Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-291/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2010-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və məhkəmə xərclərinin tutulması tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4382,52 manat əsas borcun, 952,54 manat məbləğində faiz borcunun, cəmi 5335,06 manat borcun, 533 manat məbləğində hüquqi xidmət xərclərinin və 20 manat məbləğində dövlət rüsumunun tutulması və tələbin Cavabdeh mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “İnkişaf” filialı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 195/a saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 4382,52 manat əsas kredit borcu, 952,54 manat faiz borcu olmaqla cəmi 5335,06 manat kredit borcu yaranmışdır. Cavabdehə bank tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün 533 manat hüquqi xidmət xərci və 20 manat dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2010-cu il tarixli 2(006)- 2194/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 43872,52 manat əsas borc, 952,54 manat faiz borcu olmaqla cəmi 5335,06 manat kredit borcu, 200 manat hüquqi xidmət xərci və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və işin faktiki hallarına uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, bankdan kredit götürməmiş, kürəkəni X3 bankdan kredit götürməsi üçün ona zamin durmuş və yalnız zaminlik müqaviləsini imzalamışdır. Bundan əlavə, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş və nəticədə hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə əlavə verilərək qeyd olunmuşdur ki, bank krediti Cavabdeh kassa məxaric orderinə əsasən deyil, 15.04.2008-ci il tarixli “Müddətli öhdəçilik” adlandırılan sənədlə verilmişdir. Həmin sənəd isə kreditin verilməsini təsdiq edən sənəd deyil, həmin sənədlə cavabdeh yalnız öhdəçilik götürmüşdür. Müqavilədə göstərilən kredit vəsaitini Cavabdeh bankdan almadığı üçün iddiaçı bu barədə hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. Buna görə də belə bir sənəd sübut sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2010-cu il tarixli 2(006)- 2194/2010 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, 15 aprel 2008-ci il tarixdə Cavabdeh ərizə ilə “xxxx” ASC-nin “İnkişaf” filialına müraciət edərək mənzilin təmiri üçün ona 5000 manat məbləğində kredit verilməsini xahiş etmiş, 15 aprel 2008-ci il tarixli 195/a saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. 15 aprel 2008-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 5000 manat məbləğində kredit vəsaitini əldə etmişdir. İddiaçı bankın xəbərdarlığına baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi X2 vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində Cavabdeh keçmiş kürəkəni olduğunu, banka gedərkən kredit müqaviləsinə qol çəkəcəyini bilmədiyini, dostunun bankdan kredit götürməsi üçün zamin durmağa görə qaynanasını banka apardığını, pulun ödənilməsini öz üzərinə götürdüyünü bildirmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsində və müddətli öhdəçilik barədə qəbzdəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 4/826 saylı rəyinə əsasən, “xxxx” ASC-nin “İnkişaf” filialı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 195/a saylı kredit müqaviləsinin kserosurətinin hər vərəqinin aşağı sağ küncündə və sonuncu vərəqində “borc alan” qrafasında əks olunmuş imzalar və 21-ci vərəqdə olan 15 aprel 2008-ci il tarixli 403398 nömrəli müddətli öhdəçiliyin kserosurətində “müştərinin imzası” qrafasında əks olunmuş imza Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 fevral 2021-ci il tarixli 9/552 saylı rəyinə əsasən, Cavabdeh iddiaçı “xxxx” ASC-yə iddia tələbinin tarixinə, yəni 15.04.2010-cu il tarixə olan borcu əsas borc üzrə 4382,72 manat, faiz borcu üzrə 1177,56 manat olmaqla cəmi 5560,28 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlərlə cavabdehin iddiaçı bankdan müvafiq qəbzə imza etməklə kredit məbləğini əldə etməsi sübuta yetirilir. Cavabdeh apellyasiya şikayətində də etiraf edir ki, o, “xxxx” ASC-yə gedərək hansısa sənədlərə qol çəkmişdir. İşdə olan məhkəmə xətşünaslıq ekspertzasının rəyindən görünür ki, tərəflər arasında bağlanmış 15 aprel 2008-ci il tarixli kredit müqaviləsinə və pulun alınması barədə həmin tarixli müddətli öhdəçilik qəbzinə Cavabdeh imza etmişdir. Cavabdeh keçmiş kürəkəni X4 ifadəsində keçmiş qaynanası Cavabdeh banka aparıb dostunun bankdan götürdüyü kreditə götürdüyü kreditə görə zamin durması barədə müqaviləyə imza etdirdiyini bildirsə də, həmin dostunun kim olmasını, hansı müqavilə üzrə zamin olmasını açıqlamamışdır. Buna görə də məhkəmə kollegiyası onun ifadəsinə tənqidi yanaşaraq sübut əhəmiyyəti olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı kredit müqaviləsi üzrə banka ödənişlər edilmiş və borc məbləği azalmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən maliyyə arayışından isə görünür ki, Cavabdeh iddiaçı banka 15 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə 16 fevral 2021-ci il tarixə yaranmış əsas borc məbləği 3675,18 manat təşkil edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 3675,18 manat məbləğində pul tutulmalıdır. İddia tələbinin iddiaçıya göstərilmiş yardıma görə 533 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçı bank tərəfindən hüquqi yardıma görə pul vəsaiti ödənilməsi barədə hər hansı sübut olmadığına görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiya həmçinin hesab edir ki, tələbin Cavabdeh mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə hissəsi də əsassızdır və təmin edilməməlidir. Belə ki, tələbin borclunun mülkiyyətində olan əmlaklara yönəldilməsi qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına bildirişlər göndərilsə də, (iş v. səh. 28, 33) həmin bildirişlərin çatması və cavabdehə rəsmi qaydada verilməsinə dair hər hansı bir sənəd, yəni reyestr, yaxud da qəbz iş materiallarına əlavə olunmamışdır. Nəticədə, cavabdeh məhkəmə prosesindən məlumatlı olmamış və məhkəmə iclasında iştirak edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 387, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2010-cu il tarixli 2(006)-2194/2010 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 15 aprel 2008-ci il tarixli 195/a saylı təminatsız kredit müqaviləsi üzrə 3675,18 manat məbləğində pul tutulsun. İddia verilərkən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh alınıb “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 126 manat və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat, cəmi 226 manat pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-291/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-291/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver