Məhkəmə qərarları › İş №2(103)-2869/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2869/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2869/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 15.02.2010-cu il tarixli 09L000001181 saylı “Kredit xətti müqaviləsinə” əsasən 14.02.2020-ci il tarixə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 4.682,55 ABŞ dolları məbləğində pulun Cavabdeh1 və onun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 15.02.2010-cu il tarixli “Kredit xətti müqaviləsinə” əsasən Cavabdeh1 üçün 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə çərçivəsində Bank ilə Cavabdeh1 arasında imzalanmış 24.07.2015-ci il tarixli “Sazişə” əsasən kredit xəttinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq 500.000 ABŞ dolları, müddət isə 185 ay müəyyən edilmişdir. “Kredit xətti müqaviləsi” çərçivəsində Cavabdeh1 ilə Bank arasında bağlanmış 24.07.2015-ci il tarixli “Razılaşma” əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Bankdan 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 11.05.2016-cı il tarixli “Sazişlə” ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.06.2016-cı il tarixdən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5.317,45 ABŞ dolları ödəmiş, borcun 4.682,55 ABŞ dolları məbləğində olan hissəsini isə ödəməmişdir. Göstərilənləri nəzərə alan Bank hesab edir ki, həmin əsas kredit borcunun ödənilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bankın xeyrinə müştərək qaydada 4.682,55 ABŞ dolları məbləğində pul tutulmalıdır. Çünki Bank ilə hər 3 cavabdeh arasında bağlanmış 24.07.208-ci il tarixli “Zaminlik müqavilələrinə” əsasən Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.09.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlərə münasibətdə iddianın təmin edilməsi əsassızdır. Belə ki, kreditin verilməsi şərtləri dəyişdirilərkən bu barədə zaminlərə məlumat verilməmişdir, hal bu ki, şərtlər ağırlaşmışdır. Belə olan halda zaminliyə xitam verilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Bundan başqa, Rayon Məhkəməsi nəzərə almamışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi 28.02.2019-cu il tarixli Fərmanından irəli gələn hallara əsasən tətbiq olunmuş kompensasiya hesabına borc silindikdən sonra onunla yeni müqavilə bağlanmalı idi. Lakin hər dəfə Banka bununla bağlı müraciət etsə də, Bankın əməkdaşları ona gözləməli olduğunu bildirmişlər. Cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (borcalan) Cavabdeh1 ilə yanaşı digər cavabdehlərə (zaminlərə) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin digər cavabdehlərə (zaminlərə) aid hissəsinin də ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin və apellyasiya şikayətinin zaminlərə aid olan hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 15.02.2010-cu il tarixli “Kredit xətti müqaviləsinə” əsasən Cavabdeh1 üçün 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə çərçivəsində Bank ilə Cavabdeh1 arasında imzalanmış 24.07.2015-ci il tarixli “Sazişə” əsasən kredit xəttinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq 500.000 ABŞ dolları, müddət isə 185 ay müəyyən edilmişdir. “Kredit xətti müqaviləsi” çərçivəsində Cavabdeh1 ilə Bank arasında bağlanmış 24.07.2015-ci il tarixli “Razılaşma” əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Bankdan 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 11.05.2016-cı il tarixli “Sazişlə” ödəniş planına dəyişiklik edilmişdir. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından”, işdə olan digər sənədlərdən, habelə Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin məzmundan görünür ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış razılaşmaların şərtlərini pozaraq Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir hissəsini Banka ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, Cavabdeh1 götürdüyü kredit borcundan 5.317,45 ABŞ dolları Banka ödəmiş, borcun 4.682,55 ABŞ dolları məbləğində olan hissəsini isə ödəməmişdir. R.Sadığovun Banka ödənilməmiş qalan faiz borcu və dəbbə borcu yoxdur. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, Bank, yaranmış borcunun ödənilməsi tələb etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə Cavabdeh1 kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan Cavabdeh1 icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində borcunun məbləğini ümumiyyətlə mübahisələndirmir. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi 28.02.2019-cu il tarixli Fərmanından irəli gələn hallara əsasən tətbiq olunmuş kompensasiya hesabına borc silindikdən sonra onunla yeni müqavilə bağlanmalı idi. Lakin hər dəfə Banka bununla bağlı müraciət etsə də, Bankın əməkdaşları ona gözləməli olduğunu bildirmişlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdeh ilə yeni şərtlərlə müqavilənin bağlanmaması halı hazırki iddia tələbinin təmin edilməməsi üçün əsas deyil. Çünki yuxarıda qeyd olunan Fərmanın göstərişlərinə əsasən, yeni kredit müqaviləsi bağlandığı təqdirdə də əsas borcun məbləği olduğu kimi qalacaq, yalnız faiz və cərimənin hesablanması ilə bağlı güzəştlər tətbiq olunacaq idi. Lakin hazırki iş üzrə iddiaçı Bank faiz və cərimə tələb etmir. Bankın tələbi yalnız əsas borcla bağlıdır. Bu baxımdan yeni kredit müqaviləsinin bağlanmaması halı hazırki iddia tələbləri həddində cavabdehin hüquqlarını pozmur. Digər tərəfdən qeyd edilməlidir ki, yuxarıda qeyd edilən Fərmanın icrası ilə bağlı Bank ilə Cavabdeh1 arasında yeni müqavilənin bağlanması üçün Cavabdeh1 Banka getməsi tələb olunurdu. Lakin Cavabdeh1 Banka getməsi, buna baxmayaraq onunla müqavilənin bağlanmaması, Cavabdeh1 birldirdiyi kimi, müqavilənin bağlanmamasında Bankın əməkdaşlarının təqsirli olması barədə apellyasiya şikayətinin dəlilini təsdiq edə biləcək sübutlar Cavabdeh1 tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Hal bu ki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar