Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2929/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3, onun vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-712/2019 saylı 30 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddiа ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 937 B saylı bağ evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv olunması və 19 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması barədə qətnаmə çıхаrılmаsını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsi 937 B saylı bağ evini almaq üçün evin mülkiyyətçisi Cavabdeh2 və onun oğlu Cavabdeh3 ilə danışıqlar aparmış və nəticədə onlar həmin bağ evinin alqı-satqısına dair razılığa gəlmişlər. Onlar bağ evinin 105000 ABŞ dollarına alqı-satqısına razılaşmışlar. Həmin puldan 5000 ABŞ dollarını nağd ödəmiş, qalan 100000 ABŞ dollarını isə Rusiya Federasiyasından Cavabdeh2 oğlu Cavabdeh3 bank vasitəsilə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 qeyri-qanuni olaraq həmin bağ evini Cavabdeh2 alqı-satqı müqaviləsi ilə öz adına almış və öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə etibarsızdır, çünki əsl alıcı o, idi və pulları bağ sahibinə o, ödəmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(003)-712/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19.10.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 937 B saylı bağ evinin alınması məqsədi ilə ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, eyni məzmunlu iddia ilə iddiaçı bundan əvvəl də məhkəməyə müraciət etmiş, iddia baxılmamış saxlanılmışdır. İddia baxılmamış saxlanıldıqdan sonra iddiaçı 22 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək bağ evinin onun razılığı ilə Cavabdeh3 tərəfindən Cavabdeh1 satıldığını, ona qarşı heç bir iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Bununla belə, 2019-cu ilin yanvar ayında İddiaçı yenidən ona qarşı iddia qaldırmış, 22 yanvar 2019-cu il tarixdə isə yazılı şəkildə ərizə verərək iddiadan imtina etdiyinə görə həmin tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Bunun əvəzində qarşılıqlı razılıq əsasında Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanında yerləşən əmlakı 14 fevral 2019-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçının oğlu Əhmədov Fərhad Ağabağır oğluna bağışlamışdır. Sonradan isə İddiaçı iddiadan imtina etməsi barədə ərizəsindən imtina etmiş, məhkəmə müəmmalı şəkildə öz qanuni qərardadını ləğv edərək iş üzrə icraatı təzələyib İddiaçı iddiasını təmin etmişdir. Halbuki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanuna uyğun şəkildə bağlandığına görə iddianın təmin olunması üçün heç bir əsas yox idi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)- 3238/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(003)-712/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5177/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)- 3238/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5177/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh2 19 oktyabr 2017-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 937 B saylı bağ evini Cavabdeh1 Ağabağır oğluna 50.000 manata satmışdır. Cavabdeh1 Ağabağır oğlu 29.11.2017-ci il tarixdən həmin bağ evinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. İş materiallarında olan pul köçürmə sənədlərindən görünür ki, “Zolotaya korona” pul köçürmə sistemi vasitəsilə Rusiyadan 25.08.2010-cu il tarixdən 30.03.2012-ci il tarixə kimi müxtəlif vaxtlarda İddiaçı, X1, X4, X6 və X3 adından Cavabdeh3 adına bir dəfə 4900 ABŞ dolları, 19 dəfə isə 5000 ABŞ dolları olmaqla cəmi 99.900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı 22.12.2018-ci il tarixli notarial qaydada ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 937B saylı bağ evinin onun razılığı ilə Cavabdeh3 tərəfindən Cavabdeh1 satıldığını, buna qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Hazırkı iş üzrə məhkəmə baxışının gedişində iddiaçı 22.01.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, həmin ərizə əsasında iş üzrə icraata xitam verilmiş, daha sonra həmin qərardad iddiaçının müraciəti əsasında ləğv edilmişdir. 14.02.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Əhmədov Fərhad Ağabağır oğluna bağışlanmışdır. Hazırkı mübahisə edilən alqı-satqı müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələbləri gözlənilmişdir. İddiaçının evin dəyəri kimi pulu ödəməsi əqdin etibarlılığını şübhə altına almır. Bundan başqa iddiaçı notarial qaydada ərizə verərək həmin evin onun razılığı ilə Cavabdeh1 satıldığını bildirmiş, hətta vurğulamışdır ki, bu barədə bir daha iddiası olmayacaqdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia əsassız olduğundan, rədd edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi evin dəyərinin məhz iddiaçı tərəfindən ödənilməsi nəticəsinə gəlsə də, heç bir hüquqi əsas olmadan qeyd etmişdir ki, bu əqdin etibarlılığını şübhə altına almır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi yalnız formal mülahizələrə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışının gedişində iddiaçı 22.01.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, bundan sonra 14.02.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında digər başqa bir ev, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Əhmədov Fərhad Ağabağır oğluna bağışlanmışdır Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin hüquqi əsaslarına qiymət verməyərək, iddiadan imtinanın yenidən əsaslarını araşdırmışdır ki, bu da qanuna ziddir. Belə ki, qətnamənin özündə qeyd olunduğu kimi iddiadan imtinanın qəbul edilməsi haqqında qərardad sonradan iddiaçının müraciəti əsasında ləğv edilərək öz hüquqi qüvvəsini itirmişdir. Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında sonradan razılıq əldə olunaraq mübahisələndirilən evlə başqa evin dəyişdirilməsinə dair razılıq əldə olunmuşdur. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin maddi hüquqi əsasını göstərməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəflər arasında evlərin dəyişdirilməsinə dair işin faktiki hallarını tam araşdırmadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, 2(003)-3348/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər X2 və Bakı şəhəri 07 saylı Notariat Kontoruna qarşı onunla X5 arasında 14 fevral 2019-cu il tarixdə ünvan 2-a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və həmin ünvanda yerləşən 0.05465 ha torpaq sahəsinə dair X5 ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə kassa mədaxil orderlərinə əsasən müəyyən edilmişdir ki, digər mübahisələndirilən evin alınması üçün İddiaçı tərəfindən 10.04.2007-ci il tarixdən 17.08.2007-ci il tarixədək bank vasitəsi ilə 88.600 ABŞ dolları Mübarizə və onun arvadı Vüsaləyə göndərilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh Əhmədov Fərhad Ağabağır oğlunun nümayəndəsi kimi İddiaçı və Vəkil1 iştirak etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir”. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbinə tam əməl etməmiş və nəticədə işin faktiki hallarını tam araşdırmadan yuxarıda qeyd olunan qətnamənin mövcudluğunu müəyyən etməmişdir. Bundan əlavə, Bakı şəhəri 07 saylı Xüsusi Notariat Kontoru tərəfindən təqdim olunmuş notariat işində Cavabdeh1 tərəfindən həmin Notariat Kontoru tərəfindən qeyd olunan bankın depozit hesabına bağ evinin dəyəri kimi mübahisəli müqavilədə göstərilən (38.000 və 12.000) pul vəsaitinin ödənilməsini rəsmi təsdiq edən kassa mədaxil və məxaric qəbzləri mövcud deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən bunun səbəbləri aydınlaşdırılmamış, bunun nəticəsi olaraq işə baxmış hakimlər tərəfindən təqdimat verilib-verilməməsi məsələsi müzakirə edilməmişdir. Belə ki, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 98-ci maddəsinə əsasən hakimlər qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək hüququna malikdirlər. Bununla əlaqədar həmçinin təqdim olunmuş notariat işində mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən alıcının fotoşəkili qeyd olunan müqavilədə öz əksini tapsa da, amma satıcının fotoşəkilinin olmamasının səbəbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli sorğusuna cavab olaraq Bakı şəhər 7 saylı Xüsusi Notariat ofisinin Xüsusi Notariusu Nadir Vədətov 07 aprel 2021-ci il tarixli arayışında qeyd etmişdir ki, 19.10.2017-ci il tarixdə Satıcı Cavabdeh2 ilə Alıcı Cavabdeh1 arasında Bakı şəhəri,Xəzər rayonnu,Mərdəkan qəsəbəsi,bağ evi 937B ünvanında yerləşən bağ evinə və mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə dair rəsmiləşdirilmiş alqı satqı müqaviləsində tərəflər şəxsən özləri iştirak etmişdirlər. Alqı Satqı müqaviləsində Satıcı Cavabdeh2 fotoşəkili texniki problemlərə əsasən əks olunmamışdır. Alqı-Satqı Müqaviləsinin 4-cü bəndində qeyd olunan əmlakın satış qiymətinin mədaxil və məxaric qəbzlərinin ksero sürətlərini və digər sənədləri sizə göndərilir. Məlumat üçün nəzərinizə çatdırırılır ki, 18.10.2017-ci il tarixdə Alıcı Cavabdeh1 tərəfindən mədaxil olunan 50000AZN (əlli min manat) satış məbləği Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8 maddəsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin ( yaşayış fondları,həyatyanı sahələr və bağ sahələrinin tutduğu torpaqlar) təqdim edilməsinə görə tutulan vergi məbləği 1144.8 AZN ( Bir min bir yüz qırx dörd manat səksən qəpik ) Satıcı Cavabdeh2 adından Bakı şəhər VD-nə köçürüldüyü üçün, 48855.20 AZN ( Qırx səkkiz min səkkiz yüz əlli beş manat iyirmi qəpik ) təşkil edilmişdir və Satıcı Cavabdeh2 məxaric etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 da apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3 da apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3 vəkili Vəkil3 da apellyasiya şikayətinə etiraz edərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlər məlumat verilməsinə baxmayaraq, notarius Nadir Vədətov məhkəmə prosesinin iştirakı olmadan kesirilməsini xahiş etmiş, digər cavabdehin nümayəndəsi isə səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin 105000 ABŞ dolları məbləğində pul vəsaitinə alqı-satqısına dair şifahi razılıq olmuşdur. İddiaçı bağ evinin alqı-satqısına dair ilk olaraq 5000 ABŞ dolları beh vermiş, pulun qalan hissəsini isə aralarında olan razılaşmaya əsasən hissəhissə olmaqla ödəməli, əvəzində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evini iddiaçının adına rəsmiləşdirməli idi. İddiaçı aralarında olan şifahi razılıq əsasında üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Cavabdeh2 oğlu Cavabdeh3 105000 ABŞ dolları məbləğində pul vəsaitini 30.03.2012-ci il tarixədək hissə-hissə olmaqla ödəmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ilə aralarında olan şifahi razılığa əməl etməyərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evini iddiaçının adına rəsmiləşdirməmişdirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evini digər Cavabdeh1 Ağabağır oğluna 50000 manata satmışdır. Cavabdeh1 Ağabağır oğlu öz növbəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinə dair müvafiq çıxarış almışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izahatda bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alqı-satqısına dair notariat kontorunda müqavilə bağlanan zaman, o, notariusun bankda açdığı depozit hesabına heç bir pul vəsaiti ödəməmişdir. Notariusun bankda açdığı depozit hesabına Cavabdeh3 50000 manat pul vəsaitini ödəmiş və özü də həmin pulu həmin hesabdan çıxarmışdır. Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alqı-satqısına dair bağlanmış AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, tərəflər arasında bağlanmış müqavilə nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alınması məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin AN-İ seriyalı, ******* saylı, 19.10.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin iddiaçı ilə bağlanmış hesab olunması hissəsinə gəldikdə isə qeyd edir ki, sözügedən alqı-satqı müqaviləsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlandığından və həmin müqavilə etibarsız hesab olunduğundan, müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edildiyindən və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alınması məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 alınaraq iddiaçıya ödənilməli olduğundan iddia AN-İ seriyalı, ******* saylı, 19.10.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin iddiaçı ilə bağlanmış hesab olunması hissəsində təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə cavabdeh Cavabdeh1 şikayəti üzrə iddianın təmin edilən hissəsində yoxlanılır, mübahisələndirilməyən hissə isə yoxlanılmır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, cavabdehlər Cavabdeh2 mübahisəli bağ evini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal Cavabdeh2 həmin bağ evini İddiaçı deyil, qardaşı Cavabdeh1 satılmasının həqiqi olub-olmaması, bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Əlbətdə, Cavabdeh2 mülkiyyətində olan bağ evini istənilən şəxsə satması qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də bağ evinin Cavabdeh1 satılmasında Cavabdeh2 həqiqi iradə ifadəsi olsaydı, ən azından bağı evinin pulunu ona ödəmiş İddiaçı bu əqdə münasibətini öyrənə bilərdi. Lakin müqaviləni bağ evinin pulunu ona ödəmiş şəxslə deyil, kənar şəxslə bağlaması digər hallar kimi iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki, həqiqətən iddiaçının bu əqdin bağlanmasına razılıq verməsi təkzib olunur. İkincisi, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin işin faktiki hallarından və tərəflərin izahatlarından Cavabdeh2 mübahisəli bağ evini həqiqətən Cavabdeh1 satmasında iradə ifadəsinin olması təsdiq olunmur. Çünki, ən azından Cavabdeh2 bağ evinin pulunu ona Mübariz Əzhmədov deyil, İddiaçı ödədiyini dəqiq bilir və bunu nəinki o, heç Cavabdeh1 da mübahisələndirmir. Bu cür vəziyyətdə Cavabdeh2 etibarsız əqd əsasında bağ evini dəyərini ona ödəməmiş şəxsə satmaqda məqsədi nə ola bilərdi. Əlbətdə ki, hansısa məqsəddən söhbət gedə bilməz, çünki, ən azından bağ evinin dəyərini ona ödəmiş iddiaçının ondan bağa görə verdiyi pulu tələb edə biləcəyindən çəkinərdi. Həmçinin, iddiaçının bağ evinə dair alqı-satqı müqaviləsini Cavabdeh1la bağlanmasına dair hansısa formada razılıq yaxud Cavabdeh1 belə bir səlahiyyət verməməsindən məlumatlı olmuşdur. Üçüncüsü, mübahisə predmeti olan bağ evinə dair iddiaçının və Cavabdeh2 iradəsinə zidd alqı-satqı müqaviləsi bağlanması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Sadəcə baş vermiş hadisədən 1 ildən artıq vaxt keçməsi əsası ilə iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də mübahisəli bağ evinin etibarsız əqd əsasında mülkiyyət hüququnun Cavabdeh1 adına qeydə alınması həmin bağ evi üzərində sonuncunun mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi iddiaçının bağ evinin Cavabdeh1 adına qeydə alınmasına, başqa sözlə alqı-satqı müqaviləsinin sonuncu ilə bağlanmasına razılıq verməmişdir. Dördüncüsü, apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayır ki, alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək üçün kəsici müddətin ötürülməsi hazırki iddiaya aid deyildir. Çünki, hazırki iş üzrə kəsici müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, mübahiəsli bağ evinə dair bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər.(MM. mad. 354.1) Lakin iddiaçının hazırki iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(MM.m.337.3, 337.4).Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi ilə əhəmiyyətsiz(puç) əqd dönüb bir ildən sonra etibarlı əqdə çevrilməsinə səbəb olacaqdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Beşincisi, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə də mübahisəli bağ evinə görə Cavabdeh1 tərəfindən satıcı Cavabdeh2 hansısa məbləğdə pul ödənilmədiyinə görə müqavilənin əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də iddiaçının Cavabdeh1 hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqavilə etibarlı hesab edilə bilməzdi. Əgər belə olsaydı iddiaçının gələcəkdə Cavabdeh2 qarşı bağ evinə görə ödədiyi 105 000 ABŞ dollarını, Cavabdeh2 isə Cavabdeh1 qarşı mübahisəli bağ evinə dair bağlanmış müqavilənin etibarsızlığını tələb etməli olacaqdır ki, bununla da yeni məhkəmə mübahisələrinin yaranması istər-istəməz ziddiyyətli və münaqişəli halların yaranmasına səbəb olacaqdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı təmin etməkdən başqa çıxış yolu qalmırdı. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı institutunun yaranmasına zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-712/2019 saylı 30 iyul 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2929/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2929/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver