Məhkəmə qərarları › İş №2(103)-2876/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2876/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2876/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 108/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Skoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. Həmin avtomobilə Cavabdeh1 tərəfindən əyaqla zərbələr vurularaq maddi zərər vurulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən fakt üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. Bu qərara uyğun olaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsiin sahə rəisi F.Paşayev tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 69/2023 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər – 2.050 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 477/2023 saylı qərarı ilə qeyd edilən qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. “Qaynaqçı” kiçik müəssisəsinin xx.xx.2022-ci il tarixli zərə aktına əsasən ** MK *** dövlət nömrə nişanlı, “Şkoda Fabia” minik markalı avtomobilə dəymiş zərər 2.050 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmamışdır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qaynaqçı” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Şkoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.770 manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü-cü il tarixli rəyə əsasən baxışa təqdim olunmuş “Skoda Fabia” markalı avtomobil təmir olunduğundan hadisə zamanı avtomobilin zədələnmiş hissələrini müəyyən etmək mümkün olmamışdır. Skoda avtoservis mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis arayışına əsasən (yəni avtomobilin üzərində təmir işləri aparıldığından) tədqiqata təqdim edilmiş “Skoda Fabia" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı üzərində olan zədələnmiş hissələrini və zədələrin xarakterini müəyyən etmək mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Qaynaqçı" kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Skoda Fabia" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1.770 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/6663 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi təsdiq edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 420 manat, təmir-bərpa işlərinin qiyməti - 1350 manat.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus “Skoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərə görə 2.050 manat maddi zərər əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı1 ödənilməsi və vurulmuş mənəvi zərərlərə görə də 5.000 manat mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Cavabdeh1, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, təqribən 20:00-21:00 radələrində, ünvan 1 ünvanında, sərxoş vəziyyətdə, İddiaçı1 məxsus, “Şkoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kapot qapağını əzməklə, sol qabaq faranı sındırmaqla və sol qapısını əzərək avtomobilə ümumilikdə 2.050 manat məbləğində maddi zərər vurmuşdur. Eləcə də Cavabdeh1 digər cavabdehlərlə birlikdə onları ətrafda xeyli insanların olduğu halda ağır forma söyüşlərə, təhqirlərə məruz qoymaqla ağır iztirablar yaşatmış (təcili yardım çağırılmış, müalicəyə məruz qalmışlar, dərmanlar alınmışdır) və nəticə etibarı ilə də onlara ağır mənəvi zərər vurmuşdur. Bu baş verənlərlə əlaqədar Bakı şəhəri, Nəsim RPİ-nin 19cu PŞ-də araşdırma aparılmış və cavabdehlərin əməlləri Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Cavabdehlərin inzibati məsuliyyəti ilə yanaşı, onların mülki məsuliyyəti də yaranmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-108/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 1.770 manatın tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 260 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 təqsirli olduğu qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş, həmin hadisə nəticəsində İddiaçı1 əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan ekspertiza rəylərinə əsaslanaraq hesab etmişdir ki, həmin rəylər sübut kimi qəbul edilməlidir. Bununla bağlı məhkəmə baxışı zamanı Cavabdeh1 mübahisələndirdiyi əsas halın (avtomobilin yan qapısına ziyan vurulmasına görə hesablanmalı zərərin əvəzinin tutulmalı olması) araşdırılması üçün iddiaçı tərəfin təqdim etdiyi video yazıya baxış keçirilərkən, hadisə zamanı zərbənin nəinki qapıya, avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön işığına endirilməsi izlənilməklə müəyyən edilmişdir. Məhkəmə həmçinin, qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə iclasında yalnız qapıya zərbə vurmasını bildirsə də, Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi ilkin izahatında avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön qapısına təpik vurmasını etiraf etmiş, məhkəmə baxışı zamanı video yazıya baxış keçirilərkən isə həmçinin zərbənin avtomobilin sol ön işığına endirdiyi də sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 tərəfindən törədilmiş delikt nəticəsində İddiaçı1 əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və müvafiq olaraq iddia tələbi həmin hissədə qismən təmin olunmaqla hadisə zamanı avtomobilə dəyən zərərin əvəzi kimi, 1.770 manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir.

6. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılara mənəvi zərər dəyməsinin nədə ifadə edilməsi müəyyən olunmamaqla, sübut kimi təqdim edilmiş alınmış dərmanlara dair qəbzlər dəymiş mənəvi ziyanla səbəbli əlaqə yaratmır. Odur ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir

7. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 260 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı, 21-ci, 386.1-ci, 1096-cı, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76.3-cü, 77.1-ci, 95-ci, 107-ci, 119.1-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi rayon prokurorunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan göründüyü kimi, məlum hadisə baş verərkən İddiaçı2 Qənbər qızının göstərişi ilə işə aidiyyəti olmadığı halda ona “beşbarmaq”la xəsarət yetirilmiş, həmin xəsarətin təsirindən o, özündə olmamış və avtomobilə təpik vurmuşdur. İddiaçı videogörüntüləri özünə sərf edən hissədə təqdim etmiş, qalan hissəni gizlətmişdir. Həmin hadisədən 2 gün sonra onun tərəfindən çəkilmiş və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aydın görünür ki, avtomobilin qabaq sol qapısında cüzi batıq vardır, kapotda və ön sol farada isə heç bir zədə yoxdur. Lakin məhkəmə bu fotoşəkilləri heç tədqiq etməmişdir. Bu cüzi batıq nəticəsində 2.050 manat zərər dəyməsi absurddur. Digər tərəfdən əgər fara dəyişdirilibsə, zədələnmiş faranı təqdim etməlidir. Göründüyü kimi, qanunverici delikti təqsirli əməl kimi müəyyənləşdirmişdir. Təqsirli olmadan vurulmuş zərərin əvəzi o zaman ödənilir ki, obyektiv surətdə hüquqazidd əməl törədilmiş olsun. İddiaçı ona dəymiş maddi zərəri təsdiq edən videogörüntünü və “Qaynaqçı” KM-nin “zərər aktı”nı təqdim etməklə iddia tələbinin sübut edilmiş hesab etmişdir. Məhkəmə, həmin KM-nin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən lisenziyanın olub-olmamasını aydınlaşdırmamışdır. Həmin zərər aktı adi bir kağız parçasıdır. Digər tərəfdən bu zərər aktı yox, arayışdır. Zərər aktında hansı hissələrin dəyişildiyi, hansı hissələrin təmir edildiyi göstərilməli olduğu halda bu arayışda yalnız dəymiş zərərin məbləği göstərilmişdir. Məhkəmə qanunsuz tərtib olunmuş“zərər aktı” na və ona əsaslanmış ekspertiza rəylərinə əsaslanaraq, dəymiş real zərərin həcmini dəqiq müəyyən etmədən qətnamə çıxarmaqla bu normanın tələblərini pozmuşdur. Həm ilkin, həm də əlavə ekspertiza rəyləri ehtimallara, “Qaynaqçı” KM-nin verdiyi saxta bir arayışa əsaslanır. Həmin arayışda hansı hissələrin dəyişilməsi, hansı hissələrin təmir olunması və s. barədə heç bir məlumat olmasa da, ekspertiza rəylərində sol faranın dəyişilməsi, armatur, dəmirçi, rəngsaz, sol qapıda şüşə qaldıran və qızdırıcı matorun mexanizminin açılıb dəyişdirilməsi işlərinin qiymət cədvəli tərtib olunmuşdur. Saxta arayışda (qüsur aktında) bu barədə heç bir məlumat olmadığı halda, rəydə bunların haradan alındığı göstərilməmişdir. Qaynaqçı KM-nin verdiyi tam qanunsuz zərər aktında hansı hissələrin dəyişilməsi, hansı işlərin görülməsi barədə heç bir məlumat olmasa da, ekspertiza rəylərində belə bir cədvəlin tərtib olunması ağlasığmazdır. Onun təqdim etdiyi, hadisədən iki gün sonra çəkilmiş həmin avtomobilin fotoşəkillərində sol qapının üzərində cüzi bir batıq olduğu aydın görünsə də, məhkəmə buna diqqət yetirməmişdir. Cüzi batıq nəticəsində qapının içərisində şüşə qaldıranın və qızdırıcı matorun mexanizminin açılıb dəyişilməsi səbəbi aydınlaşdırılmamışdır. Ekspert rəylərində bir tərəfdən avtomobilin zədələnmiş hissələrinin və zədələrin xarakterinin müəyyən edilməməsi, digər tərəfdən dəyişilməli hissələrin, görülməli təmir işlərinin cədvəli verilməsi absurddur. Rəylər “Qaynaqçı” KM-nin zərər aktındakı məlumatlar əsasında verilmişdir. Zərər aktında isə məbləğdən başqa heç bir məlumat yoxdur. Belə olan halda dəyişilməli hissələrin, görüləcək işləri cədvəli nəyin əsasında tərtib olunması müəmmalıdır. Önəmlisi odur ki, həm zərər aktında, həm də ekspertiza rəylərində müəyyən edilmiş təmir-bərpa xərci ehtimal olunan xərclərdir. Faktiki olaraq avtomobilin təmir-bərpa işlərinə çəkilmiş real xərcləri təsdiq edən ödəniş sənədləri iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə isə bunu tələb etməmişdir. Dəymiş real zərərin həcmi sübuta yetirilmədən çıxarılmış qətnamə qanunsuz hesab edilməlidir. Zərərçəkənin davranışının zərərin yaranmasına və həcminin artmasına hansı həcmdə şərait yaratması, real zərəri təsdiq edən sübutların olması müəyyən edilməmişdir. Onun tərəfindən avtomobilə 1.770 manat məbləğində zərər vurmağı sübuta yetirilməmişdir. Məhkəmə ekspertiza rəyini əsas tutaraq qətnamə çıxarmışdır. Əslində isə ekspertiza rəyi özü qanunsuz arayış əsasında tərtib edildiyindən sübut kimi qəbul edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin ediməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası yuxarıda sadalanan və qanunvericiliyin istinad edilən aidiyyəti müddəalarına əsasən qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyi də zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir.

23. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, “Skoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. Həmin avtomobilə Cavabdeh1 tərəfindən zərbələr vurularaq zərər yetirilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən fakt üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. Bu qərara uyğun olaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsiin sahə rəisi F.Paşayev tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 69/2023 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər – 2.050 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 477/2023 saylı qərarı ilə qeyd edilən qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

24. İddiaçılar Cavabdeh1 həmin avtomobilin kapot qapağını əzməklə, sol qabaq faranı sındırmaqla və sol qapısını əzərək avtomobilə ümumilikdə 2.050 manat məbləğində maddi zərər yetirdiyini, nəticədə onlara 2.050 manat məbləğində maddi zərər dəydiyini iddia edirlər.

25. Cavabdeh həmin avtomobilə zərər vurduğunu inkar etmir, sadəcə həmin zərəri avtomobilə affekt vəziyyətində yetirdiyini bildirərək, dəymiş zərərin məbləğini də qəbul etmir və həmin məbləğin real zərərdən olduqca yüksək olması qənaətindədir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan avtomobilə affekt vəziyyətində zərər yetirdiyi mövqeyindən çıxış etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-69/2023 saylı qərarları ilə cavabdehin bu arqumentlərinin əsassız olduğu təsdiq olunmuşdur. Belə ki, hər iki qərarla cavabdehin məsuliyyətini istisna edən hallar müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdehin affekt vəziyyətində olduğu düşünülsə belə, bu mülki məsuliyyətin istisnası edən hal kimi çıxış edə bilməz. Bu da apellyasiya şikayətinin bu qəbildən olan dəlillərinin əsassız olduğunu göstərir.

27. Məhkəmə kollegiyası vurulmuş maddi zərərin məbləğinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə qərarı ilə vurulmuş zərərin məbləği 2.050 manat məbləğində müəyyən edilmiş və həmin zərər məbləği həcmində də cavabdeh cərimə edilmişdir. Bununla belə zərər məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və həmin avtomobilə “Qaynaqçı" kiçik müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktı nəzərə alınmaqla 1.770 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Cavabdeh tərəf ekspert rəyi ilə razılaşmadığından həmin tərəfin vəsatəti də nəzərə alınmaqla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və həmin ekspert rəyi ilə xx.xx.2023-cü il tarixli, 9/6663 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmiş zərər məbləği bir daha təsdiq edilmişdir.

28. Digər tərəfdən Cavabdeh1 apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspertiza zamanı avtomobilə baxış keçirilmədən, sadəcə avtoservis mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən nəzəri hesablama yolu ilə dəymiş zərərin müəyyən edilməsi arqumentini irəli sürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobilə zərər dəyməsinə səbəb olmuş hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, mübahisə üzrə birinci ekspert rəyi isə həmin yol-nəqliyyat hadisəsinin baş verməsindən 11 ay (təxminən 1 ilə yaxın) sonra tərtib edilmişdir. Bu müddət ərzində həmin avtomobilin təmir etdirilmədən, istifadəyə yararsız vəziyyətdə saxlanılması inandırıcı və ağlabatan deyil. Bununla belə iş üzrə keçirilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı bu hal (avtomobilin təmir etdirildiyindən ona baxış keçiriələrək dəymiş zərərin müəyyən edilə bilməməsi) ekspert rəyində öz əksini tapmışdır.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdeh avtomobilin ancaq sol qapısında cüzi zədə olduğunu bildirsə də, o, fakt üzrə Nəsimi Rayon Polis İdarəsində alınmış izahatı zamanı avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön qapısına təpik vurmasını etiraf etmişdir. Bununla belə iş materiallarında olan hadisə anının videogörüntülərini əks etdirən CD diskə baxış keçirilən zaman isə cavabdehin nəinki avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön qapısına, o cümlədən ön sol işığına da zərbə yetirdiyi aşkar görünür. Həmin görüntülər məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə məhkəmə iclas zalında izlənilmişdir. Bütün bunlar da cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirir.

30. Hər bir halda, avtomobilə daha az (hətta) cuzi məbləğdə zərərin yetirildiyini bildirən cavabdeh öz mövqeyini sübuta yetirməli və mövqeyinin əsaslı olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməli idi. Lakin nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir. İddiaçıların məhkəməyə özlərinə sərf edən hissədə videogörüntü təqdim etdiyini bildirən cavabdeh, hər hansı digər görüntü təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək, avtomobilə vurulmuş zərərin 1.770 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir və məbləğlə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Məhkəmə kollegiyası ekspert rəylərinə istinadən o halı da qeyd edir ki, müəyyən edilmiş zərər məbləğinin yalnız 420 manat hissəsi ehtiyyat hissəsinin (faranın) dəyərini təşkil edir. Qalan 1.350 manat məhz təmir bərpa işlərinin dəyəri qismində müəyyən edilmişdir ki, bu məbləğ də avtomobilə vurulmuş zərərin xarakterinə uyğundur. Belə ki, avtomobilin müxtəlif hissələrinin, o cümlədən mühərrik hissəsinin örtüyünün və sol ön qapısının əzilməsi bu qüsurların aradan qaldırılması üçün məhz armatur, dəmirçi və rəngsaz işlərinin görülməsini şərtləndirir. Sol qapıda olan şüşə qaldıran və qızdırıcı matorun mexanizminin açılıb dəyişdirilməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh avtomobilin məhz sol ön qapısına təpik vurmasını Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞyə verdiyi izahatında etiraf etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-108/2024 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar