Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2935/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, cavabdehə 10300 manat borc pul vermiş, cavabdeh pulu qaytarmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək borcun 2600 manat qaldığını bəyan edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10300 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hər gecikdirilməsinə görə 5 faiz olmaqla 16 ay ərzində 687 manat olmaqla ümumilikdə 10987 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Rusiyada biznes fəaliyyəti ilə (ticarətlə) məşğul olan X6, 2021-ci ilin əvvəllərində ona zəng edərək Bakıdan ona yük maşınları vasitəsilə pomidor göndərən Yaqubov Abdulla və Cavabdeh adlı şəxslərlə tanış olmağını və maşınların yüklənməsi prosesinə nəzarət etməyini istəmişdir. İddiaçıda Yaqubov Abdulla və Cavabdehla görüşüb tanış olmuşdur. Onlarla birlikdə pomidor yetişdirilən istixanaya getmiş və pomidor yükləyərək məhsulu Qazaxıstan vasitəsilə Rusiyaya bazarına göndərmişlər. Yük maşınlarından biri sərhədi keçə bilsə də, digər 3 maşın keçə bilməmişdir. Geri qaytarılan məhsulun yarı hissəsini Azərbaycanda satmışlar. Məhsulu satdıqdan sonra Elxan, Ayaz və Abdulla satışdan kimə nə qədər pul veriləcəyini müəyyənləşdirmişlər. Bundan sonra məhsul olan maşınları yenidən Rusiya bazarına göndərmək istəmişlər. Həmin vaxt onların avtomaşınlara pomidor yüklətdirmək üçün pulları bəs etmədiyinə görə iddiaçıdan qısa müddətə borc pul istəmişlər. İddiaçıda həmin şəxslərin pomidor yükünü Elxana göndərəcəyini və avtomaşınların geri boş qayıtmaması üçün 5000 (beş min) manat pul tapıb Nərimanov metrosu yaxınlığındakı parkda Abdullaya vermişdir. Həmin vaxt Abdullanın yanında şəriki Nicat və Ayaz da var idi. Bundan 3-4 gün sonra isə yenə də həmin parkda Ayazla görüşüb birlikdə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-yə gedərək orada 10000 (on min) manat pulu cavabdehə vermişdir. Ayaz da pulu MMC-də işləyən X5 vermişdir. Bundan 3-4 gün sonra Ayaz ona zəng edərək 300 (üç yüz) manat pulun çatmadığını dedi və iddiaçı 300 manatı həmin parkda görüşüb ona vermişdir. İddiaçı Ayaz və Abdullaya ümumilikdə 15300 (on beş min üç yüz) manat pul vermişdir. Lakin avtomaşınların pomidorla yüklənmədiyini biləndə o, Əliyev Zeynalın yanına getmiş və o iddiaçıya Abdulla, Ayaz və Nicatın ona köhnədən olan borcunu bağlamaq üçün pul verdiyini demişdir. İddiaçı Abdulla və Ayazın onu aldadaraq pulunu ələ keçirdiyini anlamışdır. İddiaçı Abdullaya vermiş 5000 manata görə və Ayaza verdiyi 10300 manata görə onlar iltizam yazaraq şahidin iştirakı ilə imzalayıblar. İddiaçıdan aldığı pulu qaytarmadığına görə X3 qarşı Göyçay rayon Məhkəməsində qaldırdığı iddia məhkəmə tərəfindən təmin olundu. Cavabdeh isə bu günə qədər iddiaçını aldadaraq 10300 manatı verəcəyini desə də bu barədə heç bir hərəkətlilik göstərməyərək borcu vermək istəmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(005)- 156/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6850 (altı min səkkiz yüz əlli) manat və 399.5 (üç yüz doxsan doqquz manat əlli qəpik) manat faiz borcu tutularaq İddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 14.1, 329.2, 329.2, 329.3, 385.1, 386.1, 442, 443.1, 445.7, 448.1, 740.1, 740.2-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, hazırda cavabdehin tərəflər arasında razılaşma üzrə qalıq borcunun 6850 manat olması müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi xx.xx.2021-ci il müəyyən edildiyindən hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə dair illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat =399.5) manat qəbul edilməklə cavabdehdən tutulmalıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdeh: Cavabdeh borcun 7700(yeddi min yeddi yüz) manat məbləğində hissəsini ödəməsi nəzərə alınaraq, ondan 2600(iki min altı yüz) manat ödənilməmiş qalmış borcun tutularaq, İddiaçının xeyrinə ödənilməsi ilə bağlı yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən faizin tutulması tamamilə qanunsuzdur o səbəbə görə ki, cavabdeh iddiaçıdan pulu borca götürməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh birgə kommersiya işində birlikdə gördükləri işdən uğradıqları maddi ziyanı ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı da bu haldan suiistifadə edir və məhkəmə də əsassız olaraq onun tamamilə qanunsuz iddialarını təmin edir. Məhkəmə baxışının gedişində İddiaçı bildirmişdir ki, onun xahişi əsasında, 2021-ci ilin dekabr ayının əvvəllərində cavabdeh 500 ABŞ dolları məbləğində pulu, yəni 30.000 rus rublunu iddiaçının şəxsi xahişinə uyğun olaraq, iddiaçının oğlu X4 adına olan 5103 0714 9477 8786 Kapital Bank pul kartına köçürmüşdür və ona, ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10300(on min üç yüz) manat məbləğində olan puldan cavabdehin iddiaçıya 5650 (beş min altı yüz əlli) manatını tamamilə ödəməsini etiraf etdi, lakin bu zaman bildirdi ki, 500 ABŞ dolları məbləğində pul, yəni 30.000 rus rublu iddiaçının şəxsi xahişinə uyğun olaraq, cavabdeh tərəfindən iddiaçının oğlu X4 adına faiz kimi qaytarılmışdır. Ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10300(on min üç yüz) manat məbləğində olan puldan cavabdeh iddiaçıya açıq şəkildə tamamilə sübut olunanı 7700(yeddi min yeddi yüz) manat məbləğini tamamilə ödəmişdir. Ödədiyi qalan məbləğlərin qeydiyyatlarını dəqiq aparmadığından və sübutları toplamadığından, sübut edə bilmir. Lakin ən pis halda ödənilməmiş qalan məbləğ ən çox pis halda 2600(iki min altı yüz) manat təşkil edir və həmin məbləği də o, iddiaçıya ödəməyə hazırdır. Lakin iddiaçının məhkəmələrə yalan məzmunlu iddialarla müraciət etməsi, o cümlədən bir dəfə verilmiş pulu bir neçə dəfə almaq istəməsi bu prosesi dayandırmışdır. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi 20 aprel 2021-ci il müəyyən edildiyindən hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə dair illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat =399.5) manat qəbul edilməklə cavabdehdən tutulmalıdır. İddiaçı apellyasiya şikayətinə dair etirazla məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti qanunsuz və əsassızdır, şikayətdə qeyd etdikləri fikirlər heç bir sübutedici sənədlə sübuta yetirilə bilməz və məhkəmənin gedişatını uzatmaq üçün verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, sonuncu məhkəmə iclasında isə cavabdeh tərəf iştirak etməmiş və işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək,təmin edilməməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, o, hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, cavabdehə verdiyi pulu borc məqsədilə vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlə şifahi razılaşmaları əsasında 10300 manat borc pul verilmiş, cavabdeh tərəfindən verilmiş iltizamda iddiaçıdan aldığı 10300 manat borcu xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmiş, daha sonra cavabdeh qeyd olunan borcu razılaşma üzrə vaxtında tam olaraq geri qaytarmamışdır. Belə ki, iddiaçının tələbi üzrə göstərilən borcun cəmi 3450 manatı (xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2021-ci il tarixddə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla) cavabdeh tərəfindən ödənilmişdir. Hazırki vaxtadək cavabdeh tərəfindən borcun qalan hissəsi ödənilməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərindən Nərimanov RPİnə şikayət vermişdir. Nərimanov RPİ tərəfindən xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Həmçinin işin materiallarından görünür ki, cavabdeh iddiaya etiraz etsə də iddiaçıya 10300 manat borcu olmasını etiraf etmiş, lakin bu borcu idiaçının kart hesabına ödəməsini göstərərək iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətində isə ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10300 (on min üç yüz) manat məbləğində olan puldan cavabdeh iddiaçıya açıq şəkildə tamamilə sübut olunanı 7700 (yeddi min yeddi yüz) manat məbləğini tamamilə ödəməsini, ödədiyi qalan məbləğlərin qeydiyyatlarını dəqiq aparmadığından və sübutları toplamadığından, sübut edə bilməməsini, lakin ən pis halda ödənilməmiş qalan məbləğ ən çox pis halda 2600(iki min altı yüz) manat təşkil etməsini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində ödənilən məbləğin düzgün hesablanmamasını göstərməklə bunu onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdəki 1000 manat ödədikdən sonra 2021-ci ilin iyul ayında 200(iki yüz) manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin yaxınlığında iddiaçıya verməsini, sonradan 2021-ci ildə tarixi yadında qalmayan tarixdə Kapital bank vasitəsi ilə cavabdeh 150(yüz əlli) manat məbləğində pulu, 2021-ci ildə tarixi yadında qalmayan tarixdə Kapital bank vasitəsi ilə 1000(min) manat məbləğində pulu, 2021-ci ildə tarixi yadında qalmayan tarixdə Kapital bank vasitəsi ilə 1000(min) manat məbləğində pulu İddiaçı pul kartına köçürməsini, 2021-ci ilin iyul ayının sonunda Bakı şəhərinin N.Nərimanov metrosunun yaxınlığındakı çayxanada tarixi yadında qalmayan gündə 1000(min) manat məbləğində pulu İddiaçı şəxsən verməsini, İddiaçı xahişi əsasında, 2021-ci ilin dekabr ayının əvvəllərində isə 500 ABŞ dolları (o vaxtkı kursla 850 manat) məbləğində pulu, yəni 30.000 rus rublunu iddiaçının şəxsi xahişinə uyğun olaraq, onun oğlu X4 adına olan 5103 0714 9477 8786 Kapital Bank pul kartına köçürməsini, cəmi 4250 (üç min iki yüz əlli) manat pulu iltizamda qeyd olunanlardan əlavə cavabdeh tərəfindən iddiaçıya ödənilməsini iddiaçının bu halı məhkəmədə etiraf etsə də, lakin məhkəmə bunu nəzərə almamasını göstərmişdir. Belə ki, kollegiyanın qənaətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində iddiaçıya əlavə olaraq 4250 (üç min iki yüz əlli) manat pul ödəməsinə dair dəlilləri iddiaçı tərəfin izahatları və təqdim etdiyi kredit müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olunun ödəniş qrafikinin məzmunu ilə təkzib edilir. Belə ki, iddiaçının apellyasiya şikayətinə etirazından və təqdim olunan sənədlərdən görünür ki, cavabdeh 500 ABŞ dolları (30000 rubl) pulu onun oğlu X4 adına bankdan götürülərək ona verlmiş pulun bank faizi kimi onun kartına yükləmişdir Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının oğlu ilə aralarında sonuncunun adına götürülmüş kredit müqaviləsi ilə bağlı olan, davam edən münasibətlərin cavabdehin iddiaçının özünə münasibətdə olan borc münasibətlərinə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, cavabdehin iddiaçının oğlunun kart hesabına pul ödəməsi halı özünün iddiaçıya olan borcundan ödənilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin onun tərəfindən təsdiq olunmuş iltizamın arxasında olan qeydiyyatda xx.xx.2021-ci ildə ödənilmiş 1000 manatdan əlavə xx.xx.2021-ci ildə də 1000 manat ödəməsi ilə bağlı dəlilinə məhkəmə kollegiyası qiymət verərək əsassız hesab edir. Belə ki, cavabdeh bu dəlilili iş materiallarında olan bank çıxarışında xx.xx.2021-ci il tarixində ödənişin aparılmasının qeyd olunması ilə əsaslandırır. Lakin iş materiallarında olan bank çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə hesaba 1000 manat-birbank tətbiqi vasitəsilə kartdan kartda köçürülmə əməliyyatı aparılaraq mədaxil olmuş (iş vərəqə 105) və xx.xx.2021-ci il tarixdə isə həmin məbləğ bankomat vasitəsilə nağdlaşdırılmışdır. xx.xx.2021-ciildə çıxarılmış 1000 manat xx.xx.2021-ci il tarixdə 1000 manat ödənişdən sonra ödənilmiş əlavə 1000 manat kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 3450 manat məbləğində puldan başqa 2021-ci ilin may ayından sonra ümumilikdə 4250 manat pulu müxtəlif tarixlərdə ödəməsinə dair bildirdikləri heç bir sübut növü ilə təsdiqlənmədiyindən məhkəmə kollegiyası hesab edir ki, buna dair apellyasiya şikayətinin dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən aparılan ödənişlərin qeydiyyatını aparmış və bu qeydiyyatı həmçinin cavabdeh tərəf də apellyasiya şikayətinin məzmununda əks etdirmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əlavə ödənişlər əvvəlki ödənişlər kimi onun tərəfindən təsdiq olunmuş iltizamın arxasında olan qeydiyyatda əksini tapdığı halda onun dəlillərinin əsaslı olmasına hüquqi qiymət verilə bilərdi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh özünün tərəfindən təsdiq edilmiş iltizam üzrə göstərilmiş müddətdə öhdəliklərini tam yerinə yetirmədiyindən onun tərəfindən iltizamda göstərilmiş borc məbləğinin cəmi 3450 manat hissəsi ödənilsə də, qalan 6850 manat hissəsinin ödənilmədiyi üçün həmin məbləğin, eləcə də cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat =399.5) manat cavabdehin iddiaçının xeyrinə tutulmalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, 08 fevral 2023cü il tarixli qətnaməsi təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə