Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2918/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2019-cu il tarixli qətnamədən cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MTK-nın nümayəndəsi X3, MTKnın vəkili X2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi (əri) Seyidova Hicran Kamil oğlunun iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən inşa edilmiş və ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 100 kv.m olan, 3 otaqdan ibarət 6 nömrəli mənzilə onun sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.10.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını qət etmişdir. Cavabdeh MTK-nın həmin qətnamədən verdiyi apelyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.02.2020-ci il tarixli qətnamə (İş № 2(103)-1487/2020) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. MTK-nın verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 19.10.2020-ci il tarixli qərar (İş № 2(102)-5000/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Bu səbəbdən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh MTK-ya qarşı irəli sürülmüş iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MTK arasında 14.04.2008-ci il tarixdə bağlanmış 55 nömrəli “Yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqaviləyə” əsasən iddiaçı iddia ərizəsində qeyd edilən mənzilin dəyəri olan 98.350 manat məbləğində pulu MTK-ya ödəmək, MTK isə inşa etdiyi binada həmin mənzili tikib iddiaçıya təhvil vermək barədə üzərilərinə öhdəliklər götürmüşlər. İddiaçı qeyd edilən məbləği MTK-ya ödəmiş və bu barədə MTK tərəfindən iddiaçıya 14.08.2008-ci il tarixli "xxxx" verilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən müqavilə üzrə MTK qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Buna baxmayaraq MTK iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və mənzili iddiaçıya təhvil vermir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın iddiaya qarşı etirazı və iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK ilə iddiaçı arasında müqavilə bağlanılsa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. MTK, iddiaçıya dəfələrlə müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Əslində isə mübahisəli mənzil MTK tərəfindən X1 və həmin mənzil sonuncu tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilə bilməz. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (əri) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, o və arvadı olan İ.Seyidova qeyd edilən mənzili 07.03.2016-cı il tarixdə MTK ilə müqavilə bağlamaqla MTK-dan almışlar. Onlar mənzilin dəyərini MTK-ya ödəmiş, mənzil MTK tərəfindən onlara təhvil verilmiş, onlar mənzili təmir edərək mənzilə köçmüş və hazırda mənzildə yaşayırlar. Onlar vicdanla hərəkət edərək mənzili əldə etmiş və MTK ilə iddiaçının arasındakı problemlərdən xəbərsiz olmuşlar. Odur ki, iddia rədd edilməlidir. Çünki MTK ilə iddiaçı arasında yaranmış mülki mübahisənin həlli onların maraqları hesabına həll edilməməlidir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 14.04.2008-ci il tarixli, 55 nömrəli müqavilədən görünür ki, icraçı olan MTK iddia ərizəsində qeyd edilə ünvanda inşa etdiyi binada yerləşən mübahisəli mənzili bina inşa edildikdən sonra payçı olan iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzili qəbul edərək mənzilin hər kv.metri üçün 985,30 manat olmaqla, cəmi 98.350 manat pulu MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. MTK tərəfindən verilmiş 14.08.2008-ci il tarixli "xxxx" görünür ki, həmin məbləğ iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. İş üzrə üçüncü şəxs olan İ.Seyidova ilə MTK arasında bağlanmış 07.03.2016-cı il tarixli, 509 nömrəli müqavilədən görünür ki, icraçı olan MTK iddia ərizəsində qeyd edilə ünvanda inşa etdiyi binada yerləşən və yuxarıda qeyd edilən mənzili bina inşa edildikdən sonra payçı olan İ.Seyidovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edərək mənzilin hər kv.metri üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. MTK tərəfindən verilmiş 07.03.2016-cı il tarixli "xxxx" görünür ki, İ.Seyidova həmin məbləği tam həcmdə MTK-ya ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə ilk növbədə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi qərarında bir sıra icrası məcburi olan göstərişlər nəzərdə tutmuşdur. Kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarda göstərmişdir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 14.04.2008-ci il tarixdə İddiaçı satılmış, o, müqavilə ilə üzrə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07.03.2016cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən İ.Seyidovaya satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə bildirir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İ.Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmin qərarda qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.09.2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə İ.Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iş üzrə üçüncü şəxs olan İ.Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğun hesab edilə bilməz. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakterli deyil, şikayətlərin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2918/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2918/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver