Məhkəmə qərarları › İş №2(103)-2916/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2916/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2916/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit və faiz borcunun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3042/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan kredit müqaviləsinin surətindən görünür ki, «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə **********0060 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kredit verən kredit alana 24 ay müddətinə illik 27,00% olmaqla 8000 manat məbləğində kredit verməyi öz öhdəsinə götürmüşdür.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə **********0060- ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 borcalan Cavabdeh2 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı «Finca Azerbaijan» MMQBKT-na 7743,00 manat əsas borcu, 2294,00 manat faiz borcu, 474,82 manat cərimə borcu olmaqla, cəmi 10511,82 manat təşkil edir.

4. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən kredit alan kreditin ödənilməsi üçün öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə hər gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7743,00 manat əsas borcun, 2294,00 manat faiz borcunun, 474,82 manat cərimə borcu olmaqla, cəmi 10511,82 manat məbləğində borcun və 121,54 manat dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırımışdır ki, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0060 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27,00% olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 437 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0060 -1266447 nömrəli Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 7743,00 manat əsas borcu, 2294,00 manat faiz borcu, 474,82 manat cərimə borcu olmaqla, cəmi 10511,82 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3042/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2022-ci il tarixli **********0060 nömrəli kredit müqaviləsi üzrə 7743,00 manat əsas borc, 2294,00 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 10137 (on min yüz otuz yeddi) manat və ödənilmiş 121,54 (bir yüz iyirmi bir manat, əlli dörd qəpik) manat dövlət rüsumunun tutularaq «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 467, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara yanlış hüquqi qiymət vermişdir, yəni mən etibarnamə üzrə təmsil olunduğum və alqı-satqı ilə əldə etdiyim pulu təmsil etdiyim şəxsə qaytardığım halda məhkəmə nəticədə məni borclu kimi göstərmiş, qətnamədə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin məzmunundan da göründüyü kimi «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 03.11,2022-ci il tarixli **********0060 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27,00% olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 'Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 437 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0060 -1266447 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin, əsas cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh27743,00 manat əsas borcu, 2294,00 manat faiz borcu, 474,82 manat cərimə borcu olmaqla, cəmi 10511,82 manat məbləğində borcu yaranmışdır Bildirirəm ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əvvəlcə borc vaxtında ödənilmiş , sonradan əsas cavabdehin ailə və maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar bir müddət kreditin ödənişində müəyyən ləngimələr olmuş, fasilələr yaranmışdır. Bütün bunlar barədə mənim xəbərim olmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Cavabdeh2 tərəfindən kredit ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi məqsədiilə götürülmüşdü. Kredit götürüldükdən dərhal sonra götürülmüş məbləğ ( 8 min manat) Tərlan adlı şəxs tərəfindən mənimsənilərək qaytarılmamışdır. Tərlan onların etibarından sui-istifadə edərək həmin məbləği mənimsəyərək qaçıb gizlənmişdir. «Finca Azerbaijan» MMQBKT-nin iddia etdiyi tələbdə faiz borcunun məbləği çox şişirdilmişdir və yüksəkdir, reallığı əks etdirmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

18. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 462.1 dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

21. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Maddə 472.1 borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 472.2 əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 739.1. borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda Cavabdeh1 tərəfindən qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən, habelə iddianın təmin edildiyi hissədə digər Cavabdeh2 tərəfindən mübahisələndirilmədiyindən yalnız apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3042/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsinin, iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisələndirilməyən halıdır.

34. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı «Finca Azerbaijan» MMQBKT-na 7743,00 manat əsas borcu, 2294,00 manat faiz borcu, 474,82 manat cərimə borcu olmaqla, cəmi 10511,82 manat təşkil edir.

35. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən kredit alan kreditin ödənilməsi üçün öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə hər gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir.

36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, Cavabdeh2 tərəfindən kredit ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi məqsədilə götürülmüş, daha sonra götürülmüş məbləğ Tərlan adlı şəxs tərəfindən mənimsənilərək qaytarılmamışdır. Həmin şəxs cavabdehlərin etibarından sui-istifadə etmişdir. Kollegiya qeyd edir ki, şikayətdə əksini tapan hallar heç bir sübutla öz təsdiqini tapmamış, bu halları təsdiq edəcək heç bir dəlil iş materiallarına əlavə olunması və hüquqi qiymət verilməsi üçün həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı təqdim olunmamışdır.

37. Kollegiya apellyasiya şikayətinin dəlili olan ekspertizanın keçirilməməsi ilə bağlı bildirir ki, kollegiya ekspertizanın keçirilməsi üçün heç bir zərurət görmür, qeyd olunan hesablamaların aparılması xüsusi-sahəvi biliklərin tətbiqini tələb etmir. İddiaçının tələbinə əsasən ödənilməli olan borcun faizə aid hissəsi riyazi hesablama ilə bağlı səhv tətbiq edilməmişdir. Odur ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar məhkəmə kollegiyası tərəfindən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin işin hallarından görünür ki, ekspertizanın təyin olunması üçün əsas olan xüsusi bilik tələb edən araşdırmaların, hesablamaların aparılmasına hazırkı mülki işdə ehtiyac olmamışdır.

38. Kollegiya apellyasiya şikayətinin dəlili olan Mülki Məcəllənin 741-ci maddəsinə istinadla bağlı qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə istinad olunan normanın məzmunu dəyişdirilmiş, yəni artıq hüquqi qüvvəsi yoxdur. Qanunun geriyə qüvvəsi isə hazırkı mülki iş üzrə olan münasibətlərə şamil oluna bilməz, bu halda normanın geriyə qüvvəsi borcalanın hüquqi vəziyyətini yaxşılaşdırırsa belə, borcverənin hüquqlarının pozulmasını səbəb olur, belə ki, tərəflər arasında yaranmış kredit münasibətləri onların qarşılıqlı razılığının ifadə olunduğu kredit müqaviləsinə əsaslanır.

39. Kollegiya bildirir ki, kredit müqaviləsində faizin tutulması ilə bağlı şərtin nəzərdə tutulması qanunvericiliyin pozulması deyil, belə ki, tərəf kredit müqaviləsini imzalayarkən müqavilədə nəzərdə tutulmuş şərtlərə razılığını ifadə edir.

40. Kollegiya apellyasiya şikayətinin “cavabdehin etibarnamə üzrə təmsil olunduğu və alğı-satqı ilə əldə etdiyi pulu təmsil etdiyi şəxsə qaytardığı halda nəticədə borclu kimi göstərilməsi” ilə bağlı dəlilinə dair qeyd edir ki, iş materiallarında qeyd olunan hallar aşkarlanmır. İşin hallarına əsasən, iddiaçı ilə cavabdehlər əsasında kredit və zaminlik müqaviləsindən irəli gələn borc münasibətləri yaranmış, müqavilə üzrə öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilməmişdir.

41. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3042/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 aid yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar