Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2925/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X5 Azərbaycan” QSC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması barədə’’ iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 45383.94 USD məbləğində əsas kredit borcu, 2400.34 USD məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 547.99 USD məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, 14.50 AZN müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin pretenziyanın göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 AZN (otuz manat) iddia ərizəsi üçün dövlət büdcəsinə köçörülmüş dövlət rüsumunun- cəmi 48332.27 USD (qırx səkkiz min üç yüz otuz iki ABŞ dolları 27 sent) 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borcun tutularaq «X5 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, habelə, Banka olan borcun cavabdehdən tutulması iiə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə X2 məxsus olan 2010-cu il buraxılış ili olan, şassi/ban nömrəsi 5YMGZ0C58ALK13734 olan, **-EL-*** dövlət: qeydiyyat nişanlı, qara metal rəngli BMW X6 minik markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən «X5 Azərbaycan» QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması (ödəniiməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ( hakim N.T.Tağıyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45383.94 USD əsas kredit borcu, 3833.98 USD əsas məbləğə hesablanmış faiz borcu, 1905.82 USD cərimə borcu, 14.50 AZN bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu - ümumilikdə 51.123.54 USD və 44.50 AZN məbləğində borc “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi və ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “BMW X6” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılsın, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına əldə edilən məbləğlərdən “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün cavabdehlərin elektron portalda qeydiyyatının təmin edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdehlərin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə edilən qətnamənin rəsmi qaydada təqdim olunmasına ümumiyyətlə münasibət bildirmədən və cavabdehlərin sadəcə icra mərhələsində məlumatlı olmasına əsaslanaraq ərizəni təmin etməmişdir. Mübahisə edilən qətnamə cavabdehlərə rəsmi qaydada təqdim olunmamışdır. Həmin qətnamə cavabdehlərin nümayəndəsinə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə öz mülahizəsinə uyğun qeyri-obyektiv qərardad qəbul etmişdir.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
12. İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi, həmçinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün elektron portala əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verilərək baxılmış və müvafiq qərardad qəbul edilmişdir.
13. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
14. İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən ümumiyyətlə hər hansı prosessual müddətin bərpasına dair ərizəyə baxıla bilməz.
15. Ərizədən görünür ki, cavabdeh tərəfin xahişi apellyasiya şikayətinin verilməsi üçün onun elektron məhkəmə informasiya sisteminə əlavə edilməsi ilə bağlıdır. Cavabdeh tərəf hesab edir ki, onun tərəfindən prosessual müddət buraxılmamışdır.
16. Kollegiya qeyd edir ki, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemə əlavə edildikdən sonra apellyasiya şikayəti ilə müraciət etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilibverilməməsi araşdırıla (iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən artıq bununla bağlı araşdırılma aparılmış və sənədlər toplanmışdır) və prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirilə bilər.
17. Belə ki, Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi halda birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadı ləğv edilsin və mülki iş, cavabdeh tərəfin ərizəsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: