Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2881/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 5000 manat məbləğində pulun onun xeyrinə tutulması, habelə cavabdehin qanunsuz çəkdiyi su xətti və borunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 108 ünvanında yerləşən ev ona məxsusdur və 5 nəfərdən ibarət ailə üzvlər ilə birgə həmin ünvanda yaşayır. Cavabdeh uzun illərdir ki, ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Tərəflərin yaşadıqları hər iki ev fin tiplidir. Cavabdeh 2021-ci ilin əvvəllərində yaşadığı mənzildə əlüzyuyan quraşdırmış və çirkab axan su xəttini həyətin yuxarı hissəsində olan kanalizasiya xəttinə birləşdirməyərək, öz evinin altından keçən çox uzun müddət istifadəsiz qalmış və fəaliyyət göstərməyən köhnəlmiş boruya qoşmuşdur. Nəticədə köhnəlmiş boruya qoşulan çirkab suları onun mənzilinin zirzəmisinə axaraq gölməçə yaratmış, son nəticədə mənzildə divarlar çatlamış, mənzilin bünövrəsi yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymayaraq heç bir tədbir görməmişdir. Bununla bağlı Yasamal rayon 138 nömrəli MKİS-ə müraciət etmiş və MKİS əməkdaşları tərəfindən mənzilə baxış keçirilərkən mənzilin yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. Mənzilin ümumi vəziyyətindən cavabdeh tərəfindən ona dəyən ziyanı təxmini olaraq 5000 manat qiymətləndirir. Həmçinin qeyd edir ki, cavabdeh mübahisəli kanalizasiya xətlərini çəkərkən aidiyyəti orqanlardan icazə almamışdır. O, göstərilənlərlə yanaşı zəruri tədbirlərin görülməsi üçün Yasamal rayon Sukanal idarəsinə də müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən yaşayış sahələrinə baxış keçirilmiş və ona bildirilmişdir ki, cavabdehin birləşdirdiyi su xətti onların nəzarətində olan mərkəzi su xəttinə birləşdirilmədiyi üçün, həmin su xəttinin ləğv edilməsinə müdaxilə edə bilməzlər. Cavabdeh isə çirkab su axınının qarşısının alınması, qoşduğu su xətti və borunun ləğv olunması istiqamətində heç bir tədbir görmür və buna cəhd də göstərmir, qəsdən olaraq qanunsuz hərəkətlərini davam etdirir. Hətta 138 nömrəli MKİS-in və Yasamal rayon Sukanal İdarəsinin iradlarına məhəl qoymur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, təqdim olunmuş sübutlara obyektiv qiymət verməməsi, ekspertiza rəyinin əsassız olması, əlavə ekspentizanın təyin olunmalı olması və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər qonşu ünvanlarda, yəni iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 108 ünvanda, cavabdeh isə ünvan 2aqla yaşayır. İddiaçının iddiasına görə - cavabdeh yaşadığı ünvanda əlüzyuyan quraşdırmış, oradan axan çirkab su xəttini uzun müddət istifadəsiz qalmış və fəaliyyət göstərməyən köhnəlmiş boruya qoşmuş, nəticədə çirkab sular onun mənzilinin zirzəmisinə axaraq gölməçə yaratmış, divarlar çatlamış, mənzilin bünövrəsi yararsız vəziyyətə düşmüş, bununla da ona 5000 manat maddi ziyan dəymişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi yerində müayinə (baxış) keçirmiş, müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evləri ünvan 3 ünvanlarda yerləşir. Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi 80b saylı evin həyətinə darvazadan daxil olduqda, sol tərəfdən iki ədəd sanuzel olması və dar küçənin sonluğunda, eyni həyətdə iki ədəd ayrı-ayrı giriş qapısı olan fərdi yaşayış evlərinin yerləşməsi aşkar edildi. Cavabdeh baxış zamanı bildirmişdir ki, dar küçə ilə üzbəüz giriş qapısı olan fərdi yaşayış evində o, öz ailə üzvləri ilə birlikdə, sol tərəfdə yerləşən digər fərdi yaşayış evində qardaşı və onun ailə üzvləri yaşayır. Sol tərəfdə yerləşən fərdi yaşayış evinə bitişik əlüzyuyan aşkar edildi. Cavabdehə məxsus evin qarşısında çardaq vardır ki, evə çardağın altından keçib daxil olmaq mümkündür. Çardağın altında “trap” vardır. Evin giriş qapısından daxil olduqda sol tərəfdə mətbəx, moydadır və şkaflardan ibarətdir. Baxışda iştirak edən tərəflər çöldəki iki ədəd sanuzel və sol tərəfdəki fərdi yaşayış evinə bitişik əlüzyuyanın kanalizasiya xəttinin eyni olmasını, cavabdehə məxsus fərdi yaşayış evinin çardağının altındakı trap və evin daxilindəki mətbəxin kanalizasiya xətinin ayrı olmasını bildirdilər. Həmçinin bildirmişlər ki, evin altından ümumi kanalizasiya xətti keçir. Həmin kanalizasiya xətti isə iddiaçı ilə cavabdehə məxsus evlərin ortasında olan qonşu evin həyətindən keçir. Dolayısı ilə mübahisəli ümumi kanalizasiya xətti qonşu fərdi yaşayış evinə də bağlıdır. Cavabdehə məxsus evə daxil olduqda mətbəx, ona bitişik qonaq otağı və ona bitişik yataq otağı olmaqla 2 otaqlı olması müəyyən olundu. Qonaq otağının pəncərəsindən baxdıqda aşağıda kanalizasiya boruları və yan tərəfdə qonşu ev görünür. Yataq otağına daxil olduqda girişin sağındakı divarın cavabdehin də bildirdiyinə görə iddiaçıya məxsus 108 nömrəli evə bitişik olan divar olması müəyyən olundu. Daha sonra qeyd olunan qonşu fərdi yaşayış evinə baxış keçirildikdə ev sahibəsi kanalizasiya xəttində hər hansı problem yaşanmadığını, eləcə də cavabdehin evindəki kanalizasiya xətti ilə bağlı onun yaşadığı evə hər hansı zərər dəymədiyini bildirmişdir. İddiaçıya məxsus 108 saylı evə daxil olduqda darvazadan sağ tərəfdə kiçik bir sanuzel olması müəyyən olundu. Fərdi yaşayış evi həyətin sonluğunda yerləşmişdir. İddiaçının yaşadığı evin yanından yer boyunca kanalizasiya xətti keçməsi və həmin xəttlərin evin arxa hissəsində yerləşən hamamdan başlamaqla evin ön hissəsi boyunca keçməsi və oradan da mərkəzi kanalizasiya xəttinə birləşməsi müəyyən olundu. Evin içərisinə daxil olduqda koridor və birbirininə bitişik qonaq otağı və yataq otağından ibarət olması, yataq otağının döşəməsinin bir hissəsində sökülmüş taxta olması və döşəmənin həmin hissəsinə baxış keçirildikdə altının torpaqdan ibarət olmaqla nəmişlik olması müəyyən olundu. İddiaçı izahatında bildirmişdir ki, yataq otağının bir divarı 80b saylı evin divarı ilə bitişikdir və həmin divarda rütubət nəticəsində yaranmış izlər qalmışdır və nəmişlik məhz cavabdehin evinə 2021-ci ildə qoydurduğu əlüzyuyandan sonra ortaya çıxmışdır. Evə baxış zamanı döşəmə qatının altındakı torpaq sahəsinin nəm olmasından başqa evin divar qatında hər hansı çat və digər qüsur aşkar edilmədi. Beləliklə, hər iki evə keçirilmiş baxış nəticəsində müəyyən oldu ki, qonşu evlərin bir çoxunun altından eyni kanalizasiya xəttləri keçir, lakin həmin kanalizasiya borularının sonunun məhz haraya gedib çıxmasını aydınlaşdırmaq mümkün deyil və iddiaçı ona məxsus evin torpaq qatının nəm olmasını məhz cavabdehin sonradan qoşduğu əlüzyuyan səbəbindən olub-olmamasını sübut edən konkret fakt aşkar edilmədi. Həmçinin tərəflərin verdikləri izahlardan müəyyən edilir ki, ümumi evlər və onların bağlı olduqları kanalizasiya xəttləri 50-60-ci illərdə inşa edilmişdir. Hər bir fərdi yaşayış evini kanalizasiya xəttləri fərdi qaydada mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir və layihəsi mövcud deyildir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3803 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 108 saylı evin konstruktiv elementləri (tavan, divar və s.) üzərində hər hansı qüsur müşahidə olunmamışdır. Araşdırma zərurəti ilə əlaqədar rəy vermiş ekspert X2 birinci instansiya məhkəməsində dindirilmiş, o izahatında - ilk öncə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilməsini, evin divarlarında hər hansı qüsur aşkar olunmamasını, lakin zirzəmi qatında olan torpaq sahəsində nəm izlərinin olmasını, eyni zamanda cavabdehlə iddiaçının evləri arasında digər qonşu yaşayış evinin olmasını, qonşunun kanalizasiya xətlərinin olub-olmamasını müəyyən edə bilməməsini (çünki həmin sahə betonlanmış və adi vizual görünüşlə kanalizasiya xətlərini aşkar etmək mümkün deyildir), daha sonra cavabdehə məxsus evə baxış keçirilməsini, həmin evin də konstruktiv elementlərində hər hansı qüsur aşkar olunmamasını və s. göstərmişdir. İşdə olan məhkəmənin tapşırığına əsasən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, həmin tarixdə Yasamal rayonu, 2-ci Alatava 80b və 108 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evlərinin kanalizasiya şəbəkəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də sözügedən ünvanlarda çirkab sularının axıdılması məqsədilə qurulmuş kanalizasiya xətləri "xxxx" ASC-nin balansında deyildir. Mövcud xətlər fərdi yaşayış evlərinin sahibləri tərəfindən qurulmuşdur. Həmçinin məhkəməyə "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş Yasamal rayonu, 2-ci Alatava 80b və 108 ünvanların kanalizasiya xəttinin cizgisi təqdim edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində onun yaşayış evinə maddi ziyan dəydiyini bildirsə də, işdə olan sübutlarla (ekspert rəyi və s.) müəyyən olunur ki, iddiaçının yaşadığı evin konstruktiv elementlərində hər hansı qüsur aşkar edilməmişdir. Zirzəmi qatında olan torpaqda isə nəm izləri aşkar edilməsinə baxmayaraq həmin izlərin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa qeyd olunan ünvanda olan kanalizasiya xətləri fərdi xarakterli olduğundan, yəni "xxxx" ASC-nin balansında olmadığından və layihəsi məlum olmadığından mövcud xətlər tikinti normalarına riayət olunmadan qurulduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi mövcud susızması (nəm izləri) eyni ərazidə olan bir çox xətdən yarana bilər. Nəzərə alınsa ki, tərəflərə məxsus evlərin arasında digər qonşu fərdi yaşayış evi yerləşir. Mübahisəli kanalizasiya xətti həmin evin ərazisindən də keçir və qeyd olunan evə qüsur aşkar edilmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona məxsus evdə çirkab suların axıdılması nəticəsində çatlar əmələ gəlməsini bildirməsinə baxmayaraq nə ekspertiza tədqiqatı zamanı, nədə məhkəmə tərəfindən keçiriləm yerli baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının sübut kimi təqdim etdiyi 138 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta münasibət bildirərək qeyd etmişdir ki, həmin aktda cavabdehə məxsus əlüzyuyanın mənzilin altından keçən uzun müddət istifadəsiz və fəaliyyət göstərməyən köhnəlmiş boruya qoşulması nəticəsində axan çirkab suyun iddiaçının mənzilinin altına zirzəmiyə axması və nəticədə divarda nəm, pis qoxu və çat əmələ gəlməsi qeyd olunsa da, akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, MKİS içməli və çirkab su borularının saz vəziyyət olmasının yoxlanılması və nəzarət edilməsi ilə bağlı səlahiyyətli orqan deyildir. Eyni zamanda həmin ünvanda mövcud olan qüsurlar və onların yaranma səbəbləri barədə araşdırma aparmaq və nəticə olaraq akt tərtib etmək üçün xüsusi bilik tələb edilməsinə baxmayaraq aktı tərtib edən əməkdaşların bu sahədə xüsusi biliyinin olması müəyyən edilmir. Bununla yanaşı həmin sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş rəydə aktda qeyd olunanlar öz əksini tapmamış və hətta təkzib edilmişdir. Yerli baxış zamanı aktda qeyd olunanlar təsdiq olunmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, iddiaçıya məhz cavabdehin hər hansı təqsirli, hüquqazidd hərəkəti nəticəsində maddi ziyan dəyməsinin sübut olunmaması, iddiaçının yaşadığı fərdi yaşayış evində kanalizasiya xəttinin səlahiyyətli orqanın razılığı alınmadan və layihəsi olmadan mərkəzləşdirilmiş kanalizasiya xəttinə birləşdirilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, ilkin olaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətini əsaslandırmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığı ilə bağlı dəlillərini irəli sürə bilməmişdir. Bununla yanaşı, iddiaçı ekspertiza rəyi ilə razılaşmamasını, ekspert tərəfindən suallara tam cavab verilməməsini qeyd etmiş, iş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməli olmasını göstərmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunması, habelə apellyasiya şikayətinin dəlillərinə lazımi hüquqi qiymət verilməsi üçün iş üzrə əlavə kompleks tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Daxil olmuş Azərbaycan Respublikası 10/4270 nömrəli 07 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd etmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 80b ünvanında quraşdırılmış əl-üz yuyandan axan çirkab borusu ümumi işlək vəziyyətdə olan mərkəzləşdirmiş kanalizasiya xəttinə birləşdiriyi müəyyən olunmuşdur. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 108 saylı evin zirzəmisinə hər hansı çirkab suyun axması və həmin evinin konstruktiv elementləri (tavan, divar və s.) üzərində hər hansı qüsur olmadığı müşahidə olunmuşdur. Baxış zamanı iddiaçının döşəməsi ilə torpaq sahəsinin arasında olan boş sahədə mövcud olan nəmlənmə işləri əraiznin reyleyf quruluşuna görə maili olduğundan qrunt suların axması nəticəsində yarana bilər. ünvan 5 ünvanında yerləşən Cavabdeh yaşayış evinin kanalizasiya xətti evin qarşısında olan küçədən keçən mərkəzləşdirilmiş kanalizaisya xəttindən 25 m kənarda 1.5m hündürlükdən yerləşdiyini nəzərə alaraq, faktiki olaraq çirkab sularının axıdılması həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması texniki cəhətdən mümkün deyildir. Lakin müvafiq təşkilatlarla razılaşdırılaraq layihə tərtib edildikdən və texniki şərlər alınmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 80 b ünvanından çirkab sularının həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması texniki cəhətdən mümkündür. Göründüyü kimi, apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza rəyi ilə bir daha müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 108 saylı evin zirzəmisinə hər hansı çirkab suyun axması və həmin evinin konstruktiv elementləri (tavan, divar və s.) üzərində hər hansı qüsur müşahidə olunmamışdur. Baxış zamanı iddiaçının döşəməsi ilə torpaq sahəsinin arasında olan boş sahədə mövcud olan nəmlənmə işləri əraiznin reyleyf quruluşuna görə maili olduğundan qrunt suların axması nəticəsində yarana bilər. İddiaçı təkrarən ekspertiza rəyi ilə razılaşmamasını bildirsə də, bunun əsaslarını göstərə bilməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçı həmçinin məhkəmə kollegiyası tərəfindən yaşayış sahəsinə baxış keçirilməsi barədə vəsatət vermişdir. Halbuki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı hakim tərəfindən hər iki yaşayış sahəsinə dair müvafiq prosessual hərəkət (yerində müayinə) həyata keçirilmiş, bu hal protokollaşdırılmışdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi iş üzrə iki dəfə ekspertiza təyin olunmuş, ekspertlər tərəfindən yaşayış sahələrinə baxış keçirilməkdə tədqiqat aparılmışdır. İddiaçı isə yaşayış sahəsinə yenidən baxış keçirilməsinin zəruriliyi əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası vəsatəti əsassız sayaraq, təmin olunmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin qeyd edilən tələblərinə görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı isə cavabdehin qanunsuz, hüquqazidd hərəkətinin mövcudluğu, bunun nəticəsində onun yaşayış sahəsinə ziyan dəyməsi, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və s. bu kimi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı isə belə bir hal müəyyən olunmamışdır. Belə olan halda, iddia həmçinin cavabdehin qanunsuz çəkdiyi su xətti və borunun ləğv edilməsi hissədə də əsassızdır. Çünki, iddiaçı cavabdehin bu istiqamətdə qanunsuz hərəkətlərinin mövcudluğunu sübut edildiyi təqdirdə müvafiq tələb hüququna malik olardı. Əks halda, iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsassızdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı (bildirdikləri) də iddianın əsaslı olması nəticəsinə gəlməyə imkan vermir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2881/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2881/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver