Məhkəmə qərarları › İş №2(103)-2885/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2885/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/19 saylı, 25aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/19 saylı, 25aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayətivermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdehlə onun arasında pulun alınmasını təsdiq edən borc müqaviləsi Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda xx.xx.1999-cu il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh həmin avtomaşınları başqa adama satmış, onun pulunu qaytarmamışdır. Bununla bağlı, o, polisə müraciət etmiş, Yasamal Rayon Polis İdarəsi xx xxxxx 2004-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, lakin həmin cinayət işinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Xitamla bağlı ona nə rəsmi, nə də qeyri-rəsmi məlumat verilməmişdir. Həmin xitam qərarını yalnız xx.xx.2019-cu il tarixdə cinayət işi ilə maraqlanan zaman müstəntiq bildirmiş və ona bu, mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmiş, o da məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2583/19 saylı, 25aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilərək, Cavabdeh 6400 (altı min dörd yüz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Həmin qiyabi qətnamədən cavabdeh tərəfindən verilmiş ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13039/2009 saylı, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı ilə aralarında xx.xx.1999-cu il tarixdə cəmi bir borc müqaviləsi olmuşdur, həmin müqavilə əsasında iddiaçı ona altı ay müddətinə 3200 ABŞ dolları məbləğində pul vermişdir ki, o həmin borcu iddiaçıya qaytarmışdır. Eyni zamanda, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, müqavilə 1998-ci ilin 8 dekabrında bağlanıb, o, 2000-ci ildə polisə müraciət etmiş, orada onun get-gələ salmışlar, nəhayət onun çoxsaylı şikayətlərindən sonra Yasamal Rayon Polis İdarəsi xx xxxxx 2004-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. O, xx.xx.2019-cu il tarixdə cinayət işi ilə maraqlanan zaman müstəntiq bildirmişdir ki, həmin cinayət işinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir və bu mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər, o da məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin borcu ona qaytarmamışdır. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 3200 ABŞ dolları məbləğində altı ay müddətinə borc verir. Yasamal RPİ-nin İŞ-nin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilir ki, “...Cinayət işinin başlanmasına səbəb və əsas V.Ə.Babayev özünə məxsus Asiya-topik markalı **-CA-*** və **-ED-*** nömrəli mikroavtobusları İddiaçıh Əsəd oğluna satmağı vəd etməklə aldadıb 1999-cu ilin dekabr ayının 8-də və 15-də Bakı şəhərində, 19 və 27 nömrəli Notariat kontorlarında müqavilələri rəsmiləşdirməklə etibarını qazanıb, hər avtomaşın üçün 3200 ABŞ dolları olmaqla, cəmi ******* manat ekvivalentində 6400 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, sonradan həmin avtomaşınları başqa şəxslərə satmış, ancaq İddiaçıın pulunu qaytarmamışdır. Beleliklə də, dələduzluq etməklə, ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, V.Ə.Babayev təkrar olaraq eyni üsulla, yəni özünə məxsus Asiya-Topik, **-ED-*** mikroavtobusu X1 etməklə aldadıb, 2000-ci ilin may ayının 17-də Bakı şəhərində 17 nömrəli notariat kontorunda həmin avtomaşın üçün ona etibarnamə verməklə etibarını qazanıb, ilkin olaraq ******* manat ekvivalentində 1100 ABŞ dolları məbləğdə pulu ələ keçirmiş, sonradan həmin avtomobilini başqa şəxsə satmış, İ.H. İbrahimovun pulunu isə qaytarmamışdır.” Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. İddiaçı borcun verilməsi ilə bağlı xx.xx.1999-cu il tarixdə iki borc müqaviləsini bağlandığını qeyd edir, amma Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli bir borc müqaviləsini təqdim edir, cavabdeh də iddia tələbini xx.xx.1999-cu il tarixli həmin borc müqaviləsinə münasibətdə qəbul edir, lakin həmin pulu da qaytardığını bildirir. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. Cavabdeh belə bir sənəd, yəni borcun ödənilməsinə dair sənəd də təqdim edə bilmir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi cavabadehin etiraf etdiyi hissədə, 3200 ABŞ dollarına münasibətdə əsaslıdır və təmin edilməlidir, iddia tələbi qalan hissədə, yəni digər borc müqaviləsinə münasibətdə (iddiaçı tərəfindən həmin müqavilə məhkəməyə təqdim edilməmişdir) təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məkəməsi hazırkı iddia tələbini rədd edərkən iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. İddiaçı iddia müddəti ərzində polisə müraciət etdiyi və Yasamal RPİ Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başladığı üçün həmin cinayət işinin icraatı mərhələsində ona dəymiş zərərin ödənilməsinin qanuni əsasları mövcuddur, ona görə də onun qanuni gözləntisi olmuşdur. İddia müddəti tətbiq edən rayon məhkəməsi işin bu halına diqqət yetirməmişdir. Kollegiya hesab edir ki, hazırkı halda iddia müddət Yasamal RPİ-nin İŞ-nin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərarından hesablanmalıdır ki, bu halda da müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3200 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabadehdən 3200 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/19 saylı, 25aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumu 30 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar