Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2908/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3473/2020 saylı, 11 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 04.08.2015-ci il tarixli, 016 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2126 ABŞ dolları əsas, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 323.10 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 4254.12 USD və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydadada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3473/2020 saylı, 11 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2126 ABŞ dolları məbləğində əsas kredit borcu, 763 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 2899 ABŞ dolları borc və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu və zamin Cavabdeh2 aid hissəsində təmin etməyərək, işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin həmin hissədə ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, rayon məhkəməsinin qət etdiyi məbləği tam şəkildə ödəmiş, bundan sonra, iddiaçı tərəfindən ona apellyasiya şikayətinin geri götürüləcəyi bildirilsə də, sonradan onların bu sözə əməl etmədiyi məlum olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: 04.08.2015-ci il tarixli 016 saylı kredit müqaviləsindən görünür ki, «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. 04.08.2015-ci il tarixli 016 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 27.07.2020-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 banka 04.08.2015ci il tarixli kredit müqaviləsi üzrə 2126 ABŞ dolları əsas borc, 763.28 ABŞ dolları faiz, 1041.74 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 323.10 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 4254.12 USD məbləğində borcu vardır. 22.01.2021-ci il tarixli, 1***-*******63 saylı Mədaxil qəbzinə əsasən 4759 AZN (ödəniş anına olan məzənnəyə uyğun (2799 USD), 22.01.2021-ci il tarixli, 1***-*******72 nömrəli Məxadil qəbzinə əsasən 100 dollar, 22.01.2021-ci il tarixli, 1***-*******73 nömrəli Mədaxil qəbzinə əsasən 30 AZN Cavabdeh1 tərəfindən iddiaçının hesabına ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 22.01.2021-ci il tarixli ərizədə iddiaçıya Cavabdeh1 borcunun olmaması barədə arayış verilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 323.10 ABŞ dolları faiz borcunun tutulması və iddianın zamin Cavabdeh2 dair hissədə rədd olunması hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda göstərilir ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 323.10 ABŞ dolları faiz borcunun tutulması hissəsində haqlı olaraq təmin etməmişdir, belə ki, iddiaçı tərəfindən Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsini təqsirli olaraq gecikdirməsi faktı sübuta yetirilməmişdir. Bundan başqa, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (2 il, 11 ay, 29 gün) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun tutulması ilə bağlı dəlili əsassızdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin zaminliyə dair dəlili ilə bağı bildirir ki, MMnin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda müəyyən olunur ki, iddiaçı 04.08.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin 04.08.2017-ci il tarixində başa çatmasına baxmayaraq, iddiaçı həmin müqavilədə göstərilən öhdəliyin icrası vaxtının başa çatdığı gündən bir il ərzində cavabdeh – zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdehin bunula da bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin edilməsin, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3473/2020 saylı, 11 noyabr 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2908/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2908/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver