Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2881/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5168/2018 saylı, xx.xx.2018cı il tarixli qətnaməsi ilə 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər uşağa görə 235 manat, cəmi isə 705 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 154 manat olmuş, hazırda isə (2014 il) bu məbləğ 235 manat təşkil edir. Əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği uşaqların xərclərinin qarşılanması üçün artıq yetərli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdeh, məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, hazırda fəhlə işləyir və maddi imkanı alimentin artırılmasına yol vermir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla iddia ərizəsində qeyd edilən hallar öz təsdiqi tapır. Buna görə də iddia tələbi əsaslı hesab edilməlidir. Cavabdehin maddi vəziyyətinin çətin olması halı isə iddianın rədd edilməsi üçün əsaslı deyil. Çünki cavabdeh bir valideyn kimi uşaqları saxlamağa, onların artan tələbatlarını qarşılamağa borcludur. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh məhkəmə baxışı zamanı Rayon Məhkəməsinə bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur, fəhlə işləyir, ayda təxminən 450 manat qazancı olur, maddi imkanı alimentin məbləğinin artırılmasına yol vermir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa işə baxmış Rayon Məhkəmə qətnaməni tərtib edərkən texniki səhvlərə də yol vermişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyator olan cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
11. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5168/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-cı il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflərin nikahlarının pozulması, nikahdan doğulmuş 3 (xx.xx.2011, xx.xx.2013 və xx.xx.2016 il təvəllüdlü) uşağın analarının - hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 150 manat, cəmi isə 450 manat sabit pul məbləğində alimentin tutularaq hazırkı iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 154 manat olmuş, hazırda isə (2014 il) bu məbləğ 235 manat təşkil edir. Əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği uşaqların xərclərinin qarşılanması üçün artıq yetərli deyil.
13. Cavabdehin iddia tələbinə və həmin iddia tələbinin əsaslı olması barədə Rayon Məhkəməsinin nəticəsinə qarşı olan etirazı isə ondan ibarətdir ki, onun rəsmi iş yeri yoxdur, fəhlə işləyir, ayda təxminən 450 manat qazancı olur, maddi imkanı alimentin məbləğinin artırılmasına yol vermir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-5168/2018 saylı iş üzrə qətnamə qəbul edilən zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 154 manat olmuşdur. Hazırkı – 2(005)-4131/2024 saylı işə baxılan və qətnamə qəbul edilən zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 235 manat olmuşdur.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən apellyasiya baxışının predmetini təşkil edən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin miqdarının dəyişdirilməsi o halda mümkündür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilən maddi hüquq norması məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişilməsi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin dəyişilməsi ilə əlaqələndirmir.
17. İş materiallarından görünür ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə istinad etsə də, həmin maddədə qeyd edilən şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
18. Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən isə görünür ki, iddianı əsaslı hesab etmiş Rayon Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışdır.
19. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi
20. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə və işin müəyyən edilmiş hallarına uyğun deyil. Apellyasiya şikayəti formal xarakterli deyil, qismən əsaslıdır.
21. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
22. Buna görə də, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. MPM-in 112-ci maddəsinin mənasina görə isə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
25. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki artırılması xahiş edilən alimentin məbləği ((705 manat – 450 manat=) 255 manat x 12 ay=) 3.060 manat təşkil edir.
26. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.