Məhkəmə qərarları › İş №2(103)-2887/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2887/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2887/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov X3 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə verilmiş borc pulunun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən verilmiş 50000 manat məbləğində pulun və MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği xx.xx.2021- ci il tarixdən qətnamə çıxan günədək illik 5% faiz hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsini qəbul etmir və hesab edir ki, hazırki iddianın məhz məhkəmədə qaldırılması ciddi qanun pozuntusudur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, tərəflər arasında 1 saylı ASAN Xidmət mərkəzində bağlanmış kredit müqaviləsinin şərtlərinə görə hər iki tərəf öz iradə ifadələrini bildirərək borcun qaytarılması qaydasını həmin müqavilənin 7-ci bəndində göstərildiyi kimi notariusun icra qeydi əsasında müəyyən edilə bilməsini imperativ qaydada şərtləndirmişlər. Belə olan halda isə borcun qaytarılmasını şərtləndirən notariusun icra qeydinin olmaması həmin iddianın MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə görə yolverilməz hesab edilməklə iddia ərizəsi qəbul edilməsindən imtina etmək üçün əsas hesab edilməlidir. Yəni, tərəflər aralarında imzalanan kredit müqaviləsi üzrə borc məbləğinin qaytarılması üçün tədbirlərin görülməsi baxımından imperativ norma olaraq həmin müqavilənin 7- ci maddəsində qeyd edilən kimi, ilk öncə icra qeydinin alınması üçün notariusa müraciət ediləcəyini bəyan etmələrinə baxmayaraq kreditor bunu etməmiş, bununla da ciddi qanun pozuntusuna yol vermişdir. Çünki müqavilənin həmin bəndinin mənasına görə borc məhkəmə qaydasında deyil, məhz notarius tərəfindən verilməli olan müvafiq icra qeydi əsasında alınmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4711/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, İddiaçı şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4711/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi, sonrakı prosessual hərəkətin edilməsi üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə əsasən mülki iş üzrə Cavabdeh nümayəndəsi tərəfindən verilmiş iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina barədə ərizənin təmin edilməməsi və işin baxılmasına təyin edilməsi qərara alınmışdır. Qərardadda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə istinadən qeyd edilmişdir ki, hazırki iddia tələbində Cavabdeh 02 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən verilmiş 50000 manat məbləğində pulun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borc məbləğinin xx.xx.2021-ci il tarixdən qətnamə çıxan günədək illik 5% faiz hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi tələbləri öz əksini tapmışdır. Tərəflər arasında müqavilədə borcun notarius tərəfindən aparılan icra qeyd əsasında mübahisəsiz qaydada alınması barədə şərtin mövcudluğu iddiaçının hazırki tələblə məhkəmə müraciət etməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Qanunuvericiliyin tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə əsasında borcun ödənilməsinin təmin edilməsi məqsədilə icra qeydinin verilməsi yalnız tələbin mübahisəsiz olduğu mümkün ola bilərdi. Hazırki halda isə tələb yalnız müqavilə üzrə verilmiş borcun ödənilməsindən ibarət deyildir, həmçinin iddia tələbində həmin borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faizlərin də tutulması da tələb edilir. Odur ki, hazırki iddia ərizəsinin cavabdehin nümayəndəsinin irəli sürdüyü kimi iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtinaya əsas yoxdur. Qərardaddan Cavabdeh nümayəndəsi vəkil Nümayəndə şikayəti vermiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2138/2024 qərardadının əsassız və qanunsuz olduğundan ləğv edilməsini, şikayətin təmin edilməklə yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardadda “ Notariat haqqında “ Azərbaycan Respublikası Qanunun 76; Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli, 156 saylı Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi istinad olunan Qanunun 76-cı maddəsinin tələbini tətbiq etməklə nəzərə almamışdır ki, “icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır” ifadəsinin hüquqi mənası həmin məbləğlərin notariusun verdiyi icra qeydləri vasitəsi ilə tutulmasını şərtləndirdiyindən hazrıkı mübahisədə hər hansı digər f a i z məbləğlərindən söhbət gedə bilməzdi. Belə ki, tərəflər həmin müqavilədə yalnız əsas borcu bəyan etməklə müqavilənin 3-cü bəndində iradə ifadəsi olaraq kreditin faizsiz olduğunu şərtləndirmişlər. Tərəflər, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin 3-cü bəndində kreditin faizsiz verilməsini şərtləndirmişlər. Borcun qaytarılması qaydasını həmin müqavilənin 7-ci bəndində göstərildiyi kimi notariusun icra qeydi əsasında müəyyən edilə bilməsi imperativ qaydada müəyyən edilmişdir. Borc məbləğinin verildiyi, notariusun depozit hesabından çıxarış iş materiallarına əlavə edilməmişdir. Yuxarıda istinad olunan hallar onu deməyə əsas verir ki, məhkəmənin tərəflərindən mübahisələndirilən qərardadının əsaslandırıcı hissəsində göstərdiyi, “tələb yalnız müqavilə üzrə verilmiş borcun ödənilməsindən ibarət deyildir, həmçinin iddia tələbində həmin borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faizlərin də tutulması da tələb edilir" ifadəsi heç də onu deməyə əsas vermir ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı hər hansı faiz məbləğini tələb etməsi onun həmin müqavilə üzrə birbaşa hüququna aiddir ki, burada guya mübahisə vardır. Hazırki iş materiallarında olan və iddiaçı tərəfindən məhkəmənin elektron sisteminə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli pretenziya məktubundan göründüyü kimi, iddiaçı cavabdehdən yalnız 50000 manat məbləğində borcu tələb etdiyindən iddia üzrə faiz məbləğini tələb edə bilməzdi. Həmçinin, sistemə əlavə edilmiş pretenziyanın poçt zərfindən görünür ki, Cavabdeh həmin zərfə şəxsən imza etməmişdir. Belə olan halda isə, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Çünki, ən azında faiz məbləğinin tələbə edilməsinə nisbətdə məhkəməyə qədər nizama salınma (pretenziya) qaydalarına riayət edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Ayrıca prosessual hərəkət edilməsi sual doğuran cavabdehin ərizəsinə (şikayətinə) mahiyyəti üzrə qiymət verən məhkəmənin prosessual həkətlərini məhkəmə müdafiə vasitəsinin konstitusiya əsasları vasitəsi kimi qəbul edir və diqqətə çatdırı ki, cavabdehin (nümayəndəsinin) ərizə və şikayətində fərqli əsasların göstərilməsi onun tərəfindən suiistifadə meyillərini təzahür edən işin (tələbin) mahiiyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Kredit müqaviləsi üzrə müddətlərin keçməsi iddiaçının cavabdehə xəbərdar edilməsini istisna edən hal olsa da iş materiallarından müəyyən edilir ki, pretenziya qaydalarına riayət edilmiş və cavabdehin xəbərdar olunması üçün müvafiq məktublar göndərilmişdir. Artıq məktubun zəruriliyi və ona çatıb-çatmaması işin mahiyyəti üzrə araşdırmanın və dəyərləndirmənin predmetidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2138/2024 nömrəli mülki işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar