Məhkəmə qərarları › İş №2(103)-2927/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2927/2024

24.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2927/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: sökülmüş darvazanın yerinə bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sökülmüş darvazanın yerinə bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-849/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 2341/2022 nömrəli qətnaməsi X9 ilə X8 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçı X2 himayəsində saxlanılmışdır.

2. Cavabdeh2 iddiaçının qayını, Cavabdeh1 isə qayınanasıdır.

3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 806/2023 nömrəli qətnaməsi ilə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddaçı, X8 ilə nikaha daxil olduqdan sonra həmin ünvanda cavabdehin anasına məxsus olmuş evdə, sonra isə həmin ünvanda birgə nikah dövründə inşa edilmiş evdə yaşamağa başlamışlar. İddiaçı X8 ilə həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçı həmin evi tərk etməli olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evində darvazanın cavabdehlər tərəfindən yerinə bərpa edilməsi, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 xx.xx.2014-cü il tarixdə evlənərək ailə qurmuşlar, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 adında övladları doğulmuşdur. Ailə qurduqdan sonra Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində ev atasının vəsaiti hesabına tikilmişdir. Evin təmiri isə iddiaçıya hədiyyə verilmiş qızılların lombarda qoyularaq götürülmüş pulun hesabına həyata keçirilmişdir. Üç otaqlı, sanuzel qovşağı (hamam və tualet), mətbəxdən və dəhlizdən ibarət olan ayrıca yaşayış sahəsidir. Kifayət qədər böyük tikilidir. Evin kommunal qaz sayğacı, bələdiyyəyə ödənilən torpaq və əmlak vergisi adınadır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2341/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X6 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment" barədə iddiası təmin edilmiş və nikahları pozulmuşdur. 12031xxxxxxx saylı kod üzrə Qala Bələdiyyəsinə ödənilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən adı çəkilən Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq və üzərində yerləşən əmlak (ev) vergisi onun tərəfindən ödənilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının cavabdeh X6 qarşı mənzilə köçürülmə və evdən istifadə qaydalarının tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra övladı ilə birlikdə sözü gedən evə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən köçürülmüşdür. Köçürüldükdən sonra cavabdehlər tərəfindən orada yaşamağına daim maneələr yaradılır. Belə ki, qoyulmuş darvaza onlar tərəfindən sökülərək kənara qoyulmuş, yaşadığı fərdi yaşayış evinin kənarı ilə isə yeni tikinti işləri aparılır, beləliklə onun evə sərbəst giriş-çıxış yollarına isə maneə yaradılır. Cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən məhkəmə tərəfindən tanınan qanuni istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində sahiblik, istifadə və hüquqlarını tam həyata keçirə bilmir. Bu səbəbdən də, qoyulmuş darvaza cavabdehlər tərəfindən yernə bərpa edilməli, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli, cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneə aradan qaldırılmalıdır. Cavabdehlərin hərəkətləri fərdi yaşayış evindən istifadə etməyinə maneə yaradır.

7. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən yaşayış evinə (Dürdanə X3 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-806/2023 nömrəli qətnaməsi ilə hazırki iddia ilə bağlı bir çox vacib faktiki hallara aydınlıq gətirilmişdir. Belə ki, sözügedən qətnamədə qeyd olunduğu kimi, bağlanmış darvazanın qarşısından yerdən yüksəklildə qaz borusu keçir və həmin hissədən həyətə ikinci giriş qapısının açılması nə mümkündür və nə də buna zərurət mövcud deyildir. Belə ki, həyətə ümumi giriş-çıxış qapısı mövcuddur və cavabdehlər tərəfindən iddiaçının həmin giriş-çıxış qapısından istifadəsinə əvvəllər və indi heç bir maneə yaradılmamışdır. Ümumilikdə isə hər üç iddia tələbi haqqında qeyd etmək vacibdir ki, cavabdehin ümumiyyətlə hazırki iddia tələblərini qaldırmağa subyketiv hüququ mövcud deyildir. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 806/2023 nömrəli qətnaməsi ilə İddiaçı yalnız sözügedən ünvanda yerləşən Səbuhi oğlu ilə birgə yaşadığı yeni tikiliyə köçürülməsi hüququ təmin edilmişdir və onun bu hüququn istifadə etməsi üçün heç bir maneə mövcud deyildir. Qeyd olunan yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 Kəlbəcər rayonundan məcburi köçkün düşdüyü vaxtdan təqribən 30 il müddətində sahibliyində və istifadəsindədir. Həmçinin iddiaçıran qaz sayğac, və bələdiyyə vergilərini ödəməsinə dair qəbzlən eyni məqsədlə iddia ərizəsinə əlavə etməsi onun sözügedən torpaq sahəsi üzərində heç bir mülkiyyət yaranmasına dəlalət edən sübut kimi qiymətləndirilə bilməz və qeyd olunan sənədlər hazırki iş üzrə heç bir sübut, əhəmiyyətə malik deyildir. Qaz sayğacının şəxsin adına quraşdırılması və bələdiyyə vergilərininin ödənilməsi birmənalı şəkildə Azərbaycan Respublikasının qanunvericiliyində daşınmaz əmlak uzərində mülkiyyət hüququnun yaranması üçün əsaslara aid edilməmişdir. Cavabdehlər tərəfindən iddiaçının köçürüldüyü yeni tikilidə yaşamaq hüququnu məhdudlaşdıran heç bir tikinti işi aparılmamışdır və iddiaçının sözügedən evə daxıl olmasına cavabdehlər tərəfindən yaradılmış heç bir maneə mövcud deyildir. İddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə iclasında iddiaçı evə köçürüldükdən sonra ona maneçilik törədilməmiş, lakin bəzi hallarda cavabdehlər evdə olmadığından iddiaçı evə daxil olmamışdır. Cavabdehlər tərəfindən iddiaçının maneəsiz evə daxil olmasına hal-hazırda hər hansı maneə mövcud deyil. Halhazırda darvazanın açarlarının yenisi ilə əvəz olunmuş, açarın bir nüsxəsinin iddiaçıya təqdim etməyə razıdırlar.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 849/2024 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia qismən təmin edilməmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışına yaradılan maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Ona görə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (Dürdanə X1 ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməsi qət edilmiş və iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. İddiaçıya cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst girişçıxışa maneələr yaradılması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan video diskə baxış zamanıda müəyyən edilmişdir ki, iddiaçı köçürüldüyü evə gələrkən qapı bağlı olmuş, o maneəsiz evinə daxil ola bilməmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsinin və vəkilinin iddiaçıya yaradılan maneənin artıq aradan qaldırıldığının, ona görə də iddia tələbinin həmin hissədə rədd olunması ilə bağlı etirazına tənqidi yanaşaraq qeyd edir ki, iddiaçının evinə girməsi zamanı əvvəl maneələrin olması işin araşdırılan hallarından müəyyən edilmiş və bu da cavabdeh tərəfindəndə təsdiq olunmuşdur. Yəni iddiaçının hüququları artıq pozulmuşdur. Hal-hazırda iddiaçıya qeyd olunan darvazanın yeni açarının təqdim olunması həmin maneələrin gələcəkdə də olmamasına əsas deyil.

10. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa maneələr yaradılması müəyyən edildiyindən, bununla da iddiaçının sərbəst şəkildə istifadə hüquqları pozulduğundan, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilərək, cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.

11. Məhkəmə həmçinin, iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evində darvazanın cavabdehlər tərəfindən yerinə bərpa edilməsi, qanunsuz tikililər cavabdehlərin hesabına sökülməsi” hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəsini etdiyi tikiliyə (darvazaya) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi bu hissədə təmin edilməməlidr. Belə ki, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsədə, həmin torpaq sahəsi uzun müddətdir Cavabdeh1 istifadəsində olmaqla İddiaçı həmin torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Göründüyü kimi məhkəmə qətnaməsi ilə Dürdanə Orucov mübahisəli torpaq sahəsində yerləşən ikinci evə gəlin köçürülməklə onun həmin evdə yaşamaq hüquq təmin edilmişdir. Qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

13. Məhkəmə qeyd etmişdir ki, iddia üzrə iddiaçı özünün irəli sürdüyü hazırki tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 152.7, 157.8, 178.2, 180.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gələrkən qeyd edilən normanın tələblərini və həmin normanın məhz mülkiyyətçi olmayan şəxslərin hüquqlarını hər cür qanunsuz müdaxilədən qoruduğunu nəzərə almamış, qətnamənin əsaslandırma hissəsində qeyd edilən normaya istinad etsə də, həmin normanın tələblərinə tamamilə zidd olan nəticəyə gəlmişdir. Sual yaranır ki, iddiaçının evə giriş-çıxışına maneələr yaradıldığı və bu halın öz təsdiqini tapdığı halda evin darvazasının cavabdehlər tərəfindən yerinə bərpa edilmədiyi, qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi təmin edilmədiyi vəziyyətdə iddiaçının evə giriş-çıxışına yaradılan süni maneələr necə aradan qaldırıla bilər, cavabdehlərə bu maneələrin yaradılması necə qadağan edilə bilər? Göründüyü kimi, iddia tələblərinin hamısı bir-biri ilə əlaqəlidir və tələblərin hər birinin təmin edilməsi digərinin təmin edilməsi ilə sıx bağlıdır. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamaqla, iddianı qismən təmin edərək, faktiki olaraq icrası qeyri-mümkün olan formal qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək şikayəti təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, əvvəl orada darvaza olub və qaz borsunun üzərindən keçərək gedib-gəlirdilər. Cavabdehlər oradan valdeyinləri ilə, övladları ilə keçməyinə maneə törədir. Onlar bildirir ki, oradan yalnız özü keçə bilər. Darvazanı iddiaçının atası qoymuşdur. Tərəflər ayrıldığından cavabdehlərlə qohumluq münasibətləri yoxdur. Bu səbəblə ayrıca qapı olmalıdır. O, övladları ilə orada yaşadığı halda qayınanası işığı, suyu kəsmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apelyasiya şikayətiə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddianın təmin olunan hissəsi ilə bağlı heç bir etirazları yoxdur. Belə ki, bunu birinci instansiya məhkəməsi icraatı zamanı da bildirmişlər. İddiaçının evə maneəsiz şəkildə gedib-gəlməsinə etiraz etmirlər. Hətta qapıdakı problemlə bağlı məhkəmənin davam etdiyi dövrdə darvazanı yenisi ilə əvəz etmişlər və məhkəmə iclasında iddiaçıya açar təqdim olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var və iddiaçı həmin evdən istifadə etmək hüququ var. Apellyasiya şikayətini və digər tələbləri əsassız və pərdələnmiş hesab edirlər. Ümumiyyətlə, iddia tələblərinin verilməsi üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Belə ki, o, yalnız həmin evə köçürülüb. 30 ildir ki, məcbur köçkün kimi yaşayan cavabdehlərin həyətyanı sahəni ayırmaq, ikinci bir darvaza qoymaq hüquqları yoxdur. Kim söz verə bilər ki, iddiaçı yeni darvaza qoyarsa və həyətyanı sahəni hasarla bölərsə gələcəkdə keçmiş həyat yoldaşını həmin evə buraxacaq? İddiaçının evə köçürülməsi ilə bağlı qətnamə onda yanlış olaraq evin onun xüsusi mülkiyyəti olması təəssüratını yaratmışdır. İddiaçının oradan darvaza qoyması da mümkün deyil, oradan böyük qaz borusu keçir. Evlərin sənədləri yoxdur.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddaçı X8 ilə nikaha daxil olduqdan sonra Cavabdeh1 məxsus evdə yaşamağa başlamış, sonra isə həmin ünvanda birgə nikah dövründə inşa edilmiş evə köçmüşlər. Qeyd olunan evlər özbaşına tikili olmaqla Dövlət Reyestrində qeydiyyatdan keçməmişlər. Evlər hasarlanmış bir həyətdə yerləşirlər və torpaq sahəsi Cavabdeh1 uzun müddət istifadəsindədir.

27. Məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerində müayinə zamanı müəyyən edilmişdir ki, evlərin yerləşdiyi həyətə giriş üçün ön hissədə darvaza, arxa hissədə isə qapı mövcuddur. Küçədə darvazanın yerləşdirilməsi üçün nəzərdə tutulmuş hasar boyunca yerdən yüksəklikdə qaz xətti yerləşir. Həmçinin, həyətdə tövlə tikilməsi məqsədi ilə düzülmüş hörgü daşları və natamam tikili mövcuddur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı ilə X4 birgə nikah dövründə inşa etdikləri ev özü də özbaşına tikilidir və cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçıya evindən istifadəyə hər hansı maneə yaratmır. Belə olan halda, qanunvericiliyin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

29. Bundan əlavə, qeyd edilən həyətə iki giriş mövcud olduğu, habelə darvazanın bərpa edilməsi tələb edilən hasar boyunca yerdən yüksəklikdən qaz xətti yerləşdiyi halda, müvafiq dövlət qurumlarının icazəsi alınmadan küçəyə əlavə girişin açılması, yəni darvazanın cavabdehlər tərəfindən yerinə bərpa edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz.

30. O da qeyd edilməlidir ki, iddiaçının cavabdehlər tərəfindən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və cavabdehlər qətnaməni həmin hissədə mübahisələndirməmişlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, iddianın təmin olunan hisssəsi ilə bağlı heç bir etirazları yoxdur. Cavabdehlər tərəfindən qətnamənin icra olunmaması isə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət yaradır.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-849/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar