Məhkəmə qərarları › İş №2(103)-2878/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2878/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2878/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 4427/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikinti nəticəsində dəymş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri Nərimanov rayonu, Ş. Mustafayev küçəsi ev 27, mənzil 301 ünvanda 2020-ci ilin sentyabr ayında inşa etdikləri tikinti nəticəsində ona vurduqları 3861 manat maddi ziyanın, 30 manat hüquqi xidmətə və 30 manat dövlət rüsumuna görə ödədiyi pulun, cəmi 3921 manatın onlardan müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 4427/2020 saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədiyi əsasına görə geri qaytarılmış, iddiaçıya Cəlilabad Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini və iddia əizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cəlialabad rayonu ərazisində qeydiyyatda olsalarda onlar tərəfindən tikintinin sahibi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi ev 27, mənzil 301-də aparılması nəzərdən qaçırılmışdır. Hesab edir ki, sahibi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi ev 27, mənzil 301-də cavabdehlər tərəfindən tikinti aparılarkən hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddia ərizəsi qeyd etdiyi prosessual normanın tələbinə əsasən tikintinin olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)- 4427/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Çünki, iddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 27 nömrəli evin 301-ci mənzilində cavabdehlər tərəfindən tikinti aparılarkən hüquqlarının pozulduğunu və bunun cavabdehlər tərəfindən aradan qaldırılmalı olduğunu iddia edir. Düzdür, sual oluna bilər ki, axı iddiaçı cavabdehlərin ona maddi ziyan vurduqlarını iddia etdiyi üçün bunun əvəzi kimi pul tələb edir. Başqa sözlə, bu cür tələb formal olaraq MPM-in 39.1ci maddəsinin təsiri dairəsinə aid deyil. Lakin iddiaçı yaşadığı və qeydiyyatda olduğu mənzildə tikinti aparılması ilə əlaqədar hüquqlarının pozulduğunu iddia edir və bu pozuntunun aradan qaldırılıması üçün məhkəməyə müraciət edərək cavabdehlərdən maddi ziyanın əvəzi kimi pul tələb edir. Başqa sözlə cavabdehlər tərəfindən sözügedən mənzildə tikinti işləri aparılmasaydı bəlkə də iddiaçı ilə cavabdehlər heç vaxt hansısa mülki hüquq münasibətlərində qarşılaşmayacaqdılar. Ancaq bu artıq baş verib və mübahisə yaranıb. Bu münasibətlər çərçivəsində iddiaçı cavabdehlərin apardıqları tikinti ilə əlaqədar onun hüququnu pozduğunu bəyan edir və ziyanın əvəzini tələb edir.Göründüyü kimi, tələb müstəsna aidiyyətlə bilavasitə bağlıdır. Bundan başqa, iddiaçı Bakı şəhərində yaşayır, cavabdehlər isə Cəlilabad rayonu ərazisində qeydiyyatda olsalar da orada faktiki yaşamaları dəqiq müəyyən deyil. İşə Cəlilabad Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı tikintinin aparıldığı mənzillə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin tikintiyə yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin tikilinin aparıldığı mənzildə tədqiqat aparması, bununla əlaqədar ekspertin və qiymətləndiricinin məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman Cəlilabad Rayon Məhkəməsinin Bakı şəhəri Nərimanov rayonu ərazisinə gəlməsində, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin Cəlilabad Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxacaqdır ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yaradır. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan (iddiada göstərilən mənzildə aparılmış tikinti) «mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan... qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin olduğu yerə görə verilir” müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da tikintinin(mənzilin) olduğu yer üzrə verilməlidir. Çünki, MPM-in 39.1-ci maddəsinin güddüyü məqsəd də məhz bu xarakterli iddiaların müstəsna aidiyyət qaydalarına riayət edilməklə baxılmasının təmin edilməsindən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 4427/2020 saylı qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar