Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2917/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğıunun katibliyi, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızı, İddiaçı Yusufzadə Nadejda Aleksandrovna, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vurduğu zərərin məbləğini təşkil edən 29.454,1 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir, belə ki,məhkəmə öz qərarını əsaslandırmamış və prosessual hüquq normalarını da pozmuşdur. 2015-ci ildə onun evinin arxa hissəsində çoxmərtəbəli binanın tikintisinə başlanılmış və bu vaxtdan etibarən də tikintidə texnikalardan etinazsız istifadə və işçilərin onun müllkiyyətinə etinasız yanaşması həm onun evdə dinc yaşamasına mane olmuş, həm də evin müxtəlif hissələrinə ziyan vurulmasına səbəb olmuşdur. İşə baxan məhkəmə tərəflərin qanun qarşısında bərabərliyi və ədalətlilik prinsipini pozaraq, iddiaçıya dəymiş maddi zərərin ödənilməsi tələbini əsassız olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda vəsatət verərək rayon məhkəməsində keçirilmiş tikintitexniki ekspertiza ilə bağlı verilmiş rəylə razı olmadığını bildirdi, bu səbəbdən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, hazırkı məsələ ilə bağlı rayon məhkəməsində müvafiq araşdırma aparılmış, ekspert rəyi də var, hazırkı vəsatət isə işin uzadılması üçün verilmişdir və əsasızdır, bu səbəbdən də vəsatətin təmin edilməməsini, eyni zamanda apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14.01.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, M.Hüseyn küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Nadejda Yusifzadəyə ünvanlanmış 02.06.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, qaldırdığı məsələnin araşdırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin Y-1 saylı, 17.05.2017-ci il tarixli arayışı əsasında bildirirlər ki, sözügedən ünvana baxış keçirilmiş və aşkar olunan nöqsanların aradan qaldırılması üçün "xxxx" MMC-nin rəhbərliyinə rəsmi müraciət edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən 11.07.2017-ci il tarixli Nadejda Yusifzadəyə ünvanlanmış məktubun kserosurətindən görünür ki, yaşayış binasına baxış keçirilərkən onun yaxınlığında tikinti işləri aparan "xxxx" MMC tərəfindən arxa fasad hissəsinin təmir edilərək rəngləndiyi, dam örtüyündə metal vərəqlər quraşdırıldığı aşkar edilmişdir. Binanın uzun müddət təmirsiz istismar edildiyi üçün fiziki köhnəlməyə məruz qaldığı yükdaşıyan divarlarında çatların əmələ gəldiyi müşahidə olundu və bu səbəblərdən də binanın qəzalı vəziyətə düşə biləcəyi müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, orada yaşayan və yaxınlıqdan keçən insanların təhlükəsizliyini, yaşayış binasının təhlükəsiz istismarını təmin etmək barədə təcili tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Bakı şəhər və Səbail rayon İcra Hakimiyyətlərinə müraciət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nadejda Yusifzadəyə ünvanlanmış 31.05.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, hündürmərtəbəli binanın tikintisi və N.Yusifzadənin yaşadığı binanın dam örtüyünün təmiri "xxxx" MMC tərəfindən yerinə yetirildiyindən onlara müraciət etməsi məqsədəuyğundur. X2 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12.04.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X3 məxsus ünvan 2 ünvanına dəymiş zərərin həcmi və dəyərini (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 29.454,1 manat təşkil etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10.11.2021-ci il tarixli 10/3426 №-li rəyinə əsasən: - 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilinin divarlarında və tavanlarında çatların olduğu, 2 və 3 saylı tikilinin divarlarında və tavanlarında su sızma izlərinin olması, boya qatının şişməsi, hamam-ayaqyolunun bəzi yerlərdə kafellərin tökülməsi, metlağın üzərində uzununa istiqamətdə çatların olduğu müəyyən edilmişdir. Lakin mənzildə yaranan çatların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin dəyəri təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Bu səbəbdən də qərardadın iki sualı üzrə tədqiqat aparılmadı. - 3-cü və 4-cü suallar üzrə: 11.10.2013-cü il tarixdə 79 saylı binaya dair verilmiş binaların ümumi texniki vəziyyətinin qiymətləndirilməsi haqqında texniki rəyinə əsasən, həmin binada və mənzillərdə əvvəllər qüsurların mövcud olduğunu, yaşayış binalarının XX əsrin əvvəllərində inşa olunduğunu 63 saylı mənzildə mövcud olan qüsurların xüsusiyyətlərini, uzun müddət təmirsiz istismar edildiyini, mənzilin ağac materialından olan tavan və döşəmələrin uzun illər istismarını nəticəsində fiziki köhnəlməsini nəzərə alaraq, X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən 79 saylı evin 63 saylı mənzilində mövcud zədələrin əmələ gəlməsinin binanın yaxınlığında "xxxx" MMC tərəfindən tikilmiş binanın inşa edilməsi nəticəsində deyil, həmin mənzilin yerləşdiyi binanın fiziki aşınmaşı nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdeh tərəfidən aparılmış tikintinin nəticəsində onun mənzilində çatlar və zədələr əmələ gəldiyini, cavabdehin apardığı tikinti nəticəsində mənzilin qəzalı vəziyyətə düşməsini, bununla da onun və ailəsinin həyatına təhlükə yarandığını bildirir, bu səbəbdən iddiaçı vurulmuş ziyana görə cavabdehdən 29454,1 manat məbləğində pulun tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Rayon məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə aparılmış tədqiqat zamanı iddiaçının mülkiyyətindəki mənzildə qüsurların olması müəyyən olunsa da, həmin qüsurların məhz "xxxx" MMC tərəfindən tikilmiş binanın inşa edilməsi nəticəsində əmələ gəlməsi halı öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya instaniyasında iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etsə də, həmin ekspert rəyini təkzib edən hər hansı əsaslı və şübhədənkənar sübut məhkəməyə tədim etməmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı mənzilində yaranmış qüsurların cavabdehin apardığı tikinti nəticəsində baş verməsini iddia etsə də, həmin qüsurların məhz tikinti başlayan və aparılan vaxt yaranması, aparılan tikinti ilə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olması müəyyən olunmadığından və bu hal iş üzrə olan ekspert rəyi ilə öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçı tərəfindən ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışinki Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2917/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2917/2022
19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver