Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-290/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2014 nömrəli, 08 oktyabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 19 iyun 2013-cü il tarixli, nzaz9253 saylı istehlak krediti müqaviləsi üzrə kreditə görə 5740 manat əsas, 480 manat faiz borcu, 1600 manat cərimə borcu, cəmi 7820 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim Xumar Mərdanova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5740 ( beş min yeddi yüz qırx) manat əsas, 480 (dörd yüz səksən) manat faiz, 200 (iki yüz) manat cərimə - olmaqla, cəmi 6420 (altı min dörd yüz iyirmi) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 ( otuz) manatın tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə iclası barədə ona məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, belə ki, o, uzun müddətdir ki, ölkə xaricində, yəni Rusiya Federasiyasında yaşayır. Həmçinin əsas, faiz və cərimə borcunun düzgün hesablanması ilə bağlı ekspertiza təyin edilməli olduğu halda, edilməmiş, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
2. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
3. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Osmanov apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, şikayət əsassızdır, uzatma xarakterlidir, şikayətinin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
4. Məhkəmənin qəradadına əsasən keçirilmiş ekspertiza tədqiqatının rəyi daxil olduqdan sonra keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Ə.Zeynallı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, həmin tarixə başqa iclasları olduğu üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
5. 19 iyun 2013-cü il tarixli, nzaz9253 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 27% ödəmək şərti ilə 8000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh1 krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür.
6. 19 iyun 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 yuxarıda qeyd edilən kredit öhdəliyini vaxtında və lazımınca icrası İddiaçı ASC qarşısında zamin duraraq, Cavabdeh1 ilə birgə məsuliyyət üzərinə götürmüşdür.
7. İddiaçı ASC-nin 19 iyun 2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 bankdan 8000 manat kredit vəsaiti qəbul etmişdir.
8. İddiaçı ASC tərəfindən verilmiş 19 iyun 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 5740 manat əsas, 480 manat faiz, 1600 manat dəbbə pulu olmaqla, cəmi 7820 manat borcu var.
9. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, borclu və zaminə bank tərəfindən borcun ödənilməsi barədə dəfələrlə xəbərdalıq edilmiş, borc ödənilmədiyi təqdirdə mübahisənin hüquqi nəticələri haqqında məlumat verilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1467 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən cədvəl məlumatları, 19 iyun 2013-cü il tarixli nzaz9253 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 7006,62 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu üzrə 5739,43 manat, faiz borcu 1267,19 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır
15. Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
16. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir
19. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
25. Maddə 134.1.4. məhkəmə bildirişini;
26. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
27. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
35. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili -borcun məbləği ilə bağlı ekspertiza keçirilməməsi ilə bağlı məhkəm kollegiyası tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 9/1467 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən cədvəl məlumatları, 19 iyun 2013-cü il tarixli nzaz9253 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 7006,62 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu üzrə 5739,43 manat, faiz borcu 1267,19 manat təşkil edir.
41. Məhkəmə Kollegiyası bildirir ki, ekspert rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlili təsdiq edilmədiyindən, onun apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
42. Apellyasiya şikayətinin digər dəlili işə Cavabdeh1 iştirakı olmadan baxılması ilə bağlı olmuşdur (cavabdeh işə baxılan vaxt Rusiya Federasiyasında yaşadığını bildirmişdir).
43. Məhkəmə kollegiyası bildirir ki, MPM-in 134.1.4-cü maddəsində görə, məhkəmə bildirişi işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.
44. MPM-in 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
45. MPM-in 146-cı maddəsinə görə Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
46. Mülki iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 mülki iş materiallarında olan rəsmi qeydiyyatda olduğu (ünvan 1 ünvanına prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmişdir (i/v 58).
47. Belə olan halda, rayon məhkəməsi tərəfindən məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırıldığından hazırkı işin halları baxımından şikayətin həmin dəlili də əsassızdır. Nəticə:
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməli, ekspertiza xərcləri 150 manat Cavabdeh1 tutulmalıdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma Cavabdeh1 alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov