302/2025 nömrəli məhkəmə tikintitexniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikiasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov, 26 saylı evin mülkiyyətçisi olduğundan və mübahisə predmeti olan ərazi ona məxsus evin giriş qapısının qarşısında yerləşdiyindən onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ vardır.

26. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən, qeyd etmişdir ki, cavabdehin darvazası iddiaçıya məxsus darvazadan sonra yerləşir və cavabdeh özünə aid nəqliyyat vasitəsini öz darvazasının qarşısında saxlayır və bu zaman iddiaçıya hər hansı bir maneə törədilmir, əksinə iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı özünə məxsus nəqliyyat vasitəsini dalanda, darvazasının qarşısında saxladığı vaxtı cavabdeh avtomobili ilə öz həyətinə daxil ola bilmir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, bu əsaslandırma iddiaya etirazın əsasları ilə eyniyyət təşkil edir və işin halları ilə uyğun gəlmir.

28. Cavabdeh iddiaya etirazın əsası kimi mübahisə predmeti olan torpaq sahəsinin Buzovna Bələdiyyəsinin 21 dekabr 2005-ci il tarixli 144 saylı sərəncamı ilə ona satıldığını iddia edir.

29. Lakin mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsində yerləşsə də cavabdehin istinad etdiyi sərəncamda torpaq sahəsinin ünvanı kimi “Buzovna qəsəbəsi, R.İmanov küçəsi” qeyd olunmuşdur.

30. Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2025-ci il tarixli, 3-21-3-30/2-57364/2025 nömrəli mütəxəssis rəyində torpaq sahəsinin statusu ilə bağlı qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş 0,023 ha torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur), sözügedən sahə bazada yol parseli kimi göstərilib, sahədən cənub-şərqdə təqribən 40.0 metr aralı məsafədə ləğv olunmuş neft quyusu mövcuddur, həmçinin, sahədən şərqdə yolboyu 325.0 mm-lik qaz daşıyıcı xətlərin baza məlumatı vardır (təqribən 2.9 m məsafə).

31. Həm ünvanlar arasında olan fərq, həm də vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması, bazada yol parseli kimi göstərilməsi onu təsdiq edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı bir hüququ mövcud deyildir.

32. Bundan başqa, mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli ərazi yol kənarı boş ərazi olmuş, dalan kimi istifadə edilmişdir. Hər iki qonşunun həmin əraziyə girişçıxışı darvazası olmuş, hazırda da darvazaları mövcuddur. Cavabdeh həmin ərazidə abadlaşdırma işləri aparmışdır (dekorativ kollar əkmişdir). Bu səbəbdən keçid yolu daralmışdır. Həmin keçid yolunda bir avtomobil dayandıqda digəri keçə bilmir.

33. Məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin yerində müayinəsi aparılarkən mütəxəssis rəyində qeyd olunan xüsusatlar tam olaraq təsdiqini tapmışdır, yəni, keçid yolunun daralması, həmin yolda bir avtomobil dayandıqda digərinin keçə bilməməsi, bununla da iddiaçının hüquqlarını məhdudlaşdırıldığı aşkardır. Qeyd olunan xüsusatlar iddianın təmin olunması üçün əsas təşkil etsə də, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməyərək iddianın rədd olunması qənaətinə gəlmişdir.

34. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(003)-93/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(003)-93/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. ünvan 4 ünvanındakı darvazanın qarşısında yerləşən ərazi (dalan) Cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq, həmin darvazanın qarşısındakı yol kənarı dirəklər onun hesabına sökülsün, ərazi təmizlənərək istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar