Məhkəmə qərarları › İş №2(103)-2921/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2921/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2921/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(005)-3540/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. Ləğv prosesində olan İddiaçı ASC borcun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu olan 44306,80 manat, bundan - 24904,04 manat əsas, 16842,36 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,24 manat faiz borcu və iş üzrə ödənilmiş 222,92 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km. inşa etdirdiyi 1 bina, 62 blok, 18 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e- 2(005)-3540/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 24904,04 manat əsas, 16842,36 manat faiz, 1370,16 manat cərimə,1190,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 44306,80 manat məbləğdə pul və ödənilmiş 222,92 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apelyasiya şikayət verərək ona aid hissədə qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(005)-3540/2022 nömrəli qətnaməsi 26 yanvar 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə cavabdeh "xxxx" ASC-yə çatdırılmış, sonuncunun hazırkı apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 28 fevral 2023-cü il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.

6. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

7. Birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini diqqətə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(005)- 3540/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar