Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-291/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Eyvazov (sədrlik edən və məruzəçi), X3 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(010)-2085/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16672,53 ABŞ dolları, 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 558,16 ABŞ dolları və 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1708,27 manat məbləğində əldən çıxmış fayda borcunun və 183 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 22 faizlə 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit götürmüş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 116095 ABŞ dolları borcun tutulması qət edilmişdir. Hal-hazırda 24 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 18 yanvar 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 16672,53 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 16672,53 ABŞ dolları borcu vardır. Eyni zamanda tərəflər arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə 122000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, 30 aprel 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya 1 ay müddətinə, illik 22 faizlə ödəmək şərtilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4635,25 ABŞ dolları borcun tutulması qət edilmişdir. Hal-hazırda həmin kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 18 yanvar 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 558,16 ABŞ dolları borcu vardır. Həmçinin, cavabdeh 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faizlə 36 ay müddətinə 34000 manat məbləğində kredit götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-41/2020 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 44725,67 manat borcun tutulması qət edilmişdir. Hal-hazırda həmin kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 18 yanvar 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1708,27 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclarını ödəməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(010)- 2085/2022 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia rədd edilmiş, iş üzrə ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması, iddia tələbinin təmin olunmalı olması, hazırki iddia tələbində cavabdehdən əsas və faiz borcunu deyil, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyin icra edilmədiyi, pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün qanunvericiliyə uyğun olaraq, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış vəsaitinin tutulmasının tələb olunması, məhkəmənin isə işin bu hallarını hərtərəfli araşdırmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh hər üç kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmiş, müvafiq qətnamələr qəbul edilmişdir. qətnamələrin qəbulundan və qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də, cavabdeh yenə də öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. İcra zamanı iddiaçı ipoteka qoyulmuş əmlakları əldə etmiş, lakin kredit borcları tam bağlanmamışdır. Cavabdeh hər vasitə ilə öhdəliyinin icrasından yayınır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, maddi imkanının olmaması və s. səbəblərdən kredit müqavilələri üzrə öhdəliyini vaxtında yerinə yetirə bilməməsini, ipoteka qoyulmuş əmlakının hərracdan satılmasını, lakin hazırki vəziyyətdə qətnamələr üzrə yenə də kredit borcunun qalmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ediməli, iddia qismən təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan hallarına və qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən – tərəflər arasında bağlanmış üç kredit müqaviləsindən (19 sentyabr 2014-cü il tarixli, 26 dekabr 2014-cü il və 30 aprel 2015-ci il) irəli gələn münasibətlər yaranmış, cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, kredit borclarını ödəməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 95467 ABŞ dolları əsas borc, 18628 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 116095 ABŞ dolları pulun (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) tutulması, tutmanın öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1537/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarı). 30 aprel 2015-ci il tarixli kredit razılaşması üzrə - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4500 ABŞ dolları məbləğində əsas borc, 85.25 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4635,25 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) pulun tutularaq "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və s. qət olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3572/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarı). 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-41/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh 28460,60 manat məbləğində əsas borc, 15605,07 manat məbləğində faiz borcu, 600 manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, olmaqla, cəmi 44725,67 manat pul vəsaitinin iddiaçı Yelo Bank” ASC-nin xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi və s. qət olunmuşdur. İddiaçı hazırki tələbində göstərmişdir ki, qeyd edilən məhkəmə aktları 2016-2020-ci illərdə qəbul edilmiş, cavabdeh kredit müqavilələrinin bitdiyi tarixdən hazırkı vaxta kimi götürülmüş kreditlərə görə öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən də, cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesablanmaqla müvafiq pul vəsaitlərini ödəməlidir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, KBD-1324 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25 faizlə 36 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 1708.27 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli, KBD-1325 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 22 faizlə 48 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 16672.53 ABŞ dolları borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli, KBD-1323 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 22 faizlə 1 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 558.16 ABŞ dolları borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən məhkəmə qərarlarının icrası ilə bağlı müvafiq icra sənədləri üzrə ipoteka qoyulmuş əmlaklar açıq hərraca çıxarılmış, son nəticədə tələbkar tərəfindən əldə olunmuşdur. Birinci instansiya məhkəmə iddianın rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbində hər üç kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış pul vəsaitlərini tələb etmiş, lakin tələb olunan məbləğlərin məhkəmə qətnamələrinin qüvvəyə mindiyi tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu dövrə kimi cavabdeh tərəfindən qəsdən ona ödənilmədiyini təsdiq edəcək sübutları təqdim etməmişdir. Cavabdehin iddiaçıya məhkəmə aktları qəbul edildikdən sonra ümumiyyətlə pul ödəyib-ödəmədiyini, ödəyibsə hansı miqdarda icra edilməli borcun qalması hallarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdehlə əvvəllər bağlanmış hər üç kredit müqaviləsi ipoteka ilə təmin olunmuş öhdəliklər olmuş və məhkəmə aktları ilə borcların tutulması ipoteka predmetinə yönəldilmişdir. İddiaçı tərəf bu hallarla bağlı da hər hansı sübut təqdim etməmiş, öhdəliklər üzrə tutmanın ipotekaya yönəldilməsinin baş tutmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, iddiaçı tərəf tələb etdiyi məbləğlərin cavabdehin qərəzli hərəkətlərinə görə ona qaytarılmadığını və bu məbləğlərin əldən çıxmış fayda olduğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi” barədə 29 mart 2023-cü il tarixli Qərarında da göstərmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Göründüyü kimi, tələbin ipoteka predmetinə yönəldilməsi halında da kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Beləliklə, işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, cavabdeh tərəifndən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədiyindən iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müvafiq vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bunun üçün isə (yəni, illik 5 faizin tələb olunması) iddiaçının əlavə sübutlar təqdim etməsinə zərurət yoxdur. Yuxarıda da qeyd edildiyi kimi, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və bu hal öhdəliyin borclu tərəfindən pozulması nəticəsində kreditorun əldə edə biləcəyi minimal məbləğdir. Birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (MM-nin 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslandırılmamaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli, 9/4973 saylı rəyi) görünür ki, xx.xx.2014-cü il tarixl kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərinlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix/) banka olan əldən çıxmış fayda borcu (illik 5 faiz) 13710,0 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əldən çıxmış fayda borcu (illik 5 faiz) 541,88 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan əldən çıxmış fayda borcu (illik 5 faiz) 2759,10 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, ekspertiza rəyinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış müvafiq məbləğ 2759,10 manat təşkil etmişdir ki, bu da iddia tələbindən (1708,27 manat) çoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisəyə həmin hissədə tələb həddində baxmağa məqsədə müvafiq hesab edir. Digər müqavilələr üzrə ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğlər isə tələbdən az müəyyən olunmuş, iddiaçı tərəf isə bunun əksini təsdiq edə və əsaslandıra bilməmişdir. İddiaçının nümayəndəsi ekspertiza rəyinə yazılı etiraz təqdim etsə də, ekspertiza rəyinin əsassızlığının nədən ibarət olmasını kifayət qədər əsaslandıra bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını məqsədəmüvafiq hesab etmir (əlavə və ya ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, ekspertiza rəyinin düzgün olmaması əsaslandırılmadır və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Ekpertiza rəyinə etirazda, həmçinin ekspert tərəfindən kredit müqavilələrinin tarixinin düzgün göstərilməməsi qeyd olunsa da, həmin hal ekspertiza rəyinin ümumi anlamda əsassız olması ilə nəticələnməməklə, yalnız texniki yanlışlıq kimi qiymətləndirilə bilər (qeyd edilməlidir ki, iddiaçının özü də həmin kredit müqaviləsinin tarixini iddia ərizəsində yanlış göstərmişdir). Məhkəmə kollegiyası işin hallarını, tədqiq olunmuş sübutları, habelə ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən qətnamələr qanuni qüvvəsini aldığı tarixdən 18 yanvar 2022-ci tarixə kimi - cavabdehdən iddiaçının xeyrinə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13710 ABŞ dolları, 30 aprel 2015-ci il tarixli kredit razılaşması üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 541,88 ABŞ dolları və 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1708,27 manat pul vəsaitləri tutulmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, işin həqiqi hallarına uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bu səbəbdən də, qətnamə MPM-nin 3851.1-ci maddəsinə əsasən qanuni və əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 200 (iki yüz) manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Bununla yanaşı, iddiaçı hazırki iddianın qaldırılması üçün 183 (bir yüz səksən üç) manat dövlət rüsumu ödəmişdir ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməli, sonuncudan tutularaq iddiaçının xeyrinə verilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2085/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2085/2022 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı ASC xeyrinə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 13710 (on üç min yeddi yüz on) ABŞ dolları, 30 aprel 2015-ci il tarixli kredit razılaşması üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 541,88 (beş yüz qırx bir ABŞ dolları 88 sent) ABŞ dolları (qətnamə icra olunan vaxtı ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla, manatla) və 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1708,27 (bir min yeddi yüz səkkiz manat, 27 qəpik) manat pul vəsaitləri, habelə iddianın qaldırılması üçün ödənilmiş 183 (bir yüz səksən üç) manat dövlət rüsumu vəsaiti tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən 200 (iki yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-291/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-291/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver