Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-288/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş ziyanın əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat vurulmuş ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda onun 14 saylı mənzili 2-ci mərtəbədə, cavabdehin 16 saylı mənzili isə 3-cü mərtəbədə yerləşir. O öz mənzilini təzə təmir etdirmişdir. 2022-ci il dekabrın əvvəllərində cavabdeh, ona xidmət edən kanalizasiya xəttini təmizlətdirmədiyinə görə çirkab suların onun mənzilinə axmasına səbəb olmuşdur. Nəticədə yaşadığı mənzilin tavanı, divarları və döşəməsinin bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən, ona xeyli ziyan vurulmuş, mənzili yenidən təmir edilməlidir. Təmir üçün təxminən 10.000 manat xərc çəkilməsi tələb edilir. Cavabdehin təqsirli hərəkəti nəticəsində bu ziyan vurulduğuna görə, ziyanın əvəzini o ödəməlidir.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 1564 (bir min beş yüz altmış dörd) manat və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına (X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddiaçının iddia etdiyi guya mənzilinə zərər vurulmasının ünvan 2 ünvanda yerləşən 16 saylı mənzildən çirkab su axıdılması səbəbindən deyil, həmin mənzilin üst mərtəbəsində yaşayış olduğunu, çirkab suyun axıdılmasına səbəb üst mərtəbədən dəfələrlə kanalizasiya borusuna müxtəlif əşyalar atılması, həmin əşyaların ümumi kanalizasiya borusunda tıxanması səbəbindən ola biləcəyi hallarını bildirsə də, ekspert onun qarşısında qoyulmuş suallardan kənara çıxmamış, məhkəmə isə bu hallarla bağlı müzakirə belə aparmamışdır. Halbuki, ekspert 16 saylı (guya cavabdehə məxsus) mənzildə olarkən çox aşkar şəkildə həmin mənzilin vəziyyətini görmüşdür. Belə ki, üst mərtəbədən vaxtaşırı axan çirkab sular 16 saylı mənzili də çox yararsız hala salmış, mənzilin tavanı, divarları və döşəməsi çirkab sularından çox pis vəziyyətə düşmüşdür. Məhkəmə isə qətnamə qəbul edərkən ancaq ekspert rəyində iddiaçıya dəyən zərərin 1564 manat olmasına dayanaraq, həmin zərərin vurulmasında 16 saylı mənzilin mülkiyyətçisinin, cavabdehin təqsirinin olub-olmamasına, ümumiyyətlə cavabeh Cavabdeh işə aidiyyəti olub-olmamasına diqqət yetirməmiş, bu halları qiymətləndirməmiş və mövcud qənaətə gəlmişdir. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Bildirdi ki, cavabdeh heç o evdə yaşamır, suaxma cavabdehin mənzilindən yox, onun üstündəki mənzildən olmuşdur. Odur ki, sübutların düzgün qiymətləndirilməsini xahiş etdi.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. 5 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilinin sahibi İddiaçı ərizəsi əsasında mənzilə baxış keçirilib. Baxış zamanı məlum oldu ki, üst mərtəbədə yerləşən 16 saylı mənzildə kanalizasiya xətində tutulma baş verdiyindən, 14 saylı mənzilə çirkab su axıntısı olmuşdur. Bunun nəticəsində də 14 saylı mənzilin tavan, döşəmə və divarların bir hissəsi çirkab su ilə islanmışdır. Mənzil yeni təmir edildiyindən, mənzilə ziyan dəymişdir. Tərəflərindən görülən tədbirlər nəticəsində, 16 saylı mənzildən baş vermiş kanalizasiya tutulması, həmin ünvana dəvət edilən Su və Kanalizasiya İdarəsinin əməkdaşları tərəfindən kanalizasiya xətti təmizlənmişdir. Dəymiş ziyanla bağlı 14 saylı mənzilin sahibinə məhkəmə orqanlarına müraciət etməsi məsləhət görünmüşdür.
10. Səbail rayon MKTB-nin 5 saylı MKİS-nin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, çıx-52 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 16 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, ********** saylı çıxarışına əsasında Cavabdeh mülkiyyətindədir. Göstərilən mənzildə Cavabdeh xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır.
11. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8141 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 14 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 16 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 14 saylı mənzilə su sızması 16 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 16 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1564,0 manat məbləğində müəyyən edilir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hazırkı mülki iş üzrə əlavə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. İddiaçı məxsus ünvan 1 ünvanda 2-ci mərtəbədə yerləşən 14 saylı mənzilə suaxma nəticəsində dəymiş zərərin Cavabdeh məxsus 3-cü mərtəbədə yerləşən 16 saylı mənzilin üstündəki mənzildən su axıdılma səbəbindən olub-olmaması müəyyən edilsin”.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacibəyov küçəsinde yerləşən 3 saylı evin 16 saylı mənzilində aşkar edilmiş qüsurların su sızmaya aid olduğunu ve baxış zamanı da, üst mərtəbədə yerləşən mənzildən 16 saylı mənzilə su axma faktının müşahidə edildiyini nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Uzeyir Hacibəyov küçəsinde yerləşən, 3 saylı evin 2-ci mərtəbəsində mövcud olan 14 saylı mənzilə su axma nəticəsində dəymiş zərər Cavabdeh məxsus, 3-cü mərtəbə yerləşən 16 saylı mənzilin üstündəki mənzildən su axması səbəbindən ola bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
18. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
19. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
20. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
21. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
26. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
28. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Mülki qanunvericiliyin sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
33. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili suaxmanın onun mənzilindən yox üstdəki mənzildən olması bağlıdır.
34. Bu dəlilin araşdırılması üçün müvafiq qərardadla mülki iş üzrə əlavə məhkəmətikinti ekspertizası təyin edilmişdir.
35. Həmin qərardad üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacibəyov küçəsinde yerləşən 3 saylı evin 16 saylı mənzilində aşkar edilmiş qüsurların su sızmaya aid olduğunu ve baxış zamanı da, üst mərtəbədə yerləşən mənzildən 16 saylı mənzilə su axma faktının müşahidə edildiyini nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Uzeyir Hacibəyov küçəsinde yerləşən, 3 saylı evin 2-ci mərtəbəsində mövcud olan 14 saylı mənzilə su axma nəticəsində dəymiş zərər Cavabdeh məxsus, 3-cü mərtəbə yerləşən 16 saylı mənzilin üstündəki mənzildən su axması səbəbindən ola bilər.
36. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehə məxsus mənzildən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus mənzilə maddi ziyan vurulmuşdur. Cavabdeh isə hazırkı ekspert rəyini şübhə altına ala biləcək hər hansı mötəbər, şübhədənkənar sübutlar təqdim etməmişdir. Buna görə də hesab edilir ki, cavabdehin şikayəti əsassız olmuşdur.
37. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Beləliklə, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
39. Beləliklə, Kollegiya qeyd edir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində zərər dəyməsi təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
42. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, aparılan ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
43. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Beləliklə müəyyən olunur ki, müahisələndirilən hissədə iddianın qiyməti 1564 (bir min beş yüz altmış dörd) manat təşkil etdiyindən prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq X2, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.