Məhkəmə qərarları › İş №2(103)-2910/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2910/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2910/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 05 mart 2025-ci il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 07 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 12500 manat və 30 manat dövlət rüsumuna görə xərc alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizəsini bununla əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu ünvan ünvan 1ə hər hansı xəbərdarlığı və məhkəmə tərəfindən məhkəmə bildirişi və yaxud məhkəmə qətnaməsini rəsmi qaydada almamışdır. Nərimanov rayon İcra şöbəsinə çağrılan zaman qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 05 mart 2025-ci il tarixli qərardadı ilə (hakim Ramin Quliyev) cavabdehin ərizəsi təmin edilməyib və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)- 1352/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, Cavabdeh xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərdə məhkəmə bildirişlərinin və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-1352/2014 saylı qətnaməsinin surətinin göndərilməsinə dair qəbzləri imzalayaraq, onları qəbul etmişdir. Həmçinin Cavabdeh məhkəməyə ünvanladığı ərizədə öz ünvanı kimi ünvan 2, hansı ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsində qeyd edilmiş ünvanla eynilik təşkil edir. Buna müvafiq olaraq da, məhkəmə bildirişləri və məhkəmə qətnaməsi həmin ünvana göndərilmişdir. Hazırda isə cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin müvafiq qətnamədən məlumatı olmuş və onun qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər zaman olmuşdur. Cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayəti verməsi üçün prosessual müddəti ötürməsi səbəbi onun məhkəməyə təqdim etdiyi ərizədə öz əksini tapmamışdır. Cavabdehin ərizədə qeyd etdikləri müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res yudikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Hüseynovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qərardaddan Cavabdeh (vəkili Nümayəndə) şikayət verərək qərardadın ləğv, cavabdehin ərizəsinin isə təmin edilməsini xahiş etmiş və şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 03 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Əvvəla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 07 aprel 2014-cü il tarixli qətnaməsini cavabdeh 12 aprel 2014-cü ildə qəbzə imza etməklə qəbul etdiyi iş materialları ilə təsdiq olunur(i.v.33). Bundan sonra, qətnamənin icrası ilə əlaqədar borclunun avtomobilinin üzərinə həbs qoyulması və tutmanın ona yönəldilməsi barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən 05 noyabr 2014-cü il tarixli, həmçinin eyni məhkəmənin borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə 26 noyabr 2014cü il tarixli qərardadlar qəbul edilmişdir. Yəni, iş materialları ilə açıq-aşkar təsdiq olunur ki, cavabdehin nəinki qətnamədən məlumatı olub. Demək ki, qətnamədən rəsmi qaydada məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. Başqa sözlə, cavabdeh qətnamədən narazı idisə, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməkdə maraqlı olmalı və fəaliyyətini də buna uyğun tənzimləməli idi. Lakin cavabdehin qətnamənin qəbul edilməsindən və bundan məlumatlı olmasından 11 ilə yaxın müddət keçməsinə, eləcə də qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməməsinə baxmayaraq, bu hüququndan yalnız 08 yanvar 2025-ci ildə qətnaməni yenidən əldə edib 2025-ci ilin yanvar ayında müddətin bərpası barədə ərizə vermək istəməsi isə başadüşülən olmamışdır. Çünki cavabdeh 11 ilə yaxın müddətdə qətnamədən narazı olduğunu düşünürdüsə bu müddətdə apellyasiya şikayəti vermək hüququndan da istifadə edə bilərdi, ancaq etməyib. Göründüyü kimi, 07 aprel 2014-cü ildə qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamənin 11 il müddət keçdikdən sonra mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, dövlətin adından çıxarılmış, qanuni qüvvədə olan məhkəmə aktlarının sabitliyinə, dayanıqlığına və qətiliyinə də xələl gətirər və nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna zərər dəyə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 05 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1352/2014 saylı, 05 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar