Məhkəmə qərarları › İş №2(103)-2906/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2906/2022

31.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2906/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(005)-2098/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “Araz” kafesi ilə Panda marketin arasında olan yolun əvvəlki vəziyyətinə gətirilərək, ona məxsus texniki pasportda olan göstəricilərə əsasən Panda marketə açılan 2 ədəd qapılardan və 2 ədəd pəncərələrdən istifadəyə maneənin aradan qaldırılması, zəbt edilmiş sahənin cavabdehin hesabına sökülməsi, “Araz” kafesinə aid 2.3 kv.m zəbt edilmiş sahənin boşaldılaraq ona təhvil verilməsi, ona dəymiş 5000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən “Araz” kafesi xüsusi mülkiyyətindədir, mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Cavabdeh ona məxsus kafenin 3 kv.m sahəsini zəbt etmiş, dam örtüyünü kəsməklə kafenin daxilinə ziyan vurmuş, pəncərəni hördürüb, yanğın söndürən çıxışı bağlamaqla mülkiyyət hüquqlarını kobudcasına pozmuş və mülkiyyətindən istifadə etməyə maneə yaratmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(005)- 2098/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi müəyyən edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. “Araz” kafesi qardaşı tərəfindən ona bağışlanmışdır, əvvəl qardaşının mülkiyyətində olmuş, ondan öncə isə qohumu Etibara məxsus olmuşdur, yəni kafe sovetler dönəmində inşa edilmiş və iaşə obyekti kimi fəaliyyət göstərmişdir. Obyekt kimi istifadə olunması üçün hər bir şəraiti olmuşdur. Lakin cavabdehin qanunsuz apardığı tikinti işləri nəticəsində kafe istifadəyə yararsız vəziyyətə düşmüşdür. Texniki pasportların müqayisəli təhlili aparılmamış, mütəxəssisin işə cəlb olunub dindirilməsi təmin olunmamış, əlavə ekspertiza təyin olunmasına dair vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (“Araz” kafesi) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və 29.08.2017-ci il tarixdə adına qeydiyyata salınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Araz” kafesi) hüquqi subyekti İddiaçıdır və texniki pasport 25.08.2017-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası (33 saylı mağaza) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur və 11.04.2013-cü il tarixdə adına qeydiyyata salınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (33 saylı mağaza) hüquqi subyekti Cavabdehdur və texniki pasport 09.04.2013cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2021-ci il tarixli, 10/1935 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi ünvanında yerləşən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi (“Panda” market) ilə İddiaçı məxsus “Araz” kafesi üst-üstə düşür. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, baxış zamanı əldə olunmuş məlumat ilə qeydiyyat orqanı tərəfindən verilmiş texniki pasportların göstəriciləri üzləşdirildikdə, cavabdeh X1 istifadəsində olan qeyri-yaşayış sahəsinin («Panda» marketin) İddiaçı məxsus qeyri-yaşayış sahəsinin («Araz» kafesinin) bir hissəsi ilə, yəni texniki pasportda göstərilən sahəsi 1,2 kv.m (tikili altı sahə 2,3 kv.m) olan tikili ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbi qanunsuz sahiblikdən özgənin əmlakının geri qaytarılması ilə bağlıdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd olunan qeyri-yaşayış obyektlərinin aralarında olan yolun əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmiş, lakin həmin yolun mövcud olub-olmaması barədə məhkəməyə sübut təqdim etməmiş, iş materiallarında olan sənədlərdə də qeyd olunan yol öz əksini tapmamışdır. Bundan başqa, mülki işə əlavə olunmuş qeyri-yaşayış binaların çıxarışlarından da görünür ki, cavabdeh öz mülkiyyətinə dair çıxarışı iddiaçı tərəfdən daha əvvəl almışdır. Ekspert rəyində isə tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrin üst-üstə düşməsi qeyd olunmuş, hər hansı tərəfin bir-birinin sahəsinə girməsi barədə məlumat yoxdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya tərəfindən ünvanlanmış sorğuya cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi – Panda marketə aid köhnə, yəni 10.09.1998-ci il tarixli texniki pasportun müvafiq qaydada təsdiq edilmiş surəti təqdim edilmişdir (həmin pasport birinci instansiya məhkəməsi tərəfindən də tələb olunmuş, lakin, məlumatlar tam olmadığndan, təqdim olunmamışdır). Qeyd edilən 1998-ci il tarixli texniki pasportdakı tikilinin planından görünür ki, cavabdehə məxsus ticarət sahəsinin yola baxan giriş hissəsinin eni 8,6 metr olmuşdur. Sonradan alınmış 2013-cü il tarixli texniki pasportdakı tikilinin planından isə görünür ki, həmin giriş hissəsinin eni artırılaraq (əlavə tikililər hesabına) 12.50 metrə çatdırılmışdır. Həmin texniki pasportun «Texniki parportun tərtib edilməsi üçün təqdim edilmiş sənədlər» bölməsindəki qeydlərdən müəyyən olunur ki, pasportun verilməsinə əsas olan sənədlər aşağıdakılardan ibarət olmuşdur: 30.11.2011-ci il tarixli 527 nömrəli Tikinti- Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul Komissiyasının aktı; eskis layihəsi; 30.11.2011-ci il tarixli 527 nömrəli Sərəncam; 23.06.2003-cü il tarixli 000923 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə və 10.09.1998-ci il tarixli 4854 nömrəli Texniki pasport. Göründüyü kimi texniki pasportların müqayisəli təhlili zamanı müəyyən edilir ki, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin eni əvvəl 8,6 metr olduğu halda, sonradan aparılmış əlavə tikinti işləri nəticəsində 12,50 metrə çatdırılmışdır. Aydın olur ki, iddiaçının mübahisələndirdiyi həmin sahə cavabdeh tərəfindən öz sahəsinə qatılaraq mülkiyyətinə keçirilmişdir. Həmin tikinti işlərinin aparılaraq öz sahəsinə birləşdirilməsinə əsas verən sənədlər (2013-cü il tarixli texniki parportun tərtib edilməsi üçün təqdim edilmiş sənədlər) kimi 30.11.2011-ci il tarixli, 527 nömrəli Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul Komissiyasının aktı; eskis layihəsi; 30.11.2011-ci il tarixli 527 nömrəli Sərəncam; 23.06.2003-cü il tarixli 000923 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə və 10.09.1998-ci il tarixli 4854 nömrəli Texniki pasport göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə inzibati orqanın hərəkətlərindən irəli gələn hüquqla bağlı olduğu üçün inzibati qaydada mübahisələndirilə bilər. Apellyasiya baxışı zamanı mübahisəli sahəyə baxış keçirilmişdir. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, faktiki olaraq həmin sahə tikilməklə cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda mübahisəli sahənin cavabdehin qanuni sahibliyində olması aşkardır, qanunsuz sahiblik halı müəyyən edilməmişdir. Yalnız inzibati məhkəmə icraatı qaydasında cavabdehin əlavə tikinti-quraşdırma işləri aparmasına əsas verən həmin sənədlər (sərancam, eskiz layihəsi və istismara qəbul aktı) qanunsuz hesab olunduğu təqdirdə, iddiaçı həmin tikililərin sökülərək əvvəlki vəziyyətin bərpa olunması barədə iddia qaldıra bilər. İşin müəyyən edilmiş halları onu deməyə əsas verir ki, hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2098/2021 saylı iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar