Məhkəmə qərarları › İş №2(103)-2880/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2880/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2880/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 oğlundan ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-409/2025 saylı, 6 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 (1/2 hissədə) və Cavabdeh2 (1/2 hissədə) delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul tutularaq iddiaçı "Ailə Park” QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12,12A, 14,14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinn inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 23 saylı mənzilin sahibi olan cavabdehlər Cavabdeh2 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) ilə də danışıqların aparılmasına baxmayaraq cavabdehlər QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onlarla razılıq əldə olunması mümkün olmamışdır.Qeyd eir ki, iddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bəraaərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 digər mənzil sahibləri kimi, sahib olduqları 23 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 47 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı təklif olunur. İddiaçı QSC cavabdehlərin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 400-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür.Cavabdehlər ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Sərəncamın icrası və QSC-nin daha da çox maddi zərərə məruz qalmaması məqsədi ilə tərəfindən cavabdehlərə qarşı mübahisəli mənzillərin boşaldılmasına, sökülməsinə, sökülmüş mənzillərin yenisi ilə əvəz edilməsinə və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-898/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin (2(103)-5269/2024) icraatındadır. Cavabdehlər vurulmuş maddi zərərə görə deliktdən törəyən məsuliyyəti daşımalıdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-409/2025 saylı, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

4. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-409/2025 saylı, 6 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 23 saylı mənzilin sahibi olan cavabdehlər Cavabdeh2 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) ilə də danışıqların aparılmasına baxmayaraq cavabdehlər MTK qarşısında əsassız tələblər irəli sürdüyündən onlarla razılıq əldə olunması mümkün olmamışdır. Beləliklə cavabdehlər tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdehlər özlərinin mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Bununla yanaşı icarəyə götürülmüş texnikadan (qaldırıcının, ekskovatorun və digər nəqliyyat vasitələrinin) müddətdən artıq istifadəsinə görə MTK hər ay xeyli miqdarda icarə haqqı ödəmək məcburiyyətindədir. Bundan başqa Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi ilə bağlı MTK hər il külli miqdarda icarə haqqı ödəyir. Məhkəmə mühüm əhəmiyyəti olan və yuxarıda qeyd edilən faktiki halların aydınlaşdırmaması nəticəsində cavabdehin təqsirli hərəkətlərinə qiymət verilməmişdir.

Apelyasiya baxışı zamanı verilən izahatlar

7. İddiaçı İddiaçı QSC “AZEMİS” vasitəsilə ərizə ünvanlayaraq, iddiadan imtina etməsini qəbul edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

10. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

11. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

12. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

13. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

14. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

15. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

16. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

17. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

18. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

19. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

21. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

22. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı QSC-nin iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-409/2025 saylı, 6 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar