Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2881/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı (“X1 Edilməsi Agentliyi” MMC sonradan əsl İddiaçı QSC ilə əvəz edilmişdir) xx.xx.2012ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu olmaqla, cəmi 144832,36 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu olmaqla, cəmi 387845,92 manat, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 71059 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 603767,28 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. “xxxx” ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehə 24 ay müddətinə, illik 12% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə xx.xx.2012-ci il tarixli, 447 nömrəli müqavilə üzrə 140000 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli müqavilə üzrə 300000 manat və xx.xx.2014-cü il tarixli, 6160 nömrəli müqavilə üzrə 61000 manat, ümumilikdə 501000 manat məbləğində kredit verilmiş, xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli kassa məxaric orderləri tərtib edilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulan krediti verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 603737,28 manat kredit borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borcu və ona hesablanmış faizləri ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 32296,37 manat faiz borcu olmaqla, cəmi 134796,37 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 96681,58 manat faiz borcu olmaqla, cəmi 365431,58 manat, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 16434,67 manat faiz borcu olmaqla, cəmi 67934,67 manat olmaqla, ümumilikdə 568162,62 manat və ödənilmiş 30 dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan qətnamə çıxarmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada vaxtında çağırış vərəqəsi göndərilsəydi belə məhkəmə cavabdehin üzrsüz səbəbdən həmin iclasa gəlmədiyi halda məhkəmə iclasını ən azı bir dəfə təxirə saldıqdan sonra işə baxa bilərdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin iştirakı ilə işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipini pozub. Birinci instansiya məhkəməsi öz qətnaməsinin 2-ci səhifəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. 739.2. 385.1 və 422-ci maddələrinə istinad edərək qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında qeyd edib ki, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almayıb ki, müqavilələr bağlandıqdan sonra və müqavilələrin qüvvədə olma müddətinin qurtarmasına qədər cavabdehin öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icrasını gecikdirmək məqsədi olmayıb. "xxxx" ASC ilə "İddiaçı" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçib. Lakim məhkəmə nəzərə almayıb ki cavabdehin bundan xəbəri olmayıb. Kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarının hansı təkilata ödənilməsi barədə cavabdehə əvvəlcədən xəbərdarləq edilməyib. İddiaçının bu barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən nəzərə almayıb ki, ödənişin aparılması üçün cavabdehə əlavə vaxt verilməyib. Məhkəmə nəzərə almayıb ki, göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən kredit müqavilələri üzrə, “xxxx" ASC-yə 100 000 manata yaxın vəsaiti ödənilib. Cavabdeh qalan borcunu özü tam ödəmək niyyətindədir. Belə olan halda məhkəmənin cavabdehdən ümumilikdə 568162.62 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı" QSC-yə verilməsi nəticəsinə gəlməsi əsassızdır. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Məhkəmə öz qətnaməsinin 3-cü səhifəsinin 3. 4 və 5-ci abzaslarında göstərib ki, iddiaçı hər üç müqavilə üzrə həm əsas, həm də faiz borcunu tələb etməkdə haqlı olsa da eyni zamanda hər üç müqavilə üzrə hesablanmış əsas borcun məbləğləri əsaslı olsa da, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, cavabdehin vəsatəti ilə təyin edilmiş təkrar ekspertiza rəyi ilə müəyyən edilir ki, cavabdehin faiz borcu xx.xx.2020-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 35296.37 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 96681,58 manat, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 16434.67 manat təşkil edir. Ekspertiza rəyinin məhkəmə üçün digər sübutlardan üstən hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də. məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qətnaməsindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 32236,37 manat faiz borcu olmaqla, cəmi 134796,37 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 96681,58 manat faiz borcu olmaqla, cəmi 365431,58 manat, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 16434.67 manat faiz borcu olmaqla, cəmi 67934.67 manat olmaqla ümumilikdə 568162.62 manat və 30 manat dövlət rüsumunu iddiaçı "İddiaçı" QSC- yə ödəməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmaması və öz sübutlarını təqdim edə bilməməsi səbəbindən iş üzrə təyin edilmiş ekspertiza rəyininin də tam və nəticə üçün əsaslı hesab edilməsi məhkəmə üçün də üstün hüquqi qüvvəsi olması anlamına gələ bilməz. İş üzrə keçrilmiş ekspertiza rəylərinin biri-birindən fərqlənməsi və ziddiyyətli olması səbəbindən məhkəmə əlavə və təkrar ekspertiza keçirməli idi. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsindən görünür ki, 140000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə görə 300000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavbdehə verilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi ilə müəyyən edilir ki, müqaviləyə görə 61000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavbdehə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb sadalanan hüquq normalarının tələblərini əsas götürməklə hesab edir ki, tərəflər arasında kredit müqavilələrinin olması və həmin müqavilələr üzrə cavabdehin öhdəlik daşıması işin mübahisələndirilməyən halını təşkil edir. İş materiallarından görünür ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməklə həm kredit müqavilələrinin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli, 6160 saylı kredit müqaviləsi üzrə əsas borc 51.500 manat, faiz borcu 16.434.67 manat, xx xxx 2013-cü il tarixli, 4986 saylı kredit müqaviləsi üzrə əsas borc 268.750 manat, faiz borcu 96.681.58 manat, xx xxxxxxx 2012-ci il tarixli, 4227 saylı kredit müqaviləsi üzrə əsas borc 99.500 manat, faiz borcu 35.296.37 manat təşkil edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə yanaşı ekspert rəyini əsas götürməklə ümumilikdə 568.162.62 manat məbləğində kredit borcunu müəyyən etməklə doğru nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində sübutlarını təqdim edə bilməməsi səbəbindən iş üzrə təyin edilmiş ekspertiza rəyininin tam və nəticə üçün əsaslı hesab edilməsinin məhkəmə üçün də üstün hüquqi qüvvəsi olması anlamına gələ bilməməsi halına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə isə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd edilən normaların məzmununa və işin hallarına əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən həmin rəyə istinad etməkdə məhkəmə haqlı olmuşdur. Eyni zamanda, cavabdeh həmin rəyin qeyri-mötəbərliyi halına istinad edirsə, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda, iş materiallarında həmin halı təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Bu səbəbdən də, kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasının vaxtı barədə məlumatlı olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Cavabdeh göndərilmiş SMS xəbərdarlıqdan (i.v. 162) görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixinə, saat 15:10-a təyin edilmiş məhkəmə iclası barədə məlumatlı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlumatlandırılması ilə bağlı Mülki Prosessual Məcəllənin tələblərini pozmamışdır. Eyni zamanda, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdehə apellyasiya instansiyasında icraat zamanı da kollegiya iclasının vaxtı və yeri barədə məlumat çatdırılmasına baxmayaraq, Cavabdeh kollegiya iclasında iştirak etməmiş və ərizə təqdim edərək, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sənədi ərizəyə əlavə etmədiyindən, kollegiya cavabdehin həmin ərizəsini əsassız hesab edərək, şikayətə cavabdehin iştirakı olmadan baxılmasını düzgün hesab etmişdir. Kollegiya hesab edir ki, iddiaçı hər üç müqavilə üzrə həm əsas, həm də faiz borcunu tələb etməkdə haqlı olsa da, eyni zamanda hər üç müqavilə üzrə hesablanmış əsas borcun məbləğləri əsaslı olsa da, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəsatəti ilə təyin edilmiş təkrar ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin faiz borcu xx.xx.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 35296,37 manat, xx.xx.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 96681,58 manat, xx.xx.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə isə 16434,67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2881/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2881/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver