Məhkəmə qərarları › İş №2(103)-2930/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2930/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2930/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi-vəkil X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə ödənilməli olan 38.000 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 38.030 (otuz səkkiz min otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2013-cü il tarixdə 42.000 manat məbləğində borc vermişdir. Cavabdeh ondan borc alarkən həmin pulu kommersiya məqsədi üçün aldığını və borcu tezliklə qaytaracağını bildirmişdir. Lakin borc verilməsindən uzun müddət keçməsinə və borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Nəhayət cavabdeh tərəfindən alınan borcu və onun borcu qaytarmaq barədə vədlərini rəsmiləşdirmək barədə ümumi razılığa gələrək xx.xx.2017-ci il tarixdə aralarında Bakı şəhəri 51 saylı X6 tərəfindən təsdiq edilmiş 42000 manat məbləğində “Borcun etirafı haqqında” müqavilə bağlanılmışdır.Qeyd edilən “Borcun etirafı haqqında” müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh müqavilədə göstərilən məbləğ, yəni 42.000 manat borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə müqavilədə göstərilən müddətin başa çatmasına baxmayaraq, onun tərəfindən müqavilədə göstərilən borc məbləğindən hər hansı ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə də öhdəliyini icra etməmiş və bunu maddi vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışmışdır ki, bu da onda cavabdehin müqavilə üzrə öhdəliyini bundan sonra da icra edə bilməyəcəyi barədə əsaslı şübhələr yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli, onun iştirakı olmadan araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında borc müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh 42.000 manat məbləğində borc pul vermişdir, Cavabdeh xx.xx.2013-cü il tarixdə İddiaçı 42.000 manat məbləğində borcu pul aldığını etiraf etmiş, Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 42.000 manat borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixdə 42000 manat məbləğində borc pul verilmiş və cavabdeh həmin borcun qaytarılmasını öhdəsinə götürsə də, həmin borcu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması tələb olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. xx.xx.2017-ci il tarixdə tərəflər mövcud olan borcun rəsmiləşdirilməsi ilə bağlı razılığa gəlmişlər və Bakı şəhər 51 saylı X2r arasında 42000 manat borcun etirafı barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 42000 manat məbləğində pulun xx.xx.2020- ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin həmin müddət başa çatdıqdan sonra da cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni etiraf etdiyi 42000 manat məbləğində borcun iddiaçıya qaytarmamışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehə verilən borcun bir hissəsi iddiaçı tərəfindən bankdan götürülən dollarla kredit müqaviləsi əsasında verilən pul məbləği olmuş və dövlət tərəfindən devalvasiya nəzərə alınmaqla həmin kreditə görə iddiaçıya 4000 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsindən imtina etdiyindən, iddiaçı həmin borcun məhkəmə qaydasında tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Lakin həmin borcun 4000 manat hissəsi iddiaçıya ödənildiyindən, hazırkı tələb yalnız borcun 38000 manat pulun tutulması hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən borcun etirafı barədə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi təsdiq olunduğundan işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar