Məhkəmə qərarları › İş №2(103)-2898/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2898/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2898/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İş №2(103)-2898/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-287/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində İddiaçı yanıq xəsarətləri almışdır. 2.İddiaçı həmin partlayışın Cavabdeh İB-nin nümayəndələri tərəfindən mütəmadi yoxlamaların aparılmamasından və işlərinə etinasız davranmalarından qaynaqlandığını bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 10000 manat maddi ziyan, ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonu, Xocavənd kəndində yaşayır. 10 fevral 2014-cü il tarixdə ona məxsus olan evin həyətində ayaqyolunda olarkən qaz sızması nəticəsində yüksək dərəcəli partlayış baş vermişdir. Həmin partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdır. Bundan sonra dərhal Cavabdeh İB-nin nümayəndələrinə telefon vasitəsi ilə məlumat verilmişdir. X10 Sahə rəisi vəzifəsini icra edən X5 hadisə baş verən əraziyə gələrək yoxlamalar aparmış və həqiqətən də məlum olmuşdur ki, baş verən partlayış qaz sızması nəticəsində baş vermişdir. Həmin partlayış Cavabdeh İB-nin nümayəndələri tərəfindən mütəmadi yoxlamaların aparılmamasından və işlərinə etinasız davranmalarından qaynaqlanmışdır. Həmin hadisədən sonra bütün tikililər məhv olmuşdur. Tikililərlə yanaşı iddiaçının bədənində olan ağır yanıq xəsarətləri və psixoloji problemləri yaranmışdır. Həmin vaxt maddi durumu çox aşağı olduğundan Cavabdeh İB-yə müalicə olunmağı ilə bağlı maddi köməklik göstərilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq müraciətləri cavabsız qalmışdır. Partlayış nəticəsində dağılmış tikilinin bərpa olunmasına, iddiaçının yanıq xəsarətlərinin və psixoloji problemlərinin müalicə olunmasına 10000 manat miqdarında maddi ziyan dəymişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Ağcabədi rayonu Xocavənd kəndində 10 fevral 2014-cü il tarixdə İddiaçı məxsus evinin həyətində yerləşən ayaqyolu tikilində partlayış hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı ayaqyolunda olarkən partlayış səbəbindən yanıq xəsarətləri almışdır. Baş vermiş hadisə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat-İstintaq idarəsinin istintaq şöbəsinin müstəntiqi leytenant X3 tərəfindən icraata götürülmüş nəticədə 27 fevral 2017-ci il tarixdə baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorumun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 09 fevral 2018-ci il tarixdə materialın əlavə araşdırılması üçün FHN-nin Əməliyyat-istintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin müstəntiqi kapitan X2, icraatında olan 0020 nömrəli materialda partlayış ərəfəsində qeyd olunan küçədə hər hansı təmir-tikinti işlərinin aparılıb-aparılmaması, küçədən yük avtomobillərinin keçib-keçməməsi, araşdırma zamanı Bəxtiyar Orucov və Tofiq Kərimovun izahatlarında, elecə də materiala əlavə edilmiş sənədlərdə göstərilən halların mötəbərliyinin dəqiqləşdirilməsi barədə Qəza Dispetçer xidmətinin digər xətt baxıcılarının izahatların alınması, X10 sahəsinin qəza dispetçer xidmətində təbii qazın sızma hallarının müəyyən edən xüsusi cihazın olub-olmaması, olmuşdursa sayı, işlək vəziyyətdə olub-olmaması, həmin cihazın saz vəziyyətdə saxlanılmasına cavabdehliyin kimin üzərinə qoyulması, cihaz nasaz olduğu təqdirdə bu barədə rəhbərliyə məlumat verilibverilməməsinin aydınlaşdırılması, elecə də məhkəmə trassoloji və məhkəmə yanğın-texniki ekspertizalarının təyin edilməsi və digər təkrar yoxlama hərəkətlər aparılmışdır. Nəticədə 14 may 2018-ci il tarixdə baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. Göründüyü kimi hadisə Cavabdeh təqsiri ucbatından baş verməmiş və heç bir pozuntu hallarına yol verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat-İstintaq İdarəsinin istintaq şöbəsinin hər iki araşdırması zamanı hadisənin istismarda olan 63 diametrli polietilen qaz xəttinin üzərində olan 32 diametrli mufta ilə birləşməsində sızma aşkar edilmişdir. Partlayışa səbəb Cəbi Kərimova məxsus fərdi yaşayış evinin hasarının yaxınlığından keçən yeraltı qaz xəttinin üzərində olan üçlükdən sızan qazın ayaqyolu sahəsinə dolması olmuşdur. İddiaçı məxsus ayaqyolu sahəsinə təbii qazın sızmasına səbəb olmuş 32 mm-lik polietilen yeraltı qaz xəttinin yerləşdiyi küçədə partlayış ərəfəsində hər hansı təmir-tikinti işlərinin aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamış, 32 mm-lik yeraltı qaz xəttinin sızma baş vermiş hissəsinin üzəri asfalt qatı ilə örtülməmiş kənd torpaq yolunun keçdiyi nəzərə alınaraq həmin torpaq yolundan yük avtomobillərinin və minik avtomobillərinin keçməsi istisna olunmamışdır. Məhkəmə trassoloji ekspertizasının 14 mart 2018-ci il tarixli 4481 saylı rəyinə əsasən tədqiqata təqdim edilən iki ədəd borunun üzərində mexaniki təsir, korroziya nəticəsində əmələ gələn iz və zədə aşkar edilməmişdir. Nümayəndə göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 yanvar 2024-cü il tarixli, 2(011)-287/2024 saylı qətnaməsi ilə (hakim-İlahə Abbasova) iddia təmin edilməmiş, 130 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İş materiallarında olan: 7.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 19 dekabr 2017-ci il tarixli xx/xx-08343 nömrəli arayışdan görünür ki, 10 fevral 2014-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki ayaqyolu sahəsində qaz sızmasından yanğınla müşayiət olunan partlayış baş vermiş, nəticədə həmin vaxt ayaqyolu sahəsində olan 1976-cı il təvəllüdlü İddiaçı yanıq xəsarətləri almışdır. 8.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 27 fevral 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə və yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sızma yaranmış qaz xətti "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X10 Sahəsinin xətti baxıcısı tərəfindən mütəmadi olaraq qaz xəttinə texniki baxış işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Bundan başqa Ağcabədi rayonu Xocavənd kəndinə küçə ilə yeraltı çəkilmiş paylayıcı qaz xəttinin birləşməsində zədənin əmələ gəlmə səbəbini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə ilə əlaqədar yanğən təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi nin 16 aprel 2018-ci il tarixli 8580 nömrəli ekspert rəyinin surətindən görünür ki, partlayışın mənbəyi yaşayış evinin həyətindəki ayaqyolu (tualet) tikilisinin içərisində yerləşmişdir. Partlayışın baş verməsinə səbəb, tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş (şambo adlanan) quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən (32 mm-lik polietilen borusunun üçlüyə birləşən hissəsində çat əmələ gəlmişdir) qazın sızaraq yığılması, partlayış konsentrasiyalı qazhava qarışığının yaranması və həmin qarışığın açıq alovun (hadisə zamanı zərərçəkmiş İddiaçı siqareti yandırmaq üçün kibriti yandırmışdır) təsirindən alışması olmuşdur. İlkin və əlavə ekspertizalarına təqdim olunmuş materiallardan konkret olaraq küçə ilə yeraltı çəkilmiş Xocavənd kəndinin paylayıcı qaz kəmərinin (xəttinin) birləşməsində zədənin əmələ gəlmə səbəbi görünmədiyindən, qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. 10.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, məhkəmə yanğın-texniki ekspertizası, əlavə məhkəmə trasoloji ekspertizasının rəyləri ilə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sızma yaranmış qaz xəttin tikintisinə "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X10 Sahəsinin xətti baxıcısı tərəfindən tərtib edilmiş cədvələ əsasən qaz xəttinə istifadəsində olan qaz analizator cihazı ilə qaz xəttinin keçdiyi küçə ilə şurflama etməklə yoxlama işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Yoxlama zamanı istifadə olunmuş qaz analizator cihazı saz və işlək vəziyyətdə olmuş və hadisədən əvvəl həmin cihazda heç bir nasazlıq olmamışdır. Yoxlama zamanı baş vermiş hadisə ilə əlaqədar hansı normativ aktların tələblərinin və kimin tərəfindən pozulması müəyyən edilməmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində İddiaçı yanıq xəsarətləri almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 27 fevral 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılmasıüçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Sızma yaranmış qaz xətti "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X10 Sahəsinin xətti baxıcısı tərəfindən mütəmadi olaraq qaz xəttinə texniki baxış işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Bundan başqa Ağcabədi rayonu Xocavənd kəndinə küçə ilə yeraltı çəkilmiş paylayıcı qaz xəttinin birləşməsində zədənin əmələ gəlmə səbəbini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə ilə əlaqədar yanğən təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. 12.Məhkəmə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı yanıq xəsarətlərinin və psixoloji problemlərinin müalicə olunmasına görə 10000 manat miqdarında maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində Cavabdeh İB-nin, yaxud işçisinin təqsiri müəyyən edilmədiyindən və həmin araşdırma nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edildiyindən və hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 21.2, 1097.1, 1099.1-ci: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin “araşdırması” bir cümlə ilə yekunlaşdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının istər konstitutsion, istər mülki, istərsə də prosessual hüquqları kobudcasına pozulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyya tİstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli qərarının “mötəbər” sübut kimi qələmə verərək işinin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında iştirakı təmin edilsə də, faktiki olaraq izahatına əhəmiyyət belə verilməmişdir. Beləliklə məhkəmədə çəkişmə pirinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün subutlar dəqiq və tam qiymətləndirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 18.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. 25.Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 29.Maddə 218.3.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-287/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, məhkəmə kollegiyasının iclasında iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində İddiaçı yanıq xəsarətləri almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin İstintaq şöbəsinin 27 fevral 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılmasıüçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Sızma yaranmış qaz xətti "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X10 Sahəsinin xətti baxıcısı tərəfindən mütəmadi olaraq qaz xəttinə texniki baxış işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Bundan başqa Ağcabədi rayonu Xocavənd kəndinə küçə ilə yeraltı çəkilmiş paylayıcı qaz xəttinin birləşməsində zədənin əmələ gəlmə səbəbini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən yoxlama zamanı baş vermiş hadisə ilə əlaqədar hansı normativ aktların tələblərinin və kim tərəfindən pozulması müəyyən edilmədiyindən, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. 35.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 37.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 38.Beləliklə, İddiaçı əmlakına və sağlamlığına vurulmuş zərərə görə 10000 manat miqdarında maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, tələbinin əsasını təşkil edən halla bağlı, yəni 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin, yaxud işçisinin təqsiri müəyyən edilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. 39.Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli qərarına əsasən baş vermiş hadisə ilə əlaqədar yanğən təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. 40.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 41.Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. 42.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı rədd edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. 43.Qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-287/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 45.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 46.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 47.Kollegiya hesab edir ki, məhkəmə xərcləri Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-287/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar