Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2924/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: notariat qaydada təsdiq edilmiş xx.xx.2021-ci ildə bağlanan kredit müqaviləsinə görə, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 15000 manat məbləğində pul borc verib. Borc alan krediti xx.xx.2031-ci ilədək borc verənə qaytarmağı öhdəsinə götürüb.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 15000 manat borcun və ödənilmiş 135 manat dövlət rüsumuna görə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiada göstərilib ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X1 küçəsi ev 3 ünvanında yerləşən torpaq sahəsinin cavabdehin özünə məxsus olan hissəsindən 3 sot torpaq sahəsini ona 21000 manata satması və sənədləşmə işininin özü tərəfindən aparılması barədə aralarında razılaşma olmuşdur. Həmin razılaşma əsasında ona 15000 manat vermişdir. Torpaq sahəsi adına sənədləşdikdən sonra qalan 6000 manatı verəcəkdi. Sonradan isə cavabdeh sənədləşmə işinin onun(iddiaçının) aparmağını və qalan 6000 manatı bu işə sərf etməyini bildirmişdir. Torpaq sahəsi paylı mülkiyyətdədir. Payçılar arasında bölgü sxem tərtib edildikdən torpaq sahəsinin naturadan ayrılması və hər payçıya ayrıca çıxarış verilməsi mümkündür. İlkin olaraq digər payçılar razılaşmadığından bölgü aparılması mümkün olmamışdır. Daha sonra Cavabdeh torpaq sahəsinin naturada bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bir müddət sonra isə həmin iddiada imtina etmişdir. Səbəbini soruşduqda çıxarışda onun(iddiaçının) adının olmasını istəməməsi ilə əlaqələndirmişdir. Cavabında 15000 manat pul verdiyi və torpaq sahəsinin müəyyən hissəsinin adına sənədləşməli olduğunu bildirdi. Cavabdeh ona torpaq verməyəcəyini, torpaq sahəsi ondan sənəd tələb edilmədən satıldığı halda pulunu geri qaytaracağını dedi. Hazırda da torpaq sahəsini guya kiməsə satacağı barədə ona məlumat verir. Səsyazıları mövcuddur. 2015-ci ildən hazırki vaxtadək cavabdeh tərəfindən aldadılır. Nə torpaq sahəsi, nə də ki, pulu qaytarılır. Cavabdehlə arasında 2021-ci ildə borc müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci ildə Bakı şəhəri 4 saylı "ASAN Xidmət" Notariat ofisində kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 4 saylı "ASAN Xidmət"-in Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir. Cavabdeh ilə 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri 4 saylı "ASAN Xidmət"-in Notariat ofisində bağladığı kredit müqaviləsinin 1-ci bəndinə əsasən, Cavabdeh 15000 manat məbləğində pulu borc vermişdir. Pul vəsaiti nağd qaydada notariusun depozit hesabına həmin notariusda yerləşən bankda qoyub. Cavabdehdə həmin vaxtı pulu götürmüşdür. Dəfələrlə tələb etməyinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Cavabdeh qadın olduğu üçün etibarından sui-istifadə edərək pul vəsaitini ələ keçirtməsi ilə bağlı polisə müraciət etməmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, borcun qaytarılması müəyyən müddətlə şərtləndirilə bilər. Bu müddət başa çatmamış əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Hazırki işdən görünür ki, tərəflər Mülki Məcəllənin tələblərinə uyğun qaydada kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən, borc alan borcu xx.xx.2031-ci ilədək qaytarmağı öhdəsinə götürür. Müddət başa çatmadan borcun tələb edilməsi yalnız borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdiyi və bu, eyni zamanda, borcun qaytarılması tələbi üçün təhlükə yaratdığı halda mümkündür. Həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin İddiaçı göstərilən halları təsdiq edən sübutlar təqdim etməmiş, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, borcun qaytarılması üçün müddət başa çatmadığından və onun vaxtından əvvəl tələb edilməsi halları aşkar edilmədiyindən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
6. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərir ki, məhkəmə iclaslarında hakimə borcverənin xroniki “Hepatit C” xəstəliyindən əziyyət çəkdiyini, bunun isə borcalanın əmlak vəziyyətini ciddi dərəcədə pisləşdirildiyini bildirmiş, lakin məhkəmə bu xüsusatı nəzərə almamışdır. Cavabdehin ciddi xəstəlikdən əziyyət çəkməsi faktı ona 2022-ci ildə, yəni, müqavilə bağlandıqdan sonra məlum olmuşdur. Aydındır ki, həyat üçün ciddi təhlükə törədən bu xəstəlik iddiaçı tərəfə əvvəlcədən məlum olsa, o, cavabdehə 15.000 manat məbləğində borcu 10 il kimi uzun bir müddətə verməzdi. Hansı ki, burada məhkəmə tərəfindən həm cavabdehin əziyyət çəkdiyi xəstəliyin ağırlığı (xroniki Hepatit C-nin müalicəsi etibarilə ciddi xərc tələb edən və son dərəcə təhlükəli xəstəlik olması faktı), həm verilən borcun məbləği (15.000 manat vəsait kifayət qədər böyükdür), həm də borcun verildiyi müddət (10 il) nəzərə alınmalı və borcverənin hüquqlarının müdafiəsi məqsədilə iddia təmin edilməli idi. Lakin məhkəmə araşdırma zamanı bunları nəzərə almamış, o cümlədən, borcalanın xroniki Hepatit - C xəstəliyindən əziyyət çəkməsi faktının borcverənə müqavilə bağlandıqdan sonra məlum olması faktını müəyyənləşdirməmişdir. Yuxarıda qeyd edilən xüsusatlar mübahisəyə mahiyyəti üzrə qanunvericiliyin tələbləri nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv baxılması üçün son dərəcə zəruridir. Mübahisəsizdir ki, borcverənə borcalanın ciddi qaraciyər infeksiyası, mümkün qaraciyər serrozu, qaraciyər çatışmazlığı və ya xərçəngi fonunda həyat üçün son dərəcə təhlükəli olan Hepatit C xəstəliyindən əziyyət çəkməsi faktı əvvəlcədən məlum olsa, o, 15.000 manat məbləğində böyük vəsaiti həyatı üçün ciddi təhlükə yaradan xəstəlikdən əziyyət çəkən şəxsə 10 il müddətinə borc verməzdi. Bu xəstəlik borcalanın səhhətini təhlükəyə atmaqla onun həyat vəziyyətini çətinləşdirmiş, əmlak vəziyyətini kəskin pisləşdirmişdir. Məhz bu səbəblərdən hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəf verilən borcun vaxtından əvvəl qaytarılmasını tələb etməkdə haqlıdır. Hansı ki, borcun qaydasında və vaxtında qaytarılması üçün əhəmiyyətli olan xüsusat - borcalanın ciddi xəstəlikdən əziyyət çəkməsi faktı müqavilə bağlanarkən ona məlum olmamışdır. Əgər bu halı ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Hal-hazırda borcalanın xroniki hepatit C xəstəliyindən əziyyət çəkməsi faktı borcun qaytarılması tələbi üçün təhlükə yaradan hal olaraq nəzərə alınmalı və iddia təmin edilməli idi. Mülki Məcəllənin tələbinə əsasən, tərəflər öz hüquq və vəzifələrini vicdanlılığın tələb etdiyi şəkildə icra etməlidir. Burada vicdanlılığın tələb etdiyi şərt deyildikdə müqavilə bağlanarkən tərəflərə məlum olan hallar nəzərə alınmaqla razılaşdırılan şərtlər nəzərdə tutulur. Tərəflər borcun 2031-ci ildə qaytarılmasını razılaşdırmış olsalar da, aydındır ki, halhazırda həmin razılaşmanın borcalanın ciddi xəstəlikdən əziyyət çəkməsi və bunun borcverənə müqavilə bağlanarkən məlum olmaması səbəbindən hər hansı qüvvəsi yoxdur və belə razılaşma qanunvericiliyin vicdanlılıq tələbini qarşılamır. Borcalanın xroniki hepatit C xəstəliyindən əziyyət çəkməsi faktı borcun qaytarılması tələbi üçün təhlükə yaradan hal olaraq əvvəlcədən borcverənə məlum olsa idi, aydındır ki, tərəflər borcun qaytarılması öhdəliyinin hazırkı şərtlərlə icrasını razılaşdırmazdılar. Məhz bu səbəbdən hesab edir ki, hazırkı borc mübahisəsi üzrə borcun 2031-ci ildə qaytarılmasını nəzərdə tutan razılaşma şərti vicdanlılıq tələbinə zidd olması etibarilə keçərli deyildir. Yəni, borcun 2031-ci il tarixində qaytarılması tərəflərə müqavilə bağlanarkən məlum olan hallarla şərtlənmişdir, yalnız həmin şərtlər daxilində və əsasında qüvvədədir. Mülki qanunvericiliyin vicdanlılıq tələbinə riayət olunmayaraq razılaşdırıldığından hesab edir ki, xx.xx.2021-ci ildə bağlanmış "Kredit müqaviləsi"nin borcun 2031-ci il tarixində qaytarılması ilə bağlı müddəası hər hansı hüquqi nəticə doğura bilməz və müqavilə məhz həmin hissədə etibarsızdır. Beləliklə, aydın olur ki, qətnamə Mülki Məcəllənin müvafiq normalarının tələbləri pozularaq çıxarıldığından ləğv edilməlidir. Hazırki qətnamə ilə borcverənin hüquqları pozulmuş və ona çatmalı olan 15.000 manat məbləğində pul vəsaitindən məhrum edilmişdir. Nəticədə həmin vəsait hal-hazırda cavabdehdə qalmışdır. Bu isə Mülki Məcəllənin tələblərinə görə, əsassız varlanmaya səbəb olur. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Burada əsassız varlanma həm ödənişin borcalanın əmlak vəziyyətinin pisləşməsinin borcverənə məlum olması an etibarilə ödənilməməsinə, həm borcalanın xroniki hepatit C xəstəliyindən əziyyət çəkməsi faktının məhkəmə tərəfindən borcun qaytarılması tələbi üçün təhlükə yaradan hal kimi nəzərə alınmamasına də görə, (hüquqi əsas olmadan - MM 1091.1) görə baş tutur. Belə olduğu təqdirdə hesab edir ki, hazırkı iş üzrə mülki qanunvericiliyin vicdanlılıq tələbinin pozulması ilə bağlanmış müqavilə əsasında pul vəsaitinə yiyələnmə halı Mülki Məcəllənin 1091.1-ci maddəsinin hipotez hissəsinə - “hüquqi əsas olmadan” şərtinə uyğun düşür. Beləliklə, qətnamə Cavabdeh əsassız varlanması ilə nəticələnmişdir. Odur ki, sözügedən qətnamə ləğv edilməlidir. Aydındır ki, məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edir. Məhz Mülki Prosessual Məcəllənin tələbinə əsasən, məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul etməlidir. İddiaçı tərəf cavabdehin ağır xroniki hepatit c xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, lakin məhkəmə bu halı nəzərə almamış, beləliklə işin hallarını və iş üzrə sübutları tam, hərtərəfli və obyektiv təhlil etmədən ədalətsiz qətnamə qəbul etmişdir. Pul vəsaitini nağd qaydada notariusun depozit hesabına həmin notariusda yerləşən bankda qoymuş, cavabdeh də həmin vaxtı pulu götürmüşdür. Həmçinin yaranmış mübahisələr məhkəmə qaydasında həll olunduğunda görə dəfələrlə tələb etməsinə, xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh hazırki vaxtadək borc məbləğini ödəməmişdir. Cavabdehlə aralarında olan borc münasibəti ilə bağlı mübahisə yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh qadın olduğu üçün onun etibarından sui-istifadə edərək pul vəsaitini ələ keçirtməsi ilə bağlı polisə müraciət etməyib. Heç olmasa borc müqaviləsi ilə verdiyi pulunu geri qaytarsın.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borcu olduğuna etiraz etməsə də maddi imkanı olmadığından qaytara bilmədiyini göstərdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 743(xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı:
18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı:
Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həm də tətbiq edilməli olan digər normaları tətbiq etməmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
23. Məhkəmə tərkibi ilk növbədə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin tərəflər arasında mövcud olmuş hansı həqiqi münasibətlər əsasında bağlanması ilə bağlı ətraflı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iddiaçı tələb etdiyi məbləği cavabdehə hansı səbəbdən və nə məqsədlə verdiyini iddia ərizəsində və apellyasiya şikayətində, eləcə də apellyasiya baxışı zamanı izahatında göstərmişdir. Bu dəlillərin nə dərəcədə həqiqi olub-olmamasını müəyyən etmək üçün ilk növbədə qeyd olunan dövrdə cavabdehə kredit verməsi üçün hər hansı bir səbəbin olmasının da müəyyən edilməsi vacib hesab edilir. Çünki heç bir səbəb olmadan kifayət qədər böyük məbləği 10 il müddətinə, üstəlik faissiz iddiaçının cavabdehə verməsi üçün mütləq ki, ciddi səbəb və əsası olmalı idi. Əks halda tərəflər arasında həqiqi kredit münasibətlərindən söhbət gedə bilməz. Cavabdeh də iddiaçının sözügedən məbləği hansı səbəbdən, o cümlədən başqa hansı səbəbə görə 10 il müddətinə faissiz veməyinə dair məhkəməyə heç bir arqument təqdim etmir. Əksinə apellyasiya baxışı zamanı da iddiada və apellyasiya şikayətində göstərilənləri təsdiq etdi. Demək ki, tərəflər arasında kredit münasibətlərinin olmadığı əvvəlcədən işin mübahisəsiz halı olub. Buna baxmayaraq, cavabdeh iddiaçının tələb etdiyi məbləği dərhal deyil, müqavilə şərtinə əsasən xx.xx.2031-ci ildə qaytarmalı olduğunu düşünür. Lakin bu cür düşünmək hələ iddianın rədd edilməsi üçün kifayət etmir. Çünki tələb edilən məbləğ məhz əhəmiyyətsiz əqd olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında, yəni cavabdehin iddiaçıya satmalı olduğu yaxud satacağı ehtimal olunan torpaq sahəsinə görə dəyərinin bir hissəsinin əvəzi kimi ödənilmişdir. Yəni, iddiaçının cavabdehə həqiqətən faissiz kredit vermək niyyəti olmamışdır.
24. Bunlarla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçı tələb etdiyi məbləği xx.xx.2021-ci il tarixli əhəmiyyətsiz əqd əsasında cavabdehə verməsi məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduğu üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Çünki bu cür əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) qanunda birbaşa nəzərdə tutulur (MM.m. 340.1; 340.2.). Bu mənada mübahisələndirilən hissədə iddia əqdə əsaslanan mübahisə sayıldığından həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan məhkəmə müəyyən etməli idi. Məhkəmənin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə xx.xx.2021-ci il tarixli əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsi ilə bağlıdır. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Çünki etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Çünki əhəmiyyətsizlik hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında da xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Əhəmiyyətsiz əqdlərdə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Beləliklə, hazırkı mübahisə əqdə əsaslandığına, yəni xx.xx.2021-ci il tarixli müqavilə ilə bağlı olduğuna görə həmin əqdin əhəmiyyətsiz olması səbəbindən iddia tələb edilən məbləğin qaytarılmasına münasibətdə əsaslı hesab edilir. Çünki mübahisə predmeti olan 15000(on beş min)manat sırf əhəmiyyətsiz əqd əsasında formal, yəni yuxarıda qeyd olunan səbəblərə görə görünüş üçün cavabdehə verilmişdir. Ona görə də həmin əqdin əhəmiyyətsiz olması hazırkı iddia üzrə mübahisəli 15000(on beş min)manatın qaytarılmasının təmin olunmasını labüd edir.
25. Beləliklə, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilənin predmeti olan məbləğin həqiqətən faissiz olaraq 2031-ci ilə kimi cavabdehə verilməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqd Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə doğurmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən bu müqavilə görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilir. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd çox vaxt hüquqa uyğun xarakter daşımır. Müqavilənin əhəmiyyətsiz əqd olduğunu tərəflər inkar etmir. Əksinə hər ikisi tam və mübahisəsiz şəkildə qəbul edir ki, tələb edilən məbləğ gələcəkdə baş tuta biləcək torpaq sahəsinin alqı-satqısına görə bir növ “təminat” kimi ödənilmişdir. Ancaq iddiaçı apellyasiya baxışında da bəyan etdi ki, cavabdeh razılaşdırdıqları torpaq sahəsini ona deyil, başqa şəxsə daha baha qiymətə satmaq istədiyi üçün qəsdən zəruri hərəkətləri həyata keçirmək istəmədiyndən bu iddianı irəli sürüb. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsini başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirildikdə də heç nə dəyişmir. Çünki yalan əqd də əhəmiyyətsizdir. Düzdür, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırkı iş üzrə pərdələnən əqd kimi nəzərdə tutula bilən torpaq sahəsinin alqı-satqı müqaviləsinin şərtləri, o cümlədən torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi, tam ünvanı, təyinatı, kateqoriyası və.s şərtləri tam razılaşdırılmadığından həmin əqdə aid olan qaydalar da tətbiq edilə bilməz. Demək ki, xx.xx.2021-ci il tarixli əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Ona görə də bu cür vəziyyətdə cavabdeh həm də, iddiaçının hesabına əsassız varlanmış olur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər
26. Göstərilənlərlə yanaşı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olmasa belə, yenə də iddianın rədd edilməsi üçün əsas yox idi. Çünki Mülki Məcəllənin 743-cü maddəsində göstərilir ki, (xx.xx.2023-cü ilədək qüvvədə olan) əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, cavabdehin məruz qaldığı xəstəliyin xarakterini onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdirən hal kimi nəzərə alındıqda da iddia əsaslı hesab edilməli idi. Çünki bu vəziyyət də iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 2031ci ilədək gözləməyi açıq-aşkar istisna edir.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdin nəticələri, müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh 15.000 (on beş min) manat və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 203 manat dövlət rüsumuna görə xərcin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 203 manat dövlət rüsumuna görə xərcin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.