Məhkəmə qərarları › İş №2(103)-2931/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2931/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2931/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aşıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı Aşıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş Bankın səlahiyyətli nümayəndəsi, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi barədə müqavilə” çərçivəsində bağlanmış “Razılaşma” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.266,08 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.579,49 manat, kredit borcunun ödənilməsinin gecikdiriləməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə əsasən tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3.898,6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 135 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2018ci il tarixdə “Bank xidmətlərinin göstərilməsi barədə müqavilə” bağlanmışdır. Cavabdeh, həmin müqavilə çərçivəsində onunla Bank arasında bağlanmış “Razılaşma” əsasında illik 22,8 faiz dərəcəsi ilə Bankdan 10.000 manat məbləğində pulu borca götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və əsas kredit borcuna hesablanacaq faiz borcu aybaay, hissə-hissə 36 ay ərzində Banka qaytaracaq. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini qaytarmış, qalan hissəsini qaytarmamış və bunun nəticəsində cavabdehin Banka 8.266,08 manat məbləğində əsas, 2.579,49 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank, onunla cavabdeh arasında bağlanmış “Müqavilənin” və “Razılaşmanın” şərtinə əsaslanaraq cavabdehə 3.898,6 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 135 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilən məbləğlər cavabdehdən tutularaq Banka ödənilməlidir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək işə baxmış Rayon Məhkəməsinə ərizələr verərək, əsas və faiz borcu üzrə yaranmış borcun ödənilməsi barədə iddia tələbi ilə razı olduğunu, lakin hesablanmış cərimə borcunun məbləğinin azaldılmasını və hər bir halda iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin Banka olan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.266,08 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.579,49 manat, kredit borcunun ödənilməsinin gecikdiriləməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılmasını, azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 389,86 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 135 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu olan cavabdehin kreditor olan iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli rəy və cavabdehin özünün bildirdiklərinə əsasən müəyyən edilir. Bundan başqa həmin rəy ilə təsdiq edilir ki, cavabdehin iddiaçı Banka olan əsas və faiz borcları məhz Bankın iddia ərizəsində qeyd edilən məbləğdədir. Buna görə də, cavabdehdən iddiaçı Bankın xeyrinə əsas kredit və faiz borcu iddia ərizəsində qeyd edilən məbləğdə tutulmalıdır. Lakin cavabdehdən Bankın xeyrinə tutulması tələb olunan 3.898,6 manat məbləğində cərimə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yüksəkdir. Bu səbəbdən də, cərimi borcunun məbləği azaldılmalı və cərimə borcunun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı bankın xeyrinə 389,86 manat məbləğində pul tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin cərimə borcunun ödənilməsi barədə tələbin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və cərimə ilə bağlı tələbin tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi cərimə ilə bağlı tələb üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və həmin tələbi qismən təmin etməklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. İş üzrə iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmamasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həhəddi barədə məlumat

10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Bankın apellyasiya şikayətiin məzmunundan isə görünür ki, Bank iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, borclu olan cavabdehin kreditor olan iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi işin aşkar və mübahisəsiz halını təşkil edir və Bank, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsinə əsaslanaraq, onunla cavabdeh arasında bağlanmış “Müqavilənin” və “Razılaşmanın” şərtinə əsaslanaraq cavabdehə 3.898,6 manat məbləğində cərimə (dəbbə) hesablamış və hazırki iddia, habelə apellyasiya şikayəti ilə məhz həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə hesablanmış cərimə borcunun məbləğinin azaldılmasını xahiş etmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, cərimə borcunun məbləği azaldılmalı və cərimə borcunun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı bankın xeyrinə 389,86 manat məbləğində pul tutulmalıdır. İddiaçı Bank da Rayon Məhkəməsinin bu nəticəsini əsaslı hesab etmir.

15. Məhkəmə apellyasiya şikayətinin ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) məbləği ilə bağlı dəlilini də əsaslı hesab etmir.

16. Belə ki, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) azaldılmış məbləğdə cavabdehdən tutulması barədə Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimə borcu kreditor olan Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yüksəkdir.

17. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

18. Göründüyü kimi, Rayon Məhkəməsi qeyd edilən maddi hüquq normalarına əsaslanaraq dəbbə ilə bağlı müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır.

19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Aşıq Səhmdar Cəmiyyətinin Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar