Məhkəmə qərarları › İş №2(103)-2919/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2919/2022

22.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2919/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2021 saylı, 02.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İB Cavabdeh və X1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4807,90 manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə etmək yolu ilə qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar aktlar tərtib olunaraq İddiaçı İB-yə 4807,90 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən dəymiş ziyanı könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 19.11.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı İBnin iddia tələbinin 4208,20 manatla bağlı hissədə artıq məhkəmə qətnaməsi olduğundan və həmin hissədə icra edildiyindən, 608,80 manatla bağlı hissədə isə iddia müddətinin keçməsinə görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2021 saylı, 02.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 775,30 manat (yeddi yüz yetmiş beş manat otuz qəpik) tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Günel Abbasova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddiaçıya ödənilməli olan borc məbləğinin 381.90 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdehin qaz sərfiyatından istifadəsi nəticəsində 2016-cı il tarixə qədər 608,80 manat, 2016-cı ildən sonra isə 4807,90 manat borcu yaranmışdır. Məhkəmə bu hissədə yanlışlığa yol vermişdir. Azəriqazın uydurduğu 4807,90 manat 2016-cı ilə qədər olan 608,80 manat borcla birlikdə olan məbləğdir. 2016-cı ildən sonrakı məbləğ 4208,20 manat təşkil edir. Belə ki, o evdə 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına kimi olan 4 illik müddətdə yaşamadığıma görə 2016-2018-ci illlər ərzində heç bir qaz sərfiyyatı olmamış və borcum yaranmamışdır. Lakin guya sayğacdan kənar qazdan istifadə etdiyim üçün 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına kimiaktlar üzrə mənə 4208.20 manat məbləğində dəymiş ziyan hesablanmış, həmin məbləğin 3863,70 manat hissəsi Bakı şəhər Xətai rayonməhkəməsinin qətnaməsi ilə silinmiş, 344,50 manat borcum qalmışdır. Bundan başqa mənim iddia müddətinin tətbiqi barədə ərizəmə əsasən Binəqədi rayon məhkəməsi MM-nin 551-ci maddənin tələblərini nəzərə almaqla məndən 2016-cı il tarixdən əvvəlki borcun, yəni 608,80 manatın iddiaçı tərəfindən tələb edilə bilməyəcəyi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış qətnaməmövcud olduğundan 2016-cı ildən sonrakı borcdan 3863,70 manat silinməklə, cavabdehin qaz sərfiyatından istifadəsi nəticəsində 2018-2020-ci ilin mart ayı ərzində 344,50 manat, 2020-2021-ci ilin mart ayı üzrə isə 430,80 manat, cəmi 775,30 manat yaranmış borc cavabdehdən tutularaq iddiaçiya ödənilməlidir. Məhkəmənin gəldiyi bu nəticədən məlum olur ki, məhkəmə iş materialları ilə, xüsusilə də iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 18.11.2021-ci il tarixli ərizəsi və ona əlavə edilmiş abonentin saldosu ilə tanış olmadan və ya düzgün hesablama aparmadan qərar vermişdir. Belə ki, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 18.11.2021-ci il tarixli ərizəsi və ona əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçı Azəriqaz İB məndən yekun olaraq 2016-cı il tarixə qədər olan 608.80 manat borc məbləğini, 2018-ci ilin yanvar ayından 2020ci ilin mart ayına kimi aktlar üzrə olan borcdan qalan 344,50 manat məbləği, 09.03.2020- 18.11.2021-ci tarixləriarasında yaranan borc 435.10 manat məbləği tələb edir və 393.40 mаnаt abonent tərəfindən ödəniş olduğunu qeyd edir. Bu tələblərdən 608.80 manatla bağlı yuxarıda da qeyd etdiyim kimi məhkəmə iddia müddətini tətbiq etmişdir, yəni iddiaçı bu məbləği məndən tələb edə bilməz. Yerdə qalan borc məbləği 344.50+430.80 (saldoya əsasən)=775.30 manat təşkil edir. Lakin burada tək əksik ondan ibarətdir ki, iddiaçı özü də qeyd etdiyi və borcdan çıxdığı halda məhkəmə 09.03.2020-18.11.2021-ci tarixləri arasında mənim tərəfimdən edilmiş ödənişləri bu məbləğdən çıxmağı unutmuşdur. Yəni hazırda mənim Azəriqaz İB-nə borcum 775.30 manat yox, 775.30-393.40=381.90 manat təşkiledir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 28.10.2015-ci il tarixli, 782 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2010, 2011, 2012, 2016, 2017, 2018, 2019, 2020-ci il üçün qalıq və aktlar üzrə 4807,90 manat təşkil edir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.01.2018-ci ildən 30.03.2020ci il tarixədək tərtib edilmiş aktlardan görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 19.03.2020-ci il tarixli 07/953 nömrəli aktdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən mənzildə sayğaca kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-3825/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən abonent kodu **********00000 olan 11 saylı yaşayış evi üzrə Cavabdeh qaz sərfinə görə hesbalanmış borcun 3863,70 manat hissəsi abonent hesabından silinməsi, iddia tələbinin qalan hissədə isə (344.50 manat) təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2962/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması bu hissəsinin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündənbaşlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 21.09.2020-ci il tarixdən beş il əvvələ olan (2016-ci ildən əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarında olan iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 18.11.2021ci il tarixli ərizəsi və ona əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçı Azəriqaz İB məndən yekun olaraq 2016-cı il tarixə qədər olan 608.80 manat borc məbləğini, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi aktlar üzrə olan borcdan qalan 344,50 manat məbləği, 09.03.2020-18.11.2021-ci tarixləri arasında yaranan borc 435.10 manat məbləği tələb edir və 393.40 mаnаt abonent tərəfindən ödəniş olduğunu qeyd edir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən 393.40 manat məbləğində abonent tərəfindən edilmiş ödəniş nəzərə alınmamışdır. İddia tələbinin 608.80 manatla bağlı hissəsində iddia müddətini tətbiq edilməli, yerdə qalan borc məbləği 344.50+430.80 (saldoya əsasən)=775.30 manat təşkil edir. Lakin, idda ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə də qeyd edildiyi 09.03.2020-18.11.2021-ci tarixləri arasında cavabdeh tərəfindən edilmiş ödənişlər 775.30 manat borcdan çıxılmalıdır. Belə olan halda cavabdehin Azəriqaz İB-nə borcu 775.30 manat deyil, 381.90 manat (775.30-393.40=381.90) təşkil edir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 381.90 manat tutularaq İddiaçı hesabına ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. ”Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. ”Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 393.40 manat tutularaq İddiaçı hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2021 saylı, 02.12.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 381.90 (üç yüz səksən bir manat doxsan qəpik) manat tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar