Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2905/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin vəkili Leyla Hüseynovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 50.000 manat, faiz borcu kimi 7.500 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Leyla Hüseynova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflərin arasında 09.08.2018-ci ildə notariat qaydasında borc (kredit) müqaviləsi bağlanıb. Müqavilədən görünür ki, iddiaçı 50.000 manat pulu cavabdehə borc verdi, cavabdeh isə həmin pulu 6 ay ərzində, yəni 09.02.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia edir ki, pulu cavabdehə verib, lakin cavabdeh pulu geri qaytarmayıb. Cavabdeh isə bildirir ki, müqavilə bağlansa da iddiaçı ona pul verməyib. Lakin müqavilənin mətnində “borc verdi” ifadəsindən istifadə olunub. Halbuki, Mülki Məcəllənin 739.1-ci maddəsində “pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür” ifadəsində istifadə olunub. Əgər müqavilənin mətnində “borc verdi” deyil, “öhdəsinə götürür” ifadəsi olsayıdı iddiaçı öhdəliyini icra etdiyini sübut etməli idi. Hazırkı müqavilənin mətni həm öhdəliyin yarandığını, həm də icra edildiyini təsdiq edir. Cavabdeh göstərilən mətni imzalamaqla pulun iddiaçı tərəfindən ona verildiyini təsdiq edib. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın vəzifəsi belə göstərilib: “...aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2905/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2905/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver