Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2906/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yöəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1777/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bu cavabdehə 24 ay müddətinə qaytarmaq və illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 300.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə verimişdir. Eyni zamanda, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02455 ha torpaq sahəsini və onun üzərində yerləşən qeyri-yaşayış binasını bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin cavabdeh Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Borcun qaytarılması ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və bu mübahisənin nəticəsi olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2660/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 300.000 manat məbləğində əsas, 78.319 manat məbləğində faiz, ümumilikdə 378.319 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin 600.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1890/2018 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-2660/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə ödənilməli olan faiz borcunun məbləğinin 66.803 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1890/2018 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədi icraya yönləndirilmiş və buna uyğun olaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə mülki iş üzrə icra icraatına başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-129/2020 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, **********739 nömrəli arayışa əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4955F nömreli kredit müqaviləsi üzrə cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101.288,60 manat təşkil edir, o cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, hər gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 manatdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 101.288,60 manat faiz borcunun, eləcə də iş üzrə ödənilmiş 391,29 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qeyd olunmuş faiz borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin yuxarıda istinad olunan faktiki hallarına istinad edilərək, onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1890/2018 nömrəli qətnaməsində məhkəmənin hüquqi mövqeyinden aydın olur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün əsas borca illik 5 faizlə hesablanmış borcla bağlı bank ayrıca iddia qaldıra bilər. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi artıq qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixli, **********739 nömrəli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4955F nömreli kredit müqaviləsi üzrə cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101.288,60 manat təşkil edir, o cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, her gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 manatdır. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. Bu o deməkdir ki, Cavabdeh2 banka olan əsas kredit borcuna illik 5 faizlə hesablanmış borcunun kreditin təminatı olaraq bankın xeyrinə girov qoyulmuş ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi müqavilədən irəli gələn və qanuni tələbdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 1777/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70.922,40 manat faiz borcunun və 195,60 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, həmin tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh, bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəniş aparmadığını bildirsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, borcun tutulması barədə məhkəmə qətnaməsi isə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, işin faktiki hallarına əsasən qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə olan halda, iddiaçının hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Lakin məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə qanuni qüvvəyə mindiyini nəzərə alaraq qeyd etmişdir ki, gecikdirilmiş müddət aralağı məhz xx.xx.2018-ci il tarixdən maliyyə arayışı verilən tarixə, yəni xx.xx.2023-cü il tarixə hesablanmalıdır. Həmin müddət isə 4 il 9 ay 10 gün olmaqla cəmi 1740 gün təşkil edir. Müqavilə üzrə əsas borcun məbləği isə 293.500 manat təşkil etmişdir. Belə olan halda cavabdehdən tutulmalı olan məbləğ (293.500/100*5 = 14.675 manat; 14.675 manat : 360 gün = 40,76 manat (bir gün)) 40,76 x 1.740 gün (gecikdirilmiş günlərin sayı) = 70.922,4 manat müəyyən edilməlidir.
6. Məhkəmə iddia tələbinin borcun ipoteka predmetini təşkil edən əmlaka yönəldilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə - tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Hazırda isə cavabdehlər tərəfindən həmin qətnamə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədiyindən, eləcə də ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası həmin kredit münasibətlərindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edildiyindən, həmçinin qanuni qüvvəsini almış qətnamə ilə ipoteka predmetinə tutmanın qaydası müəyyən edildiyindən, məhkəmə hesab edir ki, hazırki borc üzrə tutma həmin əmlaka yönəldilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh2 apellyasiya şikayətini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin hazırkı vaxtadək icra edilməməsini, tutmanın hansı səbəbdən ipoteka predmetinə yönəldilməməsini, borclular tərəfindən qətnamənin icrasına maneçilik törədən halların (ipoteka predmetinin təhvil verilməməsi) olub-olmamasını araşdırmamış, iddiaçı tərəfindən qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, tutmanın yönəldiyi ipoteka predmetinin ilkin satış qiyməti tutulmalı olan borc məbləğindən kifayət qədər çoxdur və ötən 5 il ərzində qətnamə ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına icra oluna bilərdi. Lakin qətnamənin hansı səbəblərdən bu günki günədək icra edilməməsi araşdırılmadan əlavə olaraq gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması onsuz da əmlakından məhrum olmuş cavabdehlərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə tutmanın hazırkı vaxtadək ipoteka predmetinə yönəldilməməsinin cavabdehlərin təqsiri ucbatından baş verməsi sübuta yetirilmədiyindən, sonunculardan gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70.922,4 manat faiz borcunun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı həm kredit müqaviləsi üzrə iddia müddəti (bu müddət xx.xx.2019-cu il tarixdə bitib), həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının çıxarıldığı vaxtdan (bu müddət xx.xx.2021-ci il) 3 il keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən digər Cavabdeh1 qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən, yəni yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməməsi artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh həmin qətnamə üzrə xx.xx.2018-ci il tarixdə verilmiş icra sənədinin icrasını bugünədək təmin etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən onun qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 293.500 manat məbləğində əsas, 66.503,07 manat məbləğində faiz borcu qalmaqdadır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında özü də etiraf etmişdir ki, artıq bir neçə aydır ki, hər ay 5.000 manat olmaqla ödəyir və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən həmin icra sənədi üzrə ödənişlər xx.xx.2023-cü il tarixdən davam etdirilmiş, bu tarixədək məhz yuxarıda göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Hazırki iddia tələbi də həmin öhdəliyin icra edilməməsindən qaynaqlanır və xx.xx.2023-cü il tarixədək mövcud olan 293.500 manat məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məhz bu məbləğə illik 5 faiz dərəcəsi ilə faiz məbləğinin hesablanmasını mümkün edir.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hazırki iddiasını ümumilikdə əsaslı hesab etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli (bu qətnamədə texniki səhv nəticəsində 2017-ci il tarixi göstərilmişdir), 2(102)-4150/2018 saylı qərarı ilə qanuni qüvvəsini almasını, tələb edilən faiz məbləğinin isə xx.xx.2023-cü il tarixədək hesablandığını nəzərə alıb, gecikdirilmiş vaxt qismində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddəti götürmüş və həmin müddət üçün illik 5 faiz dərəcəsi ilə faiz hesablamışdır. İddiaçı bu müddəti mübahisələndirməmişdir. Həmin müddət də 4 il 9 ay 10 gün olmaqla, cəmi 1.740 gün təşkil edir. Belə olan halda da cavabdehdən 1.740 gün üçün tutulmalı olan məbləğ (293.500 / 100 x 5 = 14.675 manat, 14.675 manat : 360 gün = 40,76 manat - bir gün üçün hesablanmış faiz məbləğidir) məhz (40,76 x 1.740 gün = 70.922 manat) 70.922,40 manat təşkil edir. Başqa sözlə, birinci instansiya məhkəməsi müddətə uyğun və özü-özlüyündə məbləği düzgün hesablamışdır. Müddətin və ya məbləğin azaldılması üçün isə məhkəmə kollegiyası hər hansı əsas görmür.
23. Məhkəmə kollegiyası ötən dövr ərzində tutmanın ipoteka predmetinə yönəldilməməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində olan qeyriyaşayış binası kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutmanın həmin əmlaka yönəldilməsi cavabdehin məhkəmə aktı ilə müəyyən edilmiş məbləği müstəqil qaydada ödəmək imkanından məhrum etmir. Başqa sözlə iddiaçı 2023cü ilin iyun ayından ödəməyə başladığı məbləğləri bu tarixdən əvvəl də ödəyə bilərdi. Bu qənaət onun etirafı və 2023-cü ilin iyun ayından ödənişlərə başlaması ilə də təsdiq edilir. Cavabdeh özü də ödəmək imkanına malik olmadığını deyil, bankın iflasa uğraması səbəbindən borcun konkret hara ödəməli olduğunu bilmədiyini qeyd edir. Həminin, icra sənədinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində bu günədək icra olunmaması hazırki iddianın rədd edilməsi üçün əsas yaratmır.
24. Digər tərəfdən iş materiallarından, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 29103)-1890/2018 saylı, xx.xx.2018-ci il tarixli icra işi üzrə sənədlərdən müəyyən edilir ki, qətnamə üzrə verilmiş icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icra icraatına başlanılması barədə qərar qəbul edildikdən sonra ipoteka predmetinin açıq hərracdan satılması üçün ilkin olaraq "xxxx" MMC-yə sifariş verilmişdir. Lakin Cavabdeh2 icraata başlamaq haqqında qərardan şikayət verdiyindən şöbə xx.xx.2018-ci il tarixdə həmin cəmiyyətə müraciət edərək, hərracın keçirilməsinin dayandırılmasını və icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra digər Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1890/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, bu barədə məlumat vermiş və başlanmış icra icraatının dayandırılmasını xahiş etmişdir. Lakin onun kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1890/2018 saylı qərardadı ilə geri qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi də xx.xx.2022-ci il tarixli, 2(1020-6027/2022 saylı qərarı ilə bu nətcə ilə razılaşmışdır. Başqa sözlə, icra sənədinin ipoteka predmetinin açıq hərracdan satılması hissəsində icra edilməsi məhz cavabdeh tərəfin hərəkətləri nəticəsində mümkün olmamışdır.
25. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilən məhkəmə iclaslarında iştirak etmiş, lakin iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası da Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinin tələblərini, o cümlədən iddia müddətinin tətbiqi ilə bağlı ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsini qeyri-mümkün edən hər hansı halın müəyyən edilmədiyini nəzərə alıb, ümumiyyətlə iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməsinə hər hansı zərurət görmür.
26. Məhkəmə kollegiyası ödənilməli olan faiz məbləği üzrə tutmanın da ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrası ilə bağlı olduğundan və həmin öhdəliyin təminatı kimi də ünvan 1 ünvanında yerləşən 0,02455 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönləndirilməsi ilə bağlı mövqeyi də əsaslıdır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1777/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.