Məhkəmə qərarları › İş №2(103)-2913/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2913/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2913/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2913/2024 (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan dövlət nişanı ** PB ***, “Volkswagen Passat” markalı avtomobilinə dəymiş ziyanın 2220 manatın və 43 manat məhkəmə dövlət rüsumu, cəmi 2263 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən xx.xx.2022-ci il tarixində saat 16:54 radələrində Qala qəsəbəsində cavabdehin qızı, X17 ilə onların aralarında qeyri-ailə yaşayışı olmuşdur. Nur Lalayeva müstəqil həddi-bulağa çatmış ailə başçısı kimi öz hüquqlarından istifadə edərək, yaşadığı mənzili X11 25.000 manata satmış, həmin aldığı pulları banklarda lombardlarda əl borclarını ödəyərək bir hissəsini təxminən 7.000 manata qədər pulu biznes fəaliyyətinə istifadə etmişdir. Təxminən 1 aya yaxın üstündən keçmiş, Nur Lalayevanın anası arasında, yəni cavabdeh ilə mübahisəsi yaranmış, mübahisə vaxtı o da həmin şəraitdə orada olmuş və evi alan Vüqar adlı şəxslə həmin ərəfədə biryerdə həyatyanı sahədə olmuşlar. Cavabdeh onun üzərinə hücum edərək avtomobilinə daşla maddi ziyan vuraraq, ona xəsarət yetirərək, evin satılmasına niyə icazə verdiyini demişdir. O da bildirmişdir ki, onun bu işdə günahı yoxdur. Rəsmi qeydiyyat vəsiqələri yoxdur və Nur Lalayeva öz evinin satışına qərar vermək hüququ vardır. Buna baxmayaraq cavabdeh ona xəsarət və avtomobilinə maddi ziyan törətmişdir. O, dərhal 102 xidmətindən istifadə edərək 1-ci Polis bölməsinin tətqiqatçı Natiq müəllimin dəvəti ilə Polisə çağırılmışdır. 1-ci araşdırma zamanı təhqiqat qərarı ilə iş materialı istintaq şöbəsinə göndərilmişdir. Lakin araşdırılma düzgün olmadan iş materialları yenidən baxılması üçün tətqiqata qaytarılmışdır. Səbəb o idi ki, guya hadisə vaxtı şahidlərin izahatları toplanılmadığından qərar çıxmışdır. Təəssüflər olsun ki, hadisə vaxtı iştirak edən insanların hamısının izahatları yazılmış və dindirilmişdir. xx.xx.2022-ci ildə yenidən təhqiqat qərarı cinayət işinin başlanılmasını rədd edərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin icra olunması sahə rəisi tərəfindən 300 manat cərimə etməklə iş yekunlaşmışdır. Əlavə onu bildirmək istəyir ki, dəymiş ziyan "xxxx" MMC tərəfindən arayış əsasında 2.220 manat qiymətləndirilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia qismən təmin olunmuş, Cavabdeh avtomobilə dəymiş zərərə görə 640 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 13 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq, əlavə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 260 manatın 130 manat hissəsi İddiaçı, 130 manat hissəsinin isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, iddiaçının maşınına daş atmamış, heç bir ziyan vurmamışdır. Onun tikdirdiyi evi qızını aldadaraq satdırmışdır. Hadisə zamanı onun əlinə xəsarət yetirilmiş və əli sınmışdır. O, sınıq əli ilə qızının üstünə getmişdir ki, onun icazəsi olmadan nəyə görə onun evini satmışlar. Əlini evi alan Vüqar kəsmişdir. Maşına onun tərəfindən daş atılması, ziyan vurulması şər və böhtandır. Məhkəmədə verilən şahid ifadələri də bunu təsdiqləyir. Xəzər Rayon Polis İdarəsində də bu işlə bağlı cinayət işinin başlanması rədd edilsə də, sonradan onun şikayəti ilə qərar ləğv edilmiş və üzrə cinayət işi başlanmışdır. Həmin araşdırmanın gedişatında ekspertiza təyin edilmiş, lakin zərəri müəyyən etmək mümkün olmamışdır.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri 7.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

15. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd olunması tələb edildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

26. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomobil xx.xx.2023-cü il tarixdə servisdə texniki baxışdan keçirilmiş və avtomobilə dəymiş ziyan dəyəri 2220 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışdan görünür ki, armatur işi 460 manat, dəmirçi işi 150 manat, rəngsaz işi 1070 manat, arxa sol qapının nikel kantı 170 manat, salon güzgüsü bərpası isə 370 manat təşkil edir.

27. AD 587946 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobilin sahibi "xxxx" MMC-dir.

28. 01/217/19 saylı 27 sentyabr 2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin icra olunması haqqında xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, lizinq verən "xxxx" MMC, daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənişlər lizinq alan İddiaçı tərəfindən tam ödənildiyinə görə ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobili lizinq alanın mülkiyyətinə vermişdir.

29. BB364074 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SS *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

30. X4, X1 və X12 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar həmin ərizədə Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi, ev 5 və 6-da Cavabdeh Məhəmmədəli qızı və X18 2009-cu ildən yaşadıqlarını, X13 heç vaxt adı çəkilən ünvanda yaşamadığını, xx.xx.2022-ci il tarixində həmin ünvanda olan mübahisədə Cavabdeh heç kimi döymədiyini, maşın sındırmadığını, əksinə Səidənin üstünə Salmanov Vüqar və ailəsi hücüm edərək əlini dəmir soba ilə kəsərək zədə vurduğunu, sonradan gələn İddiaçı da Səidənin üstünə cumaraq hədələdiyini və evdən çıxarmaq istədiyini bildirmişlər.

31. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən alınmış 2877/22 nömrəli rədd materialdan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞnin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X3 barəsində Azərbaycan respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın açılması üçün ərazi aidiyyatı üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır.

32. Həmin rədd materialında olan X14 Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə anası Cavabdeh, evini satdığı X13 yaşadığı ünvana hücum çəkərək Vüqarı və onun ailə üzvlərini öldürməklə evi yandırmaqla hədələmiş, bundan sonra ona və həyat yoldaşı İddiaçı hücum edərək onu yerdən götürdüyü daş parçaları ilə üzərinə ataraq ona xəsarət yetirmiş, eyni zamanda qardaşı X15 ilə birlikdə onlara hücum çəkərək İlkinin maşınını daşla vuraraq xəsarət yetirmişdir.

33. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı, Nur Lalayevin və hal şahidin iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin çıxışında İddiaçı məxsus “Volkswagen Passat” minik markalı avtomobiləə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, maşının sol qabaq qapısı təxminən 5 sm cızılmış, sağ “krelonun” üstü cızılmış, salonda olan ön güzgü sınaraq sağ qabaq oturacağa düşmüş vəziyyətdədir.

34. X8 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, hadisədən xəbər tutan evi aldığı X18 hadisə yerinə gələrək onlara xəsarət yetirən X2, yəni anasını sakitləşdirməyə çalışmışdır. Lakin anası X3 buna məhəl qoymayaraq Lalayeva Nuru təhqir etmiş, yumruq-təpiklə ona zərbələr endirmişdir. Nurgilin maşınının şüşələrini də daşla sındırmışdır.

35. X14 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, anası Cavabdeh ilə aralarında olan əvvəllər yaranmış münaqişəyə görə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən onun və övladının təhlükəsizliyinin təmin edilməsi üçün xx.xx.2022-ci il tarixli mühafizə orderi ilə təmin olunmuşlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:20 radələrində evini satdığı şəxs Salmanov Vüqar ona zəng edərək bildirmişdir ki, anası Cavabdeh onun yaşadığı ünvana hücum edərək onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmişdir. Ona görə də o bu barədə 102 mərkəzinə müraciət etmişdir. Sonra İddiaçılə birlikdə idarə etdiyi “Passat” markalı, ** PB *** nömrəli maşınla həmin ünvana gəlmişlər. Onlar evin qarşısında maşından düşmək istəyərkən anası S.Abasəliyevə və qardaşı E.Lalayev ona və İlkin hücum çəkərək yerdən götürdüyü daş parçaları ilə onu vurmuş, eyni zamanda yumruq ilə bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Həmçinin daş parçalarını maşına çırparaq xəsarət yetirmişdir.

36. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 07 nömrəli qısamüddətli mühafizə orderinin surətindən görünür ki, X18 anası Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığına görə həmin mühafizə orderi verilmişdir.

37. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qonşusudur. Hadisə zamanı evdə olmuş və səs-küy olduğuna görə həyətə çıxmışdır. Bu zaman qonşu Səidənin əlindən qan axdığını və yerdə oturduğunu görmüşdür. Daha sonra İlkin, Səidənin qızı Nurla birlikdə avtomobildə gəlmişlər. Həmçinin bildirmişdir ki, o, təxminən hadisədən 5-10 dəqiqə sonra həyətə çıxmış və həmin vaxta qədər nə baş verdiyini görməmiş, həyətdə olanda artıq polislər orda olmuşlar. İlkinin Səidənin üstünə hücum etdiyini görməmiş, Səidənin əlinə xəsarət yetirəndə görmüşdür. Səidənin oğlu İlkinə çıxıb getməsini dedikdə, İlkin maşınına əyləşib getmişdir. Hadisə yerində qara maşın olmuş, həmin maşının zədələnməsini görməmişdir, hadisənin nəyin üstündə baş verməsini bilmir. Polis idarəsində ərizə yazmış, lakin qoca adam olduğundan nə yazdığı yadında deyil. Səidənin maşına daş atdığını görməmişdir.

38. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qızıdır. 2021-ci ildə İddiaçı ilə tanış olmuş, onun valideynləri ona elçi gələrək ailə qurmuşlar. Sonra bilmişdir ki, o, evlidir, uşağı da vardır. İlkin onun maşınını satdırmış, ona ev tikdirmiş, sonra həmin evi də satdırmışdır. O, evsiz qalmışdır. Onlar hadisə yerinə getmişlər ki, anası evi boşaltsın ki, evi alan adamlar evə köçə bilsinlər. Anası maşına daş atmamış, maşının üstündə cızıqlar olmuş, qonşuluqda yaşayan uşaqlar maşını cızmışlar. Maşının güzgüsü də əvvəllərdə tez-tez düşmüşdür. Həmçinin bildirmişdir ki, polisdə olarkən İlkin ona təzyiq və təsir etdiyi üçün izahat vermişdir. Lakin hazırda bildirir ki, anası İlkinin avtomobilinə heç bir ziyan vurmamışdır. İlkin onun uşağı ilə hədələdiyindən dediklərinə əməl etmişdir. Hadisə ilə bağlı 102 xidməti özü zəng vurmuş, anasından şikayət etmişdir ki, evi onu alan şəxslərə vermir. Evdə olan zaman zəng vurmuş, hadisə yerində olan zaman isə artıq polislər orada olmuşlar. O gələndə anası evi alan adamla dalaşdığından əli qanamışdır.

39. Mülki iş üzrə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, ** PB *** (hazırda ** SS ***) dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1590 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

40. İş üzrə əlavə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Volkswagen Passat” minik markalı, ** PB *** (hazırda ** SS ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qapıda, qabaq sağ qapıda, qabağ sağ qanadda, kapotda, arxa sağ qapıda) olan səthi sürtünmə izləri öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və nisbətən bərk predmetlə kontakda olması nəticəsində yarana bilər. Lakin izlərin kənarında xüsusi əlamətlər aşkar olunmadığından həmin izlərin hansı xassəli bərk predmetin, o cümlədən konkret olaraq kiçik ölçülü daşların (şebelin) təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Avtomobilə dəymiş zərərin təmirbərpa xərci hal-hazırki tarixə təxminən 640 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 210 manat təşkil edir.

41. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iş materialları, istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsində, o cümlədən istintaqda verilən ifadələrdə göstərilmişdir ki, Cavabdeh iddiaçı ilə şəxsi zəmində olan mübahisəsi zamanı onun avtomobilinə daş ataraq əmlaka zərər vurmuşdur. Hazırda isə cavabdeh iddiaçının avtomobilə xəsarət yetirməməsini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən onun bir əlinə xəsarət yetirilmişdir və bu halda onun daşla maşının şüşəsini sındırması mümkün deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi bir əlindən xəsarət almasının tam olaraq nə zaman baş verməsi, avtomobilə zərər yetirilməmişdən öncə cavabdehin əlində həmin xəsarətin olubolmaması ilə bağlı heç bir mötəbər dəlil olmamaqla bərabər qeyd edilən mülahizə cavabdehin digər əli ilə sözügedən hadisəni törətməsini istisna etmir və üstəlik xəsarət yetirildiyi iddia edilən əli ilə hərəkət imkanlarının nə dərəcədə məhdud olması ilə bağlı da işin gedişatı və araşdırılması zamanı hər hansı hal müəyyən edilməmişdir.

42. Həmçinin iş üzrə şahid, cavabdehin qızı olan X18 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində anası tərəfindən iddiaçının avtomobilinə zərər yetirilmədiyini qeyd etsə də, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin icraatında olmuş 2877/22 nömrəli rədd materialından görünür ki, X18 polis şöbəsinə ərizə ilə müraciət edərək həmçinin anası Cavabdeh tərəfindən İlkinin (iş üzrə iddiaçının) maşınını daşla vuraraq zədə yetirdiyini bildirmiş, həmçinin polis şöbəsində vermiş olduğu izahatında da ərizəsində qeyd etdiyi halı təsdiqləmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilərkən N.Lalayeva bildirmişdir ki, polisdə olarkən İlkin ona təzyiq və təsir etdiyi üçün anasının iddiaçıya məxsus avtomobilin şüşəsini sındırması ilə bağlı izahat vermişdir. Lakin kollegiya qeyd edilənlərə münasibətdə bildirir ki, iş materiallarından da göründüyü kimi hələ heç bir izahatların alınmasına başlanmazdan öncə Nur Lalayevanın özü xx.xx.2022-ci il tarixdə 102 xidmətinə müraciət edərək anası tərəfindən şərlənməsi və döyülməsini bildirmişdir.

43. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iş üzrə şahid, cavabdehin qızı olan X18 istinaq orqanında verdiyi ifadənin təzyiq altında verdiyini bildirsə də, hazırki işin hallarına məcmu şəkildə qiymət verdikdə həmin ifadənin deyil, əksinə, məhkəmədə şahid qismində dindirilərkən verdiyi izahatın təzyiq və təsir altında verilməsi daha aydın görünür və bu halda həmin ifadə öz mötəbərliyini itirmiş olur.

44. Bundan əlavə cavabdeh öz apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi yuxarıda göstərilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar onun şikayəti ilə ləğv edilmiş və cinayət işinin başlanması qərara alınmışdır, ona görə də məhkəmə həmin qərara istinad etməkdə haqsız olmuşdur. Qeyd edilənə münasibətdə kollegiya bildirir ki, həmin ləğv barədə qərara da nəzər yetirdikdə görünür ki, qərar yalnızca cavabdehin özünə dəymiş xəsarətlə bağlı hissədə və ona münasibətdə olan hadisə ilə bağlı olaraq ləğv edilmişdir və həmin qərarın ləğvi əsaslarında cavabdehin iddiaçının avtomobilinə zərər vurulmasını istisna edən hər hansı hal mövcud olmamış, həmin ləğv qərarı göstərilən halın təkzib edilməsi səbəbində qəbul edilməmiş, ümumiyyətlə, bu nəticə ilə işin hazırda mübahisə edilən halının arasında hər hansı bağlılıq olmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara və həmin qərarla müəyyən edilmiş xüsusatlara istinad edilməsi ilə bağlı hər hansı pozuntu mövcud deyildir.

45. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

46. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmlakına, yəni şəxsi avtomobilinə ziyan vurulması halı iş materialları ilə məcmu halında təsdiq olunduğundan və bunu təkzib edən hər hansı mötəbər dəlil olmadığından, apellyasiya şikayəti həmin hissədə əsassızdır.

48. Kollegiya iddianın qismən təmin edilən avtomobilə dəymiş zərərin məbləği ilə bağlı isə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına əsasən avtomobilə dəymiş zərərin təmir-bərpa xərci təxminən 640 manat müəyyən edilir. Bu halın əksinə dair də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əlavə kompleks məhkəmə-trasoloji və məhkəməəmtəəşünaslıq təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardadı əsasında verilmiş ekspert rəyini əsas götürməklə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının avtomobilə vurulmuş ziyana görə təmir-bərpa xərci 640 manat məbləğində müəyyən edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə zərər vurulmasının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün əməl olunmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar