Məhkəmə qərarları › İş №2(103)-2917/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2917/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2917/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilk iddiası və LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: borc məbləğinin restrukturizasiya olunması, kredit borcunun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, nümayəndə (vəkil) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/23 saylı iş üzrə 09 fevral 2023cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank İddiaçı 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit vermiş, İddiaçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın bank qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Sonradan bank ilə İddiaçı arasında “xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Saziş imzalanmış və Sazişə görə, İddiaçı bank qarşısındakı kredit öhdəliyinin qalığı olan 9356.08 manat restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Bank ilə zamin Cavabdeh2 arasında bağlanmış “xx.xx.2014-cü il tarixli 330004574/ZM nömrəli zaminlik müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişə əsasən, zamin xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 11000 manat məbləğində puldan ödənilməmiş qalmış 5933.05 manat kredit borcunun ödənilməsindən ötrü Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun adına yeni restrukturizasiya tətbiq olunmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 2 ilə yaxın bir müddətdə hər ay cədvələ uyğun olaraq 335 manat pul ödəmişdir. Sonradan isə ailədə maddi vəziyyəti pisləşdiyinə görə kredit üzrə ödənişi ödəyə bilməmiş və təxminən 2018-ci ilin sonundan etibarən bank onu narahat etməmiş və ödənişi tələb etməmişdir. 2022-ci ilin may-iyun aylarında isə "xxxx" ASC-dən ona zəng edib kredit borcunun ödənilməsini tələb etdiklərinə görə sonuncu həmin borcdan – 7183.05 manatdan 1250 manat pulu Əmanətlərin Sığortalanması Fonduna ödəmişdir. Çünki sözügedən bank ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna getmiş və orada ləğvetmə prosesində olan "xxxx" ASC-nin nümayəndəsi ona “Problemli Kreditlərin Kompensasiyası” adlı sənədi təqdim edərək bildirmişdir ki, “həmin sənəd əsasında məhkəmədən müvafiq qərar gətirməlisən ki, sənin qalan borcuna restrukturizasiya tətbiq edək və yeni ödəniş cədvəli tərtib etməklə sənə borcunun qalığını ödəməyə şərait yaradaq”. Odur ki, iddiaçı bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur.

4. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14766.70 manat – bundan 5933.05 manat əsas, 4923.44 manat faiz, 3802.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 107.42 manat faiz borcu və iş üzrə ödənilmiş 134.30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9356.08 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuşdur. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilməli idi. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, nəticədə Banka tələb olunan həcmdə borcu yaranmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-282/23 saylı iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova ) ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh2 müştərək qaydada 5933.05 manat əsas, 4407.67 manat faiz, 300 manat cərimə borcu, 107.42 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 10.748,14 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.30 manat dövlət rüsumunun 98 manat hissəsinin İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, qalan 36.30 manat hissəsinin isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manat pulun 110 manat hissəsinin müştərək qaydada İddiaçı və Cavabdeh2, qalan 40 manat hissəsinin isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 3 il keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, ekspert rəyinə uyğun əsas, faiz borcunun və illik beş faizlə hesablanmış borcun və azaldılmış cərimə borcunun tutulması barədə nəticəyə gəlmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 467, 560.1, 560.2, 560.3, 560.3.2, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ödənilməmiş qalmış 5933,05 AZN kredit borcunun ödənilməsindən ötrü LPO "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun adına yeni restrukturizasiya tətbiq olunmasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ona sözügedən Bank və ya ləğvedicisi tərəfindən ötən 3-4 il ərzində kredit ilə əlaqədar nə şifahi, telefonla, nə də ki, yazılı qaydada müraciət etmədiklərinə, vicdanlı surətdə borcunu ödəmək istədiyinə cəhd etdiyinə əhəmiyyət verməmişdir. Krediti ödəməkdən imtina etmir. Kredit məbləğinin iddia ərizəsində qeyd etdiyi həcmdə, ödənişləri insafla nəzərə alınaraq qalan 5933,05 AZN məbləğinin yeni cədvəl-qrafik əsasında ödəməyindən ötrü özü könüllü olaraq kreditora müraciət edib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

14. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

15. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadənin xüsusi növüdür.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə İddiaçı tərəfindən mübahisələndirildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı və digər cavabdeh isə şikayət vermədiklərindən qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir.

24. MPM-ə əsasən İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (maddə 47.1).

25. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

26. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

27. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

28. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

29. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.

30. Baxılan iş üzrə apellyator kredit borcunun ödənilməsi ilə bağlı ötən 3-4 il ərzində Bank tərəfindən ona xəbərdarlıq edilmədiyini, əsas borcu ödəməkdən yayınmadığını, əsas borcun aylıq qrafik əsasında ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

31. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı hüquqlarını həyat keçirərkən vicdanlılığa əməl etməmiş, 2019-cu ildə banka və ya Fonda rəsmi müraciət etməsinə dair sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı 2016-cı ildə kredit müqaviləsinin müddəti bitsə də, maddi imkanı olmadığından ödənişləri dayandırmış, yalnız 2022-ci ildən ödənişləri davam etdirmişdir. Cavabdeh İddiaçı Bank qarşısında tam icra edilməmiş öhdəliyinin olduğu barədə məlumatlı olduğu, Bank tərəfindən ona xəbərdarlıq göndərilməməsini öz xeyrinə istifadə etməklə başqasına (bank) ziyan vurmuşdur. Kollegiya cavabdehin bu hərəkətini ona verilmiş hüquqlardan sui-istifadə kimi qiymətləndirir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyini, tərəflərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar