Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2876/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh Yasamal rayonu, Şərifzadə küçəsindəki 162 saylı evin 66-cı mənzilində xx.xx.2008-ci ildən qeydiyyatdadır. Cavabdeh xx.xx.2014-cü ildə mənzili Samir Ömərova satmışdır. "xxxx" MMC ilə Dövlətov Emil arasında bağlanılmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2012-ci il tarixində 6,90 manat borc ilə şəbəkədən ayrılmışdır. İddiaçının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 0747 KA saylı akta əsasən həmin binaya baxış keçirilmiş, mənzildə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 64,20 manat məbləğində vurulmuş maddi zərərin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 94,60 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 saylı evin, 66 saylı mənzilində yaşamış Dövlətov Emil ilə İddiaçı MMC arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstəriməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdə bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixinədək son ödəməsini etmiş və xx.xx.2012-ci il tarixdə 6,90 manat borcla şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-1020/2023) iddia təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya hər hansı maddi ziyan vurması faktı sübuta yetirilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli akt iddiaçının əməkdaşları ilə yanaşı həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı tərəfindən də təsdiq edilmişdir. Akt tərtib edilərkən mənzil sahibi mənzildə olmadığından iştirakı təmin edilməmişdir. Şəbəkəyə qoyulmuş kabelin cavabdehə məxsus mənzilə daxil olması təqdim olunmuş videogörüntüdə əksini tapır. Mübahisəyə 10 illik müddət tətbiq edilməli idi ki, iddiaçı həmin müddət ərzində iddianı qaldırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı "xxxx" MMC ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. 11.Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12.Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 13.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 14.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 15.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 16.Maddə 1097.3. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
Apellyasiya baxışının hədləri
18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. 21.Belə ki, 0747 KA saylı, xx.xx.2013-cü il tarixli akt tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonuncu aktın xx.xx.2013cü il tarixdə tərtib edilməsinə bağmayaraq 10 il ərzində aktla bağlı cavabdehdən pul tələb edlməmiş və 10 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Video görüntüdən də həmin çəkilişin hansı ünvanda, hansı tarixdə, kim tərəfindən aparıldığını və kabel xəttinə qanunsuz qoşulmanın kim tərəfindən və hansı vaxtdan olub-olmaması faktını və bu kimi digər mühüm əhəmiyyət kəsb edən digər halları müəyyən etmək mümkün olmamışdır. 22.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 23.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 24.İddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 25.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.