Məhkəmə qərarları › İş №2(103)-2935/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2935/2025

27.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2935/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:maneənin aradan qaldırılması, icarə müqaviləsinin ləğvi, icarə haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Vəkil5 və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil4 Vəliyəddin oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 21 dekabr 2019-cu il tarixdə tərəflər aralarında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ni (223.3 kv.m anbar, 223.3 kv.m ticarət sahəsi) iddiaçıya icarəyə vermişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2049-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti 1 il müddətinə uzadılmış hesab olunur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən icarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən İcarəyə verən - Cavabdeh1 öhdəsinə götürür ki, icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə bütün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq İddiaçı qaytaracaq.

2. Cavabdeh1lə Nuriyev İlkin arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 300 kv.m hissəsini X4 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

3. 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış binasının 212 kv.m hissəsini X4 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

4. İlkin Nuriyev tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə Nuriyev İlkin tərəfindən cavabdehə 2700, xx.xx.2022-ci il tarixdə 1800 manat məbləğində pul ödənilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı iddia tələbi təmin edilərək Cavabdeh1 ilə X5 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, X3, ona məxsus əşyaları ilə birlikdə, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, X1 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı məbləğinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə X5 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə istinad edilmişdir.

6. Həmin qətnamədən cavabdeh İlkin Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2-2(103)-575/2023 nömrəli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın 9900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14400 manat icarə haqqı borcunun tutulması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 həmin iş üzrə cavabdeh İlkin Nuriyeva qarşı irəli sürdüyü iddianın “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi üzrə iş üzrə icraata xitam verilməsini qərara almışdır.

8. Cavabdeh1 İlkin Nuriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda aralarında bağlanan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi, icarəyə verilmiş sahədən xeyli artıq sahənin də qanunsuz olaraq istifadə edildiyi bildirilmiş və icarə haqqının ödənilməklə, sahənin 1 ay müddətinə boşaldılaraq ona təhvil verilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalınacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən icarədara məxsus ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçının fəaliyyət göstərməyinə yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən, Cavabdeh1 məxsus qeyri yaşayış-sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Qeyri-yaşayış sahəsi əslində Cavabdeh2 məxsus olsa da, sonuncunun övladı Cavabdeh1 adına rəsmiləşdirlmişdir. Buna görə də, iddiaçı müqaviləni Cavabdeh1 ilə bağlamışdır. İddiaçı qeyri-yaşayış sahəsini istifadəsinə qəbul etdikdən sonra oranı təmir etdirmiş və işlətməyə başlamışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, icarə haqqını ödəməsinə, icarə haqqı ilə bağlı borcunun olmamasına baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirmir, iddiaçının icarə obyektindən istifadə etməsinə maneələr yaradırlar. Cavabdeh1 kommunal xidmətlər göstərən müəssisələrə müraciət edərək icarə obyektinə qazın verilməsini dayandırmışdır. İddiaçı maneələrin aradan qaldırılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh1 öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, iddiaçının əşyaları ilə birlikdə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “İcarə müqaviləsi” iddiaçı ilə bağlansa da, müqavilənin şərtləri ilə bağlı bütün müzakirələr iddiaçının oğlu Elnar Əliyev ilə aparılmışdır və obyekt hazırda da onun tərəfindən istifadə olunur. İddiaçı tərəfindən hər hansı məbləğdə icarə haqqı ödənişi edilməmişdir. Elnar daha sonra “İcarə müqaviləsinin” Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan X5 ilə bağlanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 24 saylı Notariat Ofisində, ümumi sahəsi 623,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 212 kv.metr hissəsinə dair onunla “İcarə müqaviləsi” bağlanmışdır. Aylıq icarə haqqının müqavilədə 900 manat olaraq göstərilməsini Elnar istəmişdir. Əslində isə şifahi razılaşmaya görə aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur. Elnar icarə götürülən sahənin ölçüsünün və icarə haqqının məbləğinin az göstərilməsini ödəyəcəyi vergi məbləğinin az olmasını istəməsi ilə əlaqələndirmişdir. Sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə 1 ay ərzində icarə obyektinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Lakin icarə obyekti boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə sahədən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(008)- 1121/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia isə rədd olunmuşdur.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icarə münasibətləri Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinə əsasən yaranmış və davam etməkdədir. Müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə X5 arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış icarə müqavilələri ən azından ona görə əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik deyillər ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi hazırkı vaxta kimi qüvvədə olmaqla ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Sonuncu iki müqavilənin predmetini də 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin predmeti təşkil edir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il və 21 dekabr 2020-ci il tarixlərində özünə məxsus sahəyə dair icarə müqavilələri bağlayarkən onunla İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsinin qüvvədə olmasını bilirdi və qanunvericilikdə müqavilə tərəfinin digər tərəfə yeni müqavilənin bağlanması ilə əvvəlkinin qüvvədən düşməsi barədə şifahi qaydada razılaşdırılması ilə müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Belə ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsaən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müəyyən edilmişdir ki, İddiaçı 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğvi barədə yazılı ərizə ilə müraciət etməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 X4 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi iddiasını irəli sürərkən onun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m hissəsi ilə bağlı bağlanmış icarə müqaviləsinin qanuniliyini mübahisələndirməmişdir. Halbuki, Cavabdeh1 X4 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin predmeti də 623.2 kv.m olan qeyri-yaşayış sahəsi tam deyil, onun 212 kv.m hissəsi olmuşdur. Cavabdeh1 icarə münasibətlərini məhz X5 ilə qurmuşdursa və sonuncunun da onun qarşısında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi əsasında məsuliyyət daşıyıcısı hesab edirdisə, İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqaviləsini hazırki qarşılıqlı iddiası ilə qanuniliyini mubahisələndirməsi onun X5 ilə bağladığı icarə müqavilələrinin formal və hüquqi qüvvəyə malik olmamasını təsdiq etməsinə bir növ dəlalət edir. Müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi üzrə ilk iddiaçının fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılmış və o, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehin hazırki iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır. Məhkəmə ilk iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, 21 dekabr 2019- cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 qadağan edilməsi barədə ilk iddia tələbləri əsaslıdır. Qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, işin araşdırılmış hallarından, eləcə də ilk iddia tələblərinə verilən hüquqi qiymətdən də görünür ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. Bu isə bağlanmış müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas vermir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 422.1, 422.4, 425.1, 425.2 və 700.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə sahənin 1 ay müddətinə boşaldaraq təhvil verilməsi xahiş olunmuşdur. İcarə sahəsi İlkin Nuriyev tərəfindən boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Lakin məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan, iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 3 sentyabr 2024-cü il tarixli, 2(103)-237/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 456/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

22. İddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

23. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat orqanında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Maddə 700.1. icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirlmiş icarə haqqı ödəməyə borcludur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında tam ləğv edildiyindən, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhz o halı tərəflərlə müzakirə edərək araşdırmalı idi ki, müəyyən etdiyi icarə haqqı məbləği nəzərə alınmaqla iddia verilən tarixə, yəni xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.1 və 685.2.2-ci maddələrində nəzərdə tutulmuş və Cavabdeh1 tərəfindən müqavilənin ləğvinə əsas verən hallar mövcud olub, ya yox. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmayıb. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icarə haqlarının ödənilib-ödənilməməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqəsini əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi icarəçinin iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin və ya ikidən çox müddət üçün iki aylıq icarə haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilib-gecikdirilməməsini müvafiq araşdırma nəticəsində müəyyənləşdirməklə, müəyyənləşdirilən hallara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 685.2.1 və 685.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi qiymət verməli idi. Kommersiya mübahisəsi kimi baxılmış iş üzrə müəyyənləşdirilmiş ödəmələrin hazırkı iş üzrə də nəzərə alınmalı olmasını apellyasiya instansiyası məhkəməsi əsaslandıra bilməmişdir.

30. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq yeni apellyasiya baxışı zamanı qeyd olunan halları araşdırdı və aşağıdakıları müəyyən etdi:

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri yaşayış binasına dair hazırkı iş üçün əhəmiyyəti olan 2 icarə müqaviləsi bağlanmışdır. 1) 21 dekabr 2019-cu il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi (tam hissə, 446,6 kv.m sahə üzrə aylıq 900 manat olmaqla xx.xx.2049-cu il tarixinədək); 2) 21 dekabr 2020-ci il tarixdə Cavabdeh1 ilə X5 arasında imzalanmış icarə müqaviləsi (212 kv.m sahə üzrə aylıq 900 manat olmaqla xx.xx.2049-cu il tarixinədək).

33. Cavabdeh1 ilə X5 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi artıq müqavilə tərəfləri arasında yaranmış və Bakı Kommersiya Məhkəməsində baxılmış başqa məhkəmə mübahisəsinin predmeti olmuş və həmin iş üzrə müvafiq qərar qəbul edilmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı 30 mart 2023-cü il tarixli qətnaməsi ilə mübahisəli 212 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 iddiası təmin edilərək cavabdeh X3 ona məxsus əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehdən xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-575/2023 nömrəli qətnaməsi ilə ödənilməli olan 24.300 manatlıq icarə haqqının məbləği azaldılaraq 14.400 AZN müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, kommersiya məhkəməsində baxılan həmin iş üzrə müəyyən edilən faktların (halların) hazırkı iş üçün hər hansı preyudisiallığı yoxdur. Belə ki, kommersiya işində mübahisə tərəfləri Cavabdeh1 və İlkin Nuriyev olmuş, hazırkı işdə iddiaçı olan İddiaçı isə həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Bu baxımdan kommersiya mübahisəsi üzrə çıxarılmış qətnamə ilə müəyyən edilən hallar İddiaçı münasibətdə hər hansı preyudisiallıq keyfiyyəti daşımır.

35. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən maddənin məzmununa görə preyudisiya mexanizmi yalnız “həmin şəxslərin iştirak etdiyi başqa mülki işdə” tətbiq olunur. Əgər şəxs prosesə cəlb olunmayıbsa, bu halda qətnamənin qanuni qüvvəsi ona şamil olunmayacaqdır. Belə qətnamə ilə müəyyən olunan hallar bu şəxsə münasibətdə preyudisiya keyfiyyəti əldə etməyəcəkdir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilər.

36. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi nəticəni əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə çıxardığı qətnamədə icarə münasibətlərinin Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən yarandığı, həmin müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixli icarə müqavilələrinin əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik olmadığı qənaətinə gəlmişdi.

37. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərlə razılaşaraq hesab edir ki, tərəflər arasında icarə münasibətlərindən yaranmış bu mübahisəyə qiymət vermək üçün ilk növbədə həmin münasibətlərin xarakteri və eləcə də irəli sürülən tələblərin faktiki və hüquqi əsası müəyyən edilməlidir.

38. İddiaçı tələbinin faktiki əsası kimi 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə istinad etməklə icarə hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən maneə yaradıldığını bildirir və bu maneənin qadağan olunmasını tələb edir.

39. Cavabdeh1 isə bununla razılaşmayaraq qarşılıqlı iddia vermiş və İddiaçı tərəfindən icarə haqqının ödənilmədiyini əsas gətirərək icarə müqaviləsinin ləğv edilməsini, sahənin boşaldılmasını, ona təhvil verilməsini və qətnamə icra olunan tarixədək ödənilməmiş icarə haqqının ödənilməsini tələb edir.

40. Göründüyü kimi, hər iki tərəf tələbinin faktiki əsası kimi müqavilə şərtlərinin yerinə yetirilməməsinə istinad edir. İddiaçı cavabdeh tərəfindən icarə predmetindən istifadəyə manelər yaradıldığını, cavabdeh (qarşılıqlı iddiaçı) isə icarə haqqının ödənilmədiyinə və bu əsasla icarə münasibətlərinə birtərəfli qaydada xitam verilməsinə istinad edir.

41. Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1 və 421.2).

42. Mülki Məcəlləyə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında da göstərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

44. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə düzgün hüquqi qiymət vermək üçün ilk öncə mübahisəli qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqının dəqiq məbləği və bu məbləğin ödənilib-ödənilmədiyi müəyyən edilməlidir. Belə ki, digər tələblərə verilən qiymət məhz bundan asılı olacaqdır.

45. Müqavilənin mətnində aylıq icarə haqqı 900 manat göstərilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində bu məbləğin simvolik olduğunu, iddiaçının vergidən yayınmaq istəyinə uyğun olaraq bu şəkildə qeyd edildiyini, əslində icarə haqqı məbləğinin daha çox olduğunu bildirmiş, müqavilə üzrə danışıqların iddiaçının özü ilə yox, oğlu Elnar Əliyevlə aparıldığını göstərmişdir. Qarşılıqlı iddia ərizəsində aylıq icarə haqqının məbləği konkret göstərilməmişdir. Lakin hazırkı apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi aylıq icarə haqqının qarşılıqlı razılığa əsasən 3500 manat müəyyən edildiyini və müqavilə bağlanarkən iddiaçı tərəfindən ilkin olaraq 60 000 manat, yəni 17 ay üçün (xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək) icarə haqqının ödənildiyini göstərdi.

46. İlk iddia üzrə iddiaçı isə icarə müqaviləsinə istinad edərək aylıq icarə haqqının 900 manat olduğunu göstərmişdir. Hazırkı apellyasiya baxışında da iddiaçının nümayəndəsi icarə haqqının 900 manat olduğunu və bu məbləğə uyğun olaraq hazırda ödənilməmiş icarə haqqı borcunun olmadığını bildirdi.

47. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində müqavilə üzrə danışıqların iddiaçının özü ilə yox, oğlu Elnar Əliyevlə aparıldığını göstərdiyindən birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının oğlu X6 şahid qismində dindirilmiş və o, ifadəsində mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə etdiklərini, Cavabdeh1 atası Cavabdeh2, yəni icarə obyektini faktiki idarə edən şəxsə 2 ilin icarə haqqını, yəni, 60.000 manatı verdiyini bildirmişdir.

48. Elnar Əliyev həmçinin göstərmişdir ki, sonradan tərəflər arasında yaranmış mübahisənin səbəbi mülkiyyətçinin iddiaçıdan 2500 manat yox, 3500 manat istəməsi olub.

49. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 isə ifadəsində Cavabdeh2 və iddiaçının oğlu Elnar Əliyevi tanıdığını, icarə obyektinin icarəyə verilməsi ilə bağlı tərəfləri onun tanış etdiyini, müqavilə bağlanan gün Cavabdeh2 60.000 manat verildiyini, aylıq icarə haqqının 2.500 manata razılaşdırıldığını, İlkin Nuriyevi tanımadığını, ikinci müqavilədən xəbəri olmadığını bildirmişdir.

50. İddiaçı tərəfin təqdim etdiyi səs yazısından da müəyyən edilir ki, həmin danışıq iddiaçının oğlu Elnar Əliyev ilə Cavabdeh2 arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60.000 manat məbləğində verilməsini etiraf edir.

51. MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

52. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, mübahisəli qeyri-yaşayış sahəsinə görə icarə haqqı müqavilədə 900 manat göstərilsə də, faktiki olaraq tərələrin razılaşdırdıqları məbləğ 2500 manat olmuşdur və hazırkı işdə də icarə haqqı məbləği kimi məhz bu rəqəm əsas götürülməlidir. Aylıq icarə haqqının 2500 manat deyil, 3500 manat nəzərdə tutulması Cavabdeh1 (nümayəndəsinin) izahatından başqa işdə olan hər hansı digər sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və MPM-in 88-ci maddəsini rəhbər tutaraq cavabdeh tərəfin izahatını həmin hissədə mötəbər saymır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, icarəyə götürən tərəfindən icarəyə verənə ilkin olaraq 60 000 manat icarə haqqı ödənilməsi işin mübahisəsiz halıdır. Belə ki, bunu hər iki tərəf təsdiq edir.

54. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilənin bağlandığı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövr üçün aylıq icarə haqqı kimi 2500 manatdan hesablanmaqla iki illik icarə haqqı tam ödənilmişdir və həmin dövrə görə İddiaçı Cavabdeh1 ödənilməmiş icarə haqqı borcu yoxdur.

55. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, xx.xx.2021-ci ildən sonra xx.xx.2023-cü il tarixədək, yəni icarə müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia verilənədək İddiaçı tərəfindən icarə haqqı olaraq hər hansı ödəniş edilməmişdir.

56. Göründüyü kimi, Cavabdeh1 iddiasının faktiki əsası, yəni icarə haqqının ödənilməməsi, icarə müqaviləsinin icarəyə götürən tərəfindən pozulması öz təsdiqini tapır və bu hal özlüyündə icarə müqaviləsinin ləğv edilməsi üçün müstəqil hüquqi əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2, 685.2.1, 685.2.2-ci maddələrinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

57. Məhkəmə kollegiyası göstərilənləri, yəni qarşılıqlı iddia tələbinin həm faktiki, həm də hüquqi əsasının öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən, yəni qarşılıqlı iddianın verildiyi tarixdən ləğv olunmuş heab edilməli və xx.xx.2021-ci ildən həmin tarixədək ödənilməmiş icarə haqqı İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır.

58. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, xx.xx.2023-cü il tarixdən sonrakı dövrə görə də aylıq icarə haqqı məbləği əldən çıxmış fayda kimi İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbində həmin məbləğ sadəcə ödənilməmiş icarə haqqqı kimi göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə onun hüquqi əsası Mülki Məcəllənin 21-ci maddəsidir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

60. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iş materiallarına əsasən müəyyən etdi ki, İddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırıldıqdan sonra, yəni məhkəmə mübahisəsinin davam etdiyi vaxt xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 18900 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ qətnamənin icrası zamanı icra məmuru tərəfindən nəzərə alınmalıdır.

61. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən həmçinin müəyyən etdi ki, icarə müqaviləsində obyektin yalnız 446,6 kvm hissəsinin icarəyə verildiyi göstərilsə də, İddiaçı faktiki olaraq obyektin bütün sahəsindən, yəni 623,2 kvm sahədən istifadə edir ki, bu da bir mülkiyyətçi kimi Cavabdeh1 hüquqlarını pozur. Ona görə də mülkiyyətçinin pozulmuş hüququ bərpa edilməli və İddiaçı 623,2 kvm qeyri-yaşayış sahəsindən bütünlüklə çıxarılmaqla sahə boşaldılmalı və mülkiyyətçiyə təhvil verilməlidir.

62. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfinən tanınan və qorunan hüquqdur.

63. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin öz təsdiqini tapdığını və bu əsasla da təmin edilməli olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia öz-özlüyündə əsassızdır və rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə icarə haqqını vaxtında və lazımi qaydada ödəməsə də, bu günədək həmin qeyri-yaşayış sahəsindən istifadə edir və faydalanır.

64. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, eləcə də məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

66. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin olunsun. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi 30 yanvar 2023-cü il tarixdən ləğv olunmuş hesab edilsin. İddiaçı əşyaları ilə birlikdə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasından çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilsin. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün aylıq icarə haqqı 2500 manatdan hesablanmaqla cəmi 32500 (otuz iki min beş yüz) manat ödənilməmiş icarə haqqı məbləği İddiaçı tutulub Cavabdeh1 ödənilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay 2500 manatdan hesablanmaqla pul vəsaiti əldən çıxmış fayda kimi İddiaçı tutulub Cavabdeh1 ödənilsin və bu zaman İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə 18900 manat ödəniş edilməsi nəzərə alınsın. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı tutulub Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar