Məhkəmə qərarları › İş №2(103)-2901/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2901/2023

24.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2901/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X8 və X6 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2901/2023 (Açar sözlər: evdən istifadəyə maneənin aradan qaldırılması və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X6, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi-vəkili Vəkil1 Zahirəli oğlunun iştirakları ilə, İddiaçılar X8 və X6 Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(005)-1006/2022 saylı qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apelyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri,Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən iddiaçılar X4, X6 yaşadıqları 68 və Cavabdeh1 yaşadığı 72 nömrəli evlərin arasında cavabdeh tərəfindən hasar çəkilmişdir. İddiaçılar isə həmin hasarın onların evinin pəncərəsinin qarşısını kəsdiklərini və hüquqlarının pozduğunu bildirirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar X8 və X9 Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən bağlanmış onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evin pəncərəsinin açılması və tikinti qaydalarına əməl edərək ara məsafəsi saxlamaqla mövcud divarla paralel divarın çəkilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 və 72 nömrəli evlərin altındakı torpaq sahəsi 0,10 hadan ibarətdir. Həmin torpaq sahəsini 1960-cı ildə mərhum atası Bağıyev Aydın tərəfindən alınıb və torpaq sahəsi üzərində 79 kv.m-dən ibarət 4 otaqlı mənzil inşa olunmuşdur. 5 il sonra, yəni 1965-ci ildə indiki cavabdehlərin atası, onların əmisi olan Bağıyev Zahirəlinin yaşayış yeri olmadığı üçün atası onu yanına gətirərək qeyd edilən torpaq sahəsinin yarısını ona bağışlamışdır. Mərhum əmisi Bağıyev Zahirəli də həmin torpaq sahəsi üzərində ev inşa etmişdir. Atası əmisinə gələcəkdə uşaqlar arasında hər hansı bir problemin olmaması üçün torpaqlar arasında qanunvericiliyə uyğun ara məsafəsi saxlanılmaqla ayrı-ayrı iki daş hasar çəkməyi məsləhət görmüşdür. Lakin əmisi qocaldığına görə uşaqları onun məsləhətlərini yerinə yetiməmişdir. Bir neçə il əvvəl cavabdehlər Telman və Mehman qardaşları evi artıraraq mövcud tikinti qaydalarına əməl etmədən tikinti aparmışlar. Ona görə də aralarında mübahisələr başlamışdır. Cavabdehlərə onlara məxsus evin havalandırılması və tikinti qaydalarına əməl etməyi, yəni divar sədlər arasında qanuna müvafiq ara məsafəsi saxlamağı tələb etmişlər. Lakin cavabdehlər buna məhəl qoymamışlar. Buna görə onlar polis orqanlarına və İcra hakimiyyətinə müraciət etmişlər.Onlar da cavabdehlərə qanunsuz hərəkətlərə son qoymağı tapşırdılar. Lakin bu tədbirlərin heç bir faydası olmamışdır, əksinə münaqişəni daha da alovlandırmaq üçün pəncərənin altında zibil qutusu qoyulmuşdur. Cavabdehlər günlərlə zibili atmır, bu isə infeksiya mənbəyi olmuşdur. Dəfələrlə şikayət etdikdən sonra həmin zibil qutusunu götürməyə nail olmuşlar. Lakin cavabdehlər yenə də çirkin niyyətlərindən əl çəkməmiş, onların pəncərəsinin lap yaxınlığında kustar üsulla hazırlanmış istilik sistemi (kombi) qoymuşlar. Kustar üsulla hazırlandığına görə külək olan zaman qaz onların evinə dolmuşdur. Cavabdehlərə bunun nə qədər təhlükəli olduğunu irad tutanda bu dəfə onlar ümumiyyətlə evə aid pəncərəni böyük dəmir listi ilə tam bağlamışlar. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Nərimanov Rayon məhkəməsində (hakim Kəmalə Əmirxanova) araşdırma aparılmış, ekspertizanın rəyi alınmış və nəticədə mülkiyyətçinin cavabdeh qoyulmaması səbəbi ilə iddia təmin edilməmişdir. Hakim cavabdehin əsl cavabdehlə əvəz olunmasın təklif etsə də o, bunun nə olduğunu başa düşmədiyi üçün etiraz etmişdir. Ona görə də yenidən məhkəməyə müraciət etmişdir.Bildirir ki, məhkəmənin gedişində mülkiyyətçi dəyişmişdir. Bundan sona o, yeni mülkiyyətçini cavabdeh qoyaraq təzədən məhkəməyə müraciət etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) xx.xx.2021-ci il tarixli 2(005)-5921/2021 saylı qəradadı ilə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Halbuki məhkəmə qətnaməsində də ona izah olunduğu kimi yeni mülkiyyətçini cavabdeh qoymuşlar. Bildirir ki, yaşadığı ev iki iç-içə olmaqla 4 otaqdan ibarətdir. Burada iki ailə və subay bacı-qardaş olmaqla 8 nəfər yaşayır. Cavabdehlər pəncərəni tam bağladığına görə ev tam rütubət içindədir. Bu da vərəm xəstəliyinin yaranmasına əsasdır. Məhkəmə evə baxış keçirərsə bunun əyani şahidi ola bilər. Məhkəməyə təqdim etdiyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan da görünür ki, həmin torpaq sahəsi onun atası Bağıyev Aydına 1960-cı ildə Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi X2 Bürosu tərəfindən verilib. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evə 8 nəfərin istifadə hüququ var.

4. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 Zahirəli oğlu iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində həqiqətə uyğun olmayan faktlar irəli sürməklə göstərmişdir ki, hazırda cavabdehə məxsus torpaq sahəsinin vaxtı ilə ataları tərəfindən 1960-cı ildə alınaraq sonradan bir hissəsinin əmilərinə, yəni cavabdehin atasına bağışlanması barədə fikirlər qeyd etmişlər. Lakin cavabdehin izahına əsasən həmin faktlar tamamilə yanlışdır və hadisələr fəqli olaraq əksinə olmuşdur. Cavabdehin atası dənizçi olmuş öz imkanları ilə həmin torpaq sahəsini alaraq sonradan bir hissəsini də qardaşına, yəni iddiaçıların atalarına faktiki olaraq bağışlamışdır. Torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Ara divarının inşa edilməsinə səbəb bu olmuşdur ki, iddiaçıların pəncərələri cavabdehin həyətinə baxmaqla tikinti inşaat norma və qaydalarına zidd olmaqla yanaşı milli dəyərlərə və fərdi yaşayış evlərinin tikintisində gözlənilməli olan ara məsafəsi və lahiyyə tikiliş planının qaydalarına uyğunsuz olmuşdur. Uzun müddət və dəfələrlə cavabdeh iddiaçıların açıq pəncərələri hissədən qonşuluq təsirinə məruz qalmışdır. 2010-cu ildə də cavabdehin həyətinə oğrular daxil olmuşdurlar və hüquqmühafizə orqanlarına etmiş olduqları şikayətlər əsasında cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmuşdurlar. Eyni zamanda iddiaçılar cavabdehin bildirdiyinə görə konflktli ailədirlər və münasibətləri pozulmuşdur. Göstərdiklərinə əsasən iddiaçılar onun həyət quşlarını həmin pəncərədən həyətinə zəhər atmaqla zəhərləyərək öldürmürlər. Beləliklədə, iddiaçıların bu hərəkətləri nəticəsində cavabdeh evində və evinin həyətində sərbəst gəzmək, evindən təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. Bu hərəkətləri ilə iddiaçılar cavabdhin mülkiyyət hüququnu da pozmuşlar. Pəncərənin həyətə baxması zamanı da heç bir icazə onlara verilməmişdir. İddiaçılardan fərqli olaraq cavabdehin torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə cavabdehin adına dövlət qeydiyyatından keçmişdir. İddiaçıların evə və topaq sahəsinə heç bir mülkiyyət hüquqları mövcud deyil. Yaşayış evinin tikintisi inşaat norma və qaydalarına uyğun aparılmamışdır. Evin onlara məxsus olmasına dair də heç bir hüquq müəyyənedici sənədlər yoxdur. Hesab edirk ki, iddiaçı bu cür iddia tələbi qaldırmaq da səlahiyyətli şəxs deyildir və buna dair də subyektiv hüququ yoxdur. İddiaçılar ilk növbədə subut etməlidirlər ki, iddia etdikləri tikili onlara məxsusdur. Tikilinin texniki göstəricilərinin və sahəsinin uyğunlaşdırılmış hüquq müəyyənedici sənədlərini məhkəməyə təqdim etməlidirlər. Məhz ondan sonra mübahisəli tikilinin pəncərəsinin bağlanması nəticəsində qonşuluq hüququnun təsirinə məruz qalmasına dair mübahisə qaldırmaqlarında haqlı olduqlarını irəli sürməlidirlər. Əks halda yenə də qeyd edir ki, iddiaçılar subyektiv hüquqa malik deyil. Cavabdehin ara divarı inşa etməsi iddiaçıların hər hansı bir hüququnu pozmur. Belə bir iddia tələbi irəli sürməklə iddiaçılar subyektiv hüququn müddəalarını və bununla bağlı qanunvericiliyin tələbinə də diqqət yetirməmişdirlər. Beləliklədə iddiaçılardan fərqli olaraq torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olmasına dair səlahiyyət hüququ dövlət qeydiyyatından keçdiyi halda iddiaçının subyektiv hüququ olmadığı halda hazırki tələblə məhkəmədə iddia qaldırması da qanunamüvafiq deyildir və iddianın buna hüququ olmayan şəxs (səlahiyyəti olmayan şəxs) tərəfindən qaldırılması kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1006/2022 saylı iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.3, 170.1, 170.2, 178.1, 180.1, 180.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Məhkəməyə təqdim təqdim etdiyi şəxsi mülkiyyət hüququ ilə evlərinin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan da görünür ki, həmin torpaq sahəsi atası Bağıyev Aydına 1960-ci ildə Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi X2 Bürosu tərəfindən verilib. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, Bakı şəhəri, Nərimanovrayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evə 8 nəfərin istifadə hüququ var. Məhkəmə iş üzrə təyin edilmiş ekspertiza və alınmış 3 ekspert rəyini qarşılıqlı qiymətləndirməmiş, ancaq cavabdehin xeyrinə olan əsassız rəyi sübut növü kimi qiymət vermişdir. Məhkəmənin əsas sübut növü kimi qiymətləndirdiyi və tamamilə əsassız və onlara qarşı qərəzli rəydir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.

15. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

16. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

17. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dölət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 72 saylı ev xüsusi mülkiyyət hüququ əsasında tam payda X1 məxsusdur.

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 72 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə tərtib olunmuşdur.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/1939 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 nömrəli yaşayış evinin arxa tərəfə (cavabdehlər tərəfə) açılan pəncərəsi texniki pasportda nəzərdə tutulduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 72 saylı fərdi yaşayış evinə aid (texniki pasportda öz əksini tapan) hasarın yerləşməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 saylı yaşayış evindən (giriş çıxış və tikililərin) istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 nömrəli fərdi yaşayış evinin pəncərəsi bağlanılan otağın digər stiqamətdə pəncərənin mövcud olduğu və həmin pəncərənin yaşayış evinin sakinləri tərəfindən bağlandığını nəzərə alaraq, həmin otağın pəncərəsinin digər (əvvəllər mövcud olmuş) istiqamətdə açılması mümkündür.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 10/6073 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, mübahisə predmeti olan pəncərənin qarşısının dəmir lövhə və mişar daşından inşa edilmiş hasar ilə bağlanmasının həmin evə daxil olan hava axınının və günəş şüasın qarşısını kəsidiyi müəyyən olunur. İş üzrə iddiaçıya məxsus yaşayış evinin pəncərəsinin qarşısında inşa edilmiş hasar tikilsinin mülki iş materiallarında olan (səh.52) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasport öz əksini tapdığı müəyyən olunur

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı Cavabdeh1 hasarın ona məxsus tikilini texniki pasportda göstərilən sahə hüdudlarında inşa etdiyi, onun tərəfindən tikinti normalarına riayət edildiyu və hər hansı pozuntuya yol verilmədiyi sübut olunmuşdur. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 10/6073 nömrəli ekspert rəyi ilə də sübuta yetirilmişdir.

34. Həmçinin, müəyyən edilmişdir ki, cavabdehin evə dair sənədləri (texniki pasport, çıxarış və s.) iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

36. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1006/2022 saylı iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar