Məhkəmə qərarları › İş №2(103)-2918/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2918/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2918/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kompensasiya məbləğinin silinməsi və qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə onun problemli kreditinə hesablanmış 5.174 manat 39 qəpik kompensasiya məbləğinin 4.619 manat hissəsinin Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə ümumi borcundan cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məcburi qaydada silinməsi; Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcundan kompensasiya məbləği silindikdən sonra, eyni zamanda əmək haqqından tutulmalar da çıxıldıqdan sonra qalıq qalmış məbləğin restrukturizasiya edilməsinin LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcundan cərimə və faiz məbləğlərini silməklə yerdə qalan məbləğin restrukturizasiya edilməsinin LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

5. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

8. Mülki Prosessual Məcəllənin 363.1.1-ci madəsində qeyd edilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün işə apellyasiya qaydasında baxılması qeyrimümkündür.

10. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada onun vəkili Vəkil tərəfindən imzalanmışdır.

11. Lakin Vəkil olaraq iddiaçını təmsil etmək hüququnun olmasını təsdiq edən order əlavə edilsə, onun iddiaçının nümayəndəsi olmasına dair etibarnamə iş materiallarına əlavə edilməmişdir.

12. İş materiallarına əlavə edilmiş elektron imza ilə imzalanmamış apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığından nəzərə alına bilməz.

13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar